Yeni nəqliyyat layihələri bizə nə verəcək? – TƏHLİL

Yeni nəqliyyat layihələri bizə nə verəcək? – TƏHLİL
  11 Noyabr 2014    Oxunub:5759
Türkiyənin İran ərazisindən yük daşımalarına yaranan problemlər üzündən ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində aparılan işlər bir qədər sürətləndirilməlidir. Ona görə ki, neftdənkənar sahələr sırasında bu sahədən gəlir götürmək imkanları artıq qapını döyür.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədilə, məlumdur ki, diversifikasiya siyasəti həyata keçirilir. Və bunun üçün müxtəlif infrastruktur layihələri gerçəkləşdirilir. Nəqliyyat bu mənada xüsusi yer tutur. Belə ki, hökumət son illər nəqliyyata böyük həcmdə investisiyalar yatırmaqla sahəni müasir tələblər səviyyəsinə çatdırmaq istəyir.

Real olaraq isə, Türkiyə Orta Asiya ölkələri ilə yükdaşınmalarında Azərbaycan ərazisindən istifadə etməyi planlaşdırır ki, 2015-ci ilin I yarısından İran ərazisindən keçən bütün nəqliyyat bizə transfer ediləcək. Məsələ isə bundan ibarətdir ki, qonşu ölkələrin yükdaşıma sahəsində öz aralarında hansı qərara gəlmələrindən və nə kimi razılaşmaya baş vuracaqlarından asılı olmayaraq, Azərbaycan onsuz da tezliklə nəqliyyat dəhlizinə çevriləcək.

Çünki Azərbaycanda təkrar edirik ki, nəhəng infrastruktur yaradılır. Bu mənada, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikilməsini qeyd etmək vacibdir. Komleksin I mərhələsinin ilk hissəsi artıq istifadəyə verilib. Belə ki, sözügedən çərçivədə bərə terminalı istismara hazır vəziyyətdədir. Bütövlükdə isə sözügedən mərhəlinin tikintisi 2015-ci ildə başa çatacaq.

Sual oluna bilər ki, bizdə liman yox idimi? Hazırkı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə tikilib. Müstəqillik əldə etdikdən sonra 1992-ci il yanvarın 1-dən o, müstəqil müəssisə kimi fəailiyyət göstərməyə başladı. Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli qərarına əsasən isə onun nizamnaməsi də təsdiq edildi ki, liman hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipinə keçdi.

Lakin bu liman beynəlxalq daşımalar üçün dəhlizə çevrilmək üçün cavab vermir. O, əsas, konteyner, bərə, dübəndi və sərnişin olmaqla 5 terminaldan, əsas yük terminalı isə ümumi uzunluğu 858 metirə bərabər olan 7 körpüdən ibarətdir.

Terminalda dənə-ədəd, qalaq və səpkili, meşə, avtotexnika və konteyner kimi yüklər aşırılır. O, ildə 2 mln ton yük aşırma gücünə malikdir ki, gün ərzində eyni zamanda 3 gəmi, 150-ə yaxın vaqon və 100 avtomaşın qəbul edib, yük aşırma işləri aparıla bilir. Terminalın 24000 kvadratmetr açıq və ümumi sahəsi 10000 kvadratmetr 5 bağlı anbarı var.

Məsələ bundadır ki, liman şəhərin mərkəzində yerləşdiyindən daşıma, xüsusən də multimodal daşımalar üçün əlverişli mövqedə sayılmır. Belə ki, yük dövriyyəsini təmin edən Şimal-Cənub, Şərq-Qərb beynəlxalq avtomobil və dəmir yolları xeyli uzaq məsafədən keçdiyindən, ağır tonnajlı yük avtomobilləri və qatarlar əsas magistral xətdən kənar hərəkət etmək məcburiyyəti qarşısında qalır.

Ona görə də, Prezident yeni limanı kompleksinin tikintisi haqqında 2007-ci il 18 oktyabr tarixdə Sərəncam imzaladı. Sənəddə deyilir ki, ölkəmiz ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yüklərin qəbul edilməsi və daşınması üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həlledici rola malik olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində yüklər artacağından o, köçürülməlidir.

Yeni liman kompleksinin I mərhələdə yük aşırma imkanı 10 milyon tona qədər, 40 min TEU-ya qədər konteyner, II mərhələdə 17 milyon tona qədər, 150 min TEU-ya qədər konteyner, III mərhələdə isə 25 milyon tona qədər yük, 1 milyon TEU-ya qədər konteyner nəzərdə tutulur.

Layihənin I mərhələsinin inşa müddəti 3 il 6 aydır ki, qeyd etdiyimiz kimi 2015-ci ildə başa çatacaq. Bu mərhələ üçün 104 hektar sahə ayrılıb ki, ümumiyyətlə, kompleks üçün ayrılmış 400 hektar ərazinin 100 hektar sahəsində (I mərhələdə 50 hektar olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzi tikmək nəzərdə tutulub.

Limanın inkişafının II mərhələsində isə əlavə olaraq 1 bərə pirsi və quru yüklər üçün daha 4 körpü inşa ediləcək. Bu da yükaşırma tutumuna 7 milyon ton əlavə edəcək ki, beləliklə də limanın ümumi yük tutumu 17 milyon ton konteynerlərdə, yüklərin həcmisə 150 min TEU qədər yüksələcək.

III mərhələdə isə yeni bərə terminalının inşası ilə yanaşı 650 metr uzunluğunda Konteyener Terminalının istismara buraxılması planlaşdırılır ki, bu perspektivdə limanın yük aşırma qabiliyyətini ildə 25 milyon tona qədər yüksəlməyə və 1 milyon TEU konteynerin yüklənib-boşalmasına imkan verəcək. Yəni, Ələtdəki Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük liman olacaq.

Lakin bu son deyil. Bakı–Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanı ilk dəfə olaraq Avropa ilə birləşdirəcək ki, layihə gerçəkləşdikdən sonra ölkə ərazisindən ən azı 10 milyon ton əlavə yük daşınacaq.

Bu yükü daşımaq üçünsə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi bütün strateji planların reallaşması işini tamamlayacaq. Sözügedən limanın da tikintisi məhz bu məqsəd daşıyır. Yəni, bütün bu nəqliyyat infrastrukturları bir-biri ilə sıx bağlıdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tıkilib istifadəyə verilməsə, Bakı-Tbilisi-Qars dəmir yolu heç bir səmərə verə bilməz.

Hələ biz gəmiqayırma zavodunu və Ələtdə tikiləcək hava limanını demirik. Bütün bunlar Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevriləcək.

Yeri gəlmişkən, 2014-cü ilin dövlət büdcəsində ölkəmiz ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün 13,5 milyon manat dövlət rüsumu tutulması müəyyənləşdirilib. Daşımaların artması buna verilən icazə üzrə tutulan dövlət rüsumunun məbləğini artıracaq.

Lakin Türkiyənin Orta Asiya ölkələriylə yükdaşımalarına gəldikdə hələlik, burada müəyyən problemlərin yaranacağı istisna deyil. Bu da hazırda mövcud yol infrastrukturunun buna tab gətirib-gətirməyəcəyi və yanacaqla təminat məsələləridir. Çünki ölkədə yanacaq məhsulları ilə təminatda keçən il və bu ilin əvvəllərində çətinliklər olub. Düzdür, indi bu sahədə vəziyyət yaxşıdır. Ancaq hər halda məsələnin bu tərəfi diqqətdə saxlanılmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti