Polis elektroşokdan nə vaxt istifadə edə bilər?

Polis elektroşokdan nə vaxt istifadə edə bilər?
  28 Oktyabr 2014    Oxunub:1845
Bu gün Milli Məclisin iclasında Polis haqda qanuna edilən dəyişlik müzakirələrə səbəb olub. Yeni qayda ilə polisə elektroşokdan icazə hüququ verilib.

Deputat Çingiz Qənizadə AzVision.az-a açıqlamasında əlavə edilən qaydanın ictimaiyyət tərəfindən düzgün anlaşılmadığını deyib.

Ç.Qənizadə eletroşok vasitəsindən kimlərin və hansı hallarda istifadə edə biləcəyini açıqlayıb:

“Təəssüf edirəm ki, Polis haqda qanuna edilmiş dəyişikliklər bəzi şəxslər, hətta millət vəkilləri tərəfindən düzgün başa düşülməyib. Bəzi deputatlar təklif edir ki, ağır cinayət törədən şəxsin zərərsizlədirilməsi üçün silahdan istifadə etmək daha yüngüldür, nəinki elektroşokdan. Qeyd edim ki, elektroşok insanı müvəqqəti zərərsizləşdirən qurğudur. Bu da insanda sonrakı dövrlər üçün çox ciddi fəsadlar vermir.

Biz əvvəl də Polis haqda qanunun 26-cı maddəsində nəzərdə tutulan xüsusi vasitələrdən istifadə edirdik. Sonralar biz elektroşok anlayışını əlavə etdikdən sonra onun hansı hallarda istifadə edilməsi gündəmə gəldi. 26-cı maddəyə III-I hissə əlavə edildi. Orada göstərilir ki,elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu o deməkdir ki, bizim bu gün gündəlik həyatda rastlaşdığımız polis əməkdaşlarının heç də hamısı elektroşoku gəzdirmək hüququna malik deyil. Bundan ötrü Daxili İşlər Nazirliyi eletroşok gəzdirməyə icazə verilən şəxslərin siyahısın hazırlayacaq. Belə fikir formalaşır ki, polis belində elektroşok vasitəsilə gəzəcək və istədiyini adama qarşı bundan istifadə edəcək. Bu belə deyil. Biz Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində bu məsələni müzakirə etməzdən öncə araşdırdıq ki, Avropada bir çox demokratik dövlətlərdə də elektroşokdan istifadə edilir.

Hansı hallarda polis bundan istifadə edə biləcək? Cəmi 5 halda eletroşokdan istifadəyə icazə veriləcək. Həmin halda da yalnız istifadə etmək hüququ verilən xüsusi polis əməkdaşları bunu edə biləcək.

1. İnsan həyatı və sağlamlığına real təhlükə ola biləcək basqın və digər zorakılıq hərəkətləri olduqda.

2. Qiyam və kütləvi ixtişaşlar baş verəndə.

3. Yaşayış binalarına, habelə, müəssisələrin, idarələrin binalarına qrup halına basqına cəhd edildikdə.

4. Tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda.

5. Cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs tərəfindən həbsdən qaçmasının qarşısını aldıqda, habelə şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc tətbiq edildikdə.

Mənə elə gəlir ki, sadaladığım 5 halın hamısı vətəndaşlar tərəfindən normal qəbul ediləcək. Küçədə bir-biri ilə mübahisə edən, sərxoş vəziyyətdə xuliqanlıq edən, dava edən insanlara bu tətbiq edilməyəcək”.

Deputat qeyd edib ki, icazəsiz mitinqlər kütləvi iğtişaşlara aid edilməyəcək: “Qiyam da mitinqlər deyil. Hətta mitinqlər zamanı yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin hərəkətinə maneə olmada kütləvi iğtişaş deyil. Kütləvi iğtişaş idarə edilə bilməyən kütləvi insanlar tərəfindən çoxsaylı qanunsuzluqlar törədilməklə özündə ehtiva edir. Biz müəyyən seçkilər dövründə bunun şahidi olmuşuq. Kütlə nəzarətdən çıxdıqdan sonra bu proseslərə heç bir aidiyyatı olmayan vətəndaşların mülkiyyətini dağıtmaqla təzahür olunub. Düzdür, bu hadisələrdən 10 il keçib. Amma qanun bu gün üçün yox, gələcək üçün qəbul edilir. Qiyam isə tamamilə başqa anlayışdır. Bura silah olur, artıq hakimiyyət çevrilişinə cəhdlər göstərilir. Burada da bütün vətəndaşlara tətbiq edilməyəcək, ayrı-ayrı şəxslərdən söhbət gedəcək. İğtişaşı hansısa bir kütləvi aksiya ilə eyniləşdirməyin tərəfdarı deyiləm”.


Teqlər:  





Xəbər lenti