Ombudsmandan Sumqayıt sələfilərinə cavab

Ombudsmandan Sumqayıt sələfilərinə cavab
  21 Noyabr 2014    Oxunub:2259
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova sələfilərin Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı iddialarına cavab verib.
E.Süleymanova AzVision.az-a açıqlamasında sələfilərin Sumqayıt Şəhər Polis İdarəsində işğəncələrə məruz qalmaları ilə bağlı ona heç bir şikayətin daxil olmadığını deyib:

“Bir neçə gündü ki xəstəxanada idim. İndi xəstəxanadan çıxmışam. Onların işgəncəyə məruz qalması ilə bağlı mənə heç bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı video müraciət yaymışdılar. Müraciətdə bildirilmişdi ki, sələfilər işğəncəyə məruz qalmaları ilə bağlı Ombudsmana müraciət ediblər.

Xatırladaq ki, bir neçə gün öncə Sumqayıtda mədrəsə kimi istifadə olunan içi silah-sursatla dolu yeraltı tikili tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti