Polisi öldürənlər hakim qarşısında

Polisi öldürənlər hakim qarşısında
  31 Oktyabr 2014    Oxunub:1373
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan 9 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi məhkəmə keçirilib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə Azərbaycan vətəndaşları Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev əyləşiblər.

İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıb. Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini, 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-Qazma kəndi ərazisində tutulublar. Onlardan “Makarov» və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyası aşkar edilərək götürülüb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev qismən ittihamları qəbul ediblər. Bağır Azayev özünü təqsirli bilməyib. Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev isə ittihamları qəbul ediblər.

Məhkəmə noyabrın 6-da davam edəcək.


Teqlər:





Xəbər lenti