Hindistanın `yumşaq gücü`: Bollivud - TƏHLİL

Hindistanın `yumşaq gücü`: Bollivud - TƏHLİL
  18 Noyabr 2014    Oxunub:7861
Hind filmləri hər il Berlin, Kann, Venesiya kinofestivallarında mükafatlar qazanır. Bollivuddan əlavə, ölkədə Hindistanın bütün dillərində və dialektlərində filmlər çəkən 30-dan yuxarı kinokompleks var.

Bir vaxtlar SSRİ-də olduğu kimi, Hindistanda da kinematoqrafiya üzrə Mərkəzi Komitə fəaliyyət göstərir. Hind kinematoqrafçılarından heç birinin məhsulu bu təşkilatın icazəsi olmadan ekrana çıxa bilməz. Bunun üçün mərkəz xüsusi icazə verməlidir. Son zamanlar Avropada ardıcıl olaraq hind filmləri nümayiş etdirilir və hind film qəhrəmanlarının iştirakı ilə böyük konsert-şou proqramları keçirilir.

Hazırda Hindistan ölkə kimi istehsal olunan filmlərin sayına görə dünyada birinci yerdədir. Bollivudun istehsal etdiyi filmləri qeyd-şərtsiz Hindistanın mədəni təbliğat vasitəsi saymaq olar. Bollivud beynəlxalq münasibətlərdə rəsmi Dehlinin “yumşaq güc” komponenti sayılan əsas vasitələrindən biridir, çünki hind filmlərinin geoşüuru idarə imkanları, o cümlədən, geokulturoloji təsiretmə gücü olduqca böyükdür.

Beynəlxalq münasibətlərdə “Yumşaq güc” (soft power) ona deyirlər ki, hansısa bir dövlət öz maraqlarını zor gücünə deyil, cazibə yolu ilə yayır. Yəni mədəni təbliğat vasitələrilə lazım olan mühitə siyasi-mədəni ixracatı reallaşdırır.

Geosiyasi nüfuzu artmaqda olan Hindistanın geomədəni təbliğatı olan Bollivud hind diplomatiyası üçün əvəzsiz və gerçək üstünlükdür. Hind filmlərinin ixrac olunduğu əsas geoiqtisadi bazarlardan biri də SSRİ idi. Bunun təsirilə həm Hindistan-SSRİ münasibətləri inkişaf edirdi, həm də Hindistan öz istəyinə uyğun geomədəni məkan formalaşdırmış olurdu. SSRİ kinoteatrında hind filmləri hədsiz populyar idi, o cümlədən, Azərbaycanda da çox sevilirdi.

Hind filmlərinin yayılma arealı təkcə bununla bitmir, həmçinin Asiya, Afrika, Avropa və Şimali Amerikada da çox sevilirlər. Bu mədəni güc Hindistan üçün əlavə geomədəni təsir etmək mexanizmi formalaşdırır. Film sektorunun Hindistan üçün böyük əhəmiyyət kəsb etməsi hökumətin bu sahəyə 100% kapital yatırmasına səbəb olub, daha dəqiq desək, bu sektor dövlətin prioritetlərindən biri sayılır.



Təzəliklə Hindistan Çinlə olan ticarət dövriyyəsini çoxaltmaq üçün hind filmlərini Çin bazarına çıxartmaqla bağlı müqavilə də imzalayıb. Bollivud filmləri Amerika izləyicisinin də zəif damarını tutmağı bacarıb, ABŞ-da kinoteatrlar hind filmi nümayişi zamanı tamamilə dolu olur. Hətta, amerikalı gənc qızların hind filmlərindən təsirlənərək, alınlarına hind xalı qoyması halları da müşahidə olunur.

1998-ci ildə Hindistanda hakimiyyətə millətçilər gəldikdən bir müddət sonra kino ilə bağlı siyasi təbliğat konsepsiyası qəbul etdilər. Mədəni-siyasi konsepsiyanın müəllifi Hind millətçi partiyasının lideri Bharativa Janata idi. İlk sınaq meydanı isə ABŞ seçilir. Hindistan hökuməti yaxşı bilirdi ki, hind filmləri Amerikada güclü siyasi-diplomatik hind imici yarada bilər. Bu diplomatik təbliğatda filmlərdə hind və pop musiqisi paralel təqdim olunurdu. Məhz belə seçim Hindistanı dünya çapında demokratik ölkə kimi təqdim etməyə hesablanıb.

Hindistanın `yumşaq güc` imkanları qısa zaman ərzində özünü Əfqanıstan münaqişəsində göstərməyə başladı. Əfqanıstanda rejim dəyişdikdən sonra Hindistanın baş naziri Manmohan Singh həmin ölkəyə rəsmi səfər edib. Səfər çərçivəsində Hindistan Əfqanıstanda Pakistanın siyasi təsirini azaltmaqdan ötrü digər dövlətlər kimi Əfqanıstana nə silah, nə tibbi yardım göstərmədi. Hindistanın baş naziri Əfqanıstana Bollivud filmləri və hind musiqilərindən ibarət çoxlu sayda kasetlə dolu təyyarə ilə gəlib. Bütün bu video və audio məhsulların hamısı Əfqanıstana pulsuz-parasız paylanır.

Bir müddət sonra Hindistanın millətçi liderlərindən biri B.K.Agnihotrinin rəhbərliyi ilə Hindistan-Pakistan konfliktilə bağlı anti-pakistan təbliğatlı filmlər Amerikada göstərilməyə başladı. Bu işdə ABŞ-dakı hind lobbisi də yaxından iştirak edirdi. Fövqəldövlət olan ABŞ-da Hindistan siyasi-mədəni xətt yürütməklə böyük nüfuz qazana bilib. Ona görə də, Hind filminin “Oskar” alarkən ölkədəki sevincin atom bombası sınağından sonra yaşanan eyforiyaya bərabər olması təsadüfi deyil. Bunların ikisi də gücdür – biri sərt, o biri isə yumşaq.

Fərrux Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti