`Müxalifət gəncləri Facebook-la əldə saxlayır` - Keçmiş `Nida`çı | MÜSAHİBƏ

`Müxalifət gəncləri Facebook-la əldə saxlayır` - Keçmiş `Nida`çı | MÜSAHİBƏ
  29 Oktyabr 2014    Oxunub:7999
“Nida” Vətəndaş Hərəkatının keçmiş üzvü, ötən həftə Prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan Bəxtiyar Quliyev AzVision.az-ın redaksiyasında qonaq olub. Qeyd edək ki, bu, onun mediada ilk geniş müsahibəsidir.

Əvvəli BURADA

- Əfv məktubu yazmaq öz təşəbbüsünüz oldu, yoxsa kimsə məsləhət gördü?


- Kamerada bir yerdə qaldığım adamların hamısı savadlı, məlumatlı şəxslər idi. Onlar bəzən məsləhət görürdülər, mən isə bir çox hallarda etiraz etmişdim ki, yox, yaza bilmərəm. Təzyiqlərdən, qınaqlardan çəkinirdim. Düşünürdüm, `sındı`, `əyildi`, `sürüşdü`, `sabun çıxdı` və s. kimi mənasız sözlər deyəcəklər. Mənim azadlığım o sözlərin arasında gedib-gəlirdi.
Sonra düşündüm ki, kimsə `sabun` yazacaq deyə, mən azadlığımdan olmalıyam? Çox dar düşüncədir. Qoy, çöldə olum, nə yazırlar-yazsınlar. Lap sabun alıb göndərsinlər. Eybi yox, o sabunla çimərəm... (gülür)

- Müxalifət düşərgəsindən konkret hansı mənəvi və ya maddi yardım gördünüz? Məsələn, gəlib həbsxanada sizə baş çəkirdilər?

- Beş-altı nəfər olurdu ki, özləri könüllü gəlib mənə baş çəkirdilər. Xətrimi istəyənlər atamla əlaqə saxlayıb görüşə gəlirdilər.

- “NİDA”-da ikən bir yerdə olduğun insanlardan nəsə umurdunmu? “Mən fəal olmuşam, indi mənə nə isə etsinlər” kimi?

- Maddi marağım yox idi, heç indi də yoxdur. Amma orada dəyərli insanlar var idi ki, evdəkilərə mənəvi dəstək olurdular. Mənim ailəm bu işlərə tamam yaddır. Mənim hərəkətimdən ailəmdə, qohumlarımda çox adam əziyyət çəkdi.

- Həbs olunmağınızı ailənizə ilk dəfə kim xəbər verdi?

- Elə ən birinci ailəm bildi. Evdən çıxıb avtobusla getdim “Koroğlu” stansiyasına, orada tutdular, gətirdilər evə. Evdə axtarış aparıldı.

- ...Və necə qarşıladılar?

- Atamın reaksiyası çox pis oldu. O, digərləri kimi deyildi, heç bir çıxışlar etmirdi, öz mövqeyində qalırdı. Sonradan öyrəndim ki, mən həbs olunandan çıxana qədər məhəllədə heç kimlə danışmırdı. Kim nə soruşsa, başını aşağı salıb işinə gedib, evə gəlirmiş. Atamın işi fiziki cəhətdən ağır işdir. Təsəvvür edin ki, həm fiziki, həm də mənəvi ağırlıq yaşayıb.

Məni ən çox incidən valideynlərimin əziyyəti idi. Artıq 5 gündür həbsdən çıxmışam, valideynlərim hələ də inanmırlar. Dünən anam gəldi, durduğum yerdə məni öpüb-qucaqladı, dedi, hələ də inanmıram ki, sənə toxuna bilirəm. Başa düşürəm ki, onlar nələr çəkiblər. Bu acını onlara çəkdirdiyim üçün peşmanam.

- Həbs olunandan sonra heç gözləmədiyimiz adamlarda da yaradıcı potensial üzə çıxır. Siz necə, bu müddətdə şeir, ya da hekayə yazmışdınız?

- Hekayəni yadıma salmayın (gülür). Bir hekayə yazmışdım, biabırçı idi.

- Nə mənada?

- Təsəvvürüm zəif idi. Çox gülməli idi. İndi özümdə yoxdur, bilmədim necə oldu, hara getdi.

- Mövzusu nə idi?

- Həbsə yeni girdiyim vaxtlar idi, hələ ki, “NİDA” ab-havasında idim. Oradakı fəaliyyətlə bağlı yazmışdım, özümdən obrazlar uydurmuşdum. Adları dəyişsəm də bəlli adamların prototipi idilər. Yazdığım təkcə bu oldu.

- “Harlem Shake” videonuz böyük səs-küy doğurmuşdu. İndiki düşüncə ilə o videoya necə qiymət verirsiz?

- Məkanı yanlış idi. Bu barədə çox danışmaq istəmirəm.

- “NİDA”-ya üzv olanda, ümumiyyətlə bu hadisələr başlayanda 20-21 yaşınız olub. Təhlükəsizlik, hüquq-mühafizə orqanları ilə təmasda oldunuz, məhkəmələriniz oldu. Bu yaşda adam üçün ağır təcrübədir. Nə hisslər keçirirdiniz?

- Onda elə proseslərdən keçdim ki, təfərrüatlarına varmaq istəmirəm, amma kameraya girəndə artıq bədbinliyə qapılmışdım. Peşmanlıq hissləri keçirirdim. Arada bəzi şeylər ümid də verirdi... Sonradan düşündüm ki, mənə lazımdır? Bundan sonra nöqtəni qoydum.

- Qəzet oxuyurdunuz?

- Bəli, gündəlik oxuyurdum. Amma əfv məktubu yazandan sonra qəzet göndərmədilər.

- Bəs kitab?

- Bəli oxuyurdum. Yadımda qalanlar “Norveç meşəsi”, bir də Corc Oruellin “1984” kitabı olub. Çox gözəl kitablardır. İkisi də məndə iz qoyub.

- Sizin əvvəlki yolunuzla indi gedən və getmək istəyən gənclərə sözünüz nədir?

- Mən bəlli proseslərdən keçib, dəyişmişəm. Onlara demək istəyirəm ki, ən xırda şeyin də qədrini bilsinlər. Mən adi torpağa ayaq basa bilmirdim, hər yer kafel idi. Ağaclara həsrət idim. Dənizin qırağında qaçanda qumun istisi ayağı yandırır, qaçıb kölgəyə gedirsən... bax, həbsdə olanda istəyirdim ki, qum ayağımı yandırsın. Yəni, nələrisə başa düşmək üçün həbs olunmaq şərt deyil. Başqalarının başına gələnlərdən də nümunə götürmək lazımdır. Necə ki, mən vaxtında səhv etdim, düşünmədim. Mənə lazım idimi ki, bu proseslərdən keçib indiki vəziyyətə gəlim? Yox. Amma oldu, keçdi.

Gənclərə onu deyə bilərəm ki, sizin həbsə düşməyinizdə kimlərinsə maddi marağı var. Siz həbsdə olduğunuz müddət ərzində isə onlara lazım deyilsiniz. Özləri də istəmədən bəlli şəxslər onların fəaliyyətindən istifadə edir. Mən bu faktları eşidəndə şoka düşdüm.

- Həbsdə olan “NİDA”-çılar haqda nə düşünürsüz?

- Onların yalnız biri mənim üçün həqiqətən dəyərli insandır. Adını çəkə bilmərəm, amma istəyirəm ki, tezliklə azadlığa çıxsın. O da əfv məktubu yazanların sırasındadır. Hamısı ümumi yazıb imzalamışdı. Ondan əvvəl biz aramızda qərara gəlmişdik ki, belə bir şey edək, amma mən razı olmamışdım.

- Niyə?

- Çünki onlar öz şərtlərini qoyurdular. O vəziyyətdə şərt qoymaq mənə düzgün gəlmədi. Mən ora bəlli səhvlərimin ucbatından düşmüşəm, xahiş etmək mənim üçün elə də böyük problem olmadı.

- Sizcə, müxalifət sizin kimi gəncləri nə ilə əldə saxlayır?

- Gənclərin Facebook xəstəliyi ilə. Mənim ağlıma ilk olaraq bu gəlir. Facebook böyük qüvvədir. Gənclər 24 saatın az qala 20 saatını orada keçirir. Bu, xəstəlikdir. Kütlə psixologiyasına uyurlar.

- Siz özünüz də Facebook istifadəçisiniz...

- Bəli. Amma indi əvvəl istifadə etdiyim məqsədlə yox, tamam başqa məqsədlə istifadə edirəm. Şəklimi çəkib paylaşıram ki, mən də buradayam, çıxmışam. Cəmiyyətə qarışmaq istəyirəm. Qoy görsünlər ki, həbsdən çıxsam da, tez adaptasiya oldum (gülür).

- “Evdə xəstələnmək bir başqa gözəl olur” statusu yazmısız...

- Bəli, bir neçə gün əvvəl xəstələnmişdim. Anam zoğallı çay verirdi. Həbsdə xəstələnirdin, qalırdın orada, heç kim baxmırdı. Düzdür, kamera şəraitində hamı bir-birinə dəstək olur. Amma ananın zoğallı çayının yerini vermir. Adamın burnunun ucu göynəyirdi...

- Orada yeməklər necə idi?

- Normal. Amma adamın iştahı olmur, heç nəyə həvəs olmur. Məcbur olduğun üçün yeyirsən. Elə kamera yoldaşlarım var idi ki, günorta saat 3-ə qədər yuxudan durmurdular. Çünki durmaq istəmirlər. Günlər eyni keçir. O otaqda 3 il qalan adam var idi, durub eyni divarları görmək istəmirdi.

Həbsdən bəzi vərdişlər də qalıb. Məsələn, indi də evdə yemək yeyəndə qablarımı özüm yuyuram. Mənə gülürlər ki, qız kimi hərəkətlər edirsən. Mən də deyirəm ki, qız hərəkəti deyil, orada öyrəşmişəm. Həm də pis şey deyil, anamın işi yüngülləşir.

- Cəmi neçə ay həbsdə qaldınız?

- 17 ay.

- Müxalifət liderlərindən hansına daha çox ümidiniz var idi?

- Onların adlarını bildiyimə də peşmanam. Kaş bilməzdim ki, kimdirlər. Müxalifət liderləri... Siyasi arena-filan... (gülür). Tural Abbaslı yazmışdı ki, “Yəqin, Bəxtiyar Quliyev siyasi arenadan çəkiləcək...” Adamlar məni siyasi arenaya atmışdılar. Halbuki, mənim heç xəbərim yoxdur, Tural Abbaslı kimdir.

- Müxalifətçilər sizə “siyasi məhbus”, “vicdan məhbusu” kimi adlar vermişdilər. Bunları necə qarşılayırdınız?

- Bu sahədə heç bir təcrübəm yox idi. Nə ad versələr, fərəhlənirdim ki, mənə ad verdilər. Zaman keçdikcə dərk edirsən ki, tamam başqa şeydir. Sonradan imtina etdim ki, mən siyasi məhbus deyiləm.

Fatimə Kərimli
Odər Qəni
Vüsal Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti