Ölümə gedən sərnişinlər: nazirlik hara baxır?

Ölümə gedən sərnişinlər: nazirlik hara baxır?
  20 Oktyabr 2014    Oxunub:5614
Son günlər paytaxt Bakıda marşrut avtobuslarındakı özbaşnalıqla bağlı narazılıqlar çoxalıb. Demək olar ki, hər gün avtobus sürücülərinin yol verdiyi nöqsanlarla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılır. İctimaiyyət arasında narazılıq doğuran görüntülər əsasən qapısı açıq halda sərnişin daşıyan avtobuslarla bağlıdır. Bu cür vəziyyətlərdə avtobusun ani manevri bir neçə sərnişinin yıxılaraq ölməsi ilə nəticələnə bilər. Sürücülər isə bunu normal hal kimi hesab edərək, öz yoluna davam edirlər.

Xatırladaq ki, avtobus qəzalarının baş verdiyi ərazi üzrə ən böyük statistika paytaxt Bakının payına düşür. Hazırda Azərbaycanda ictimai nəqliyyatın idarə edilməsi daha çox özəl sektora həvalə edilib. Sürücülər isə hər axşam çalışdığı şirkətə plan ödəyirlər. Bu baxımdan onların bir çoxu bu cür yol verdiyi nöqsanlara axşam ödəməli olduqları plan ucbatında əl atdıqlarını deyirlər. Amma bu cür qeyri-qanuni hərəkətlər heç bir sürücünü məsuliyyətdən azad etmir.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov AzVision.az-a açıqlamasında bildirib ki, bu gün Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsində qışa hazırlıq və sərnişindaşımada son günlər qeydə alınan nöqsanlarla bağlı iclas keçirilib. Qurum rəsmisinin sözlərinə görə, son günlər sərnişindaşımada qeydə alınan nöqsanlarla bağlı ciddi xəbərdarlıq olunub:

“Bəzi sürücülər sürətlə sürür və avtobuslarda vətəndaşlar qapıdan asılaraq gedir. Bu isə sonda faciə ilə nəticələnə bilər. Bütün bunlarla bağlı birmənalı olaraq tapşırıq verildi. Biz bu hallarla bağlı reyd keçirəcəyik. Bundan əvvəldə belə reydlər keçirilib, amma bu reydləri gücləndirəcəyik. Bu cür avtobus sürücülərinə qarşı konkret tədbirlər görüləcək. Çünki bu cür vəziyyətlər insanların həyatı üçün təhlükə yaradan əsas amildir”.

Sərnişinlərin qapıdan sallaşaraq getdiyi avtobus sürücülərinə qarşı hansı cəza tədbirlərinin tətbiq olunacağına gəlincə, şöbə rəisinin müavini bildirib ki, sürücülər ilk dəfə belə nöqsana yol veriblərsə, onlara töhmət, şiddətli töhmət və sonuncu xəbərdarlıq verilir.

“Mütəmadi olaraq bu hərəkətləri təkrar edirsə, həmin sürücü işdən azad olunur. Sürücü telefonla danışdıqda, siqaret çəkdikdə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə sanksiyası tətbiq olunur”.

Həmçinin Ə.Cəfərov qeyd edib ki, 2014-cü ilin 10 ayı ərzində təxminən 160-a yaxın avtobus sürücüsü işindən azad olunub: “Onların arasında icbari iş alan, məhkum olunanda var”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2014-cü ilin 9 ayı ərzində avtobusların iştirakı ilə 40 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 3 fakt, yaralananların sayı 13 nəfər, ölənlərin sayı isə 19 nəfər azalıb. Bundan əlavə, sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 1526 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti