İlham Əliyev: `İşsizlik demək olar ki, aradan götürülüb`

İlham Əliyev: `İşsizlik demək olar ki, aradan götürülüb`
  19 Oktyabr 2014    Oxunub:1757
Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir.

Bunu Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışı mərasimində deyib.

Dövlət başçısı bildirib: “Sizi “Qarabağ” otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl oteldir, böyük zövqlə tikilib. Həm xarici görünüşü, həm daxili tərtibatı ən müasir standartlara cavab verir. Əminəm ki, qonaqlar burada yaxşı istirahət edəcək, yaxşı müalicə alacaqlar. Müalicə üçün də bütün imkanlar var. Mən indi otellə tanış oldum, burada ən müasir avadanlıq quraşdırılıb və bütün lazımi şərait yaradılıb. Ərazisi də abadlaşdırılıb, yəni, gəzinti üçün gözəl imkanlar var”.

Preziden İlham Əliyev qeyd edib ki, bu otel ölkəmizdə turizmin inkişafı üçün öz rolunu oynayacaq: “Çox şadam ki, Naftalanda otellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni otellərin açılışlarında şəxsən iştirak etmişəm – “Çinar” oteli, “Qaşaltı”, - indi onun adı “Rixos” olmuşdur, - indi də “Qarabağ” oteli. Adı da, özü də gözəldir və bu, əslində Naftalanı dünyaya beynəlxalq turizm mərkəzi kimi geniş şəkildə təqdim edəcək. Naftalanın çox böyük tarixi, şöhrəti var. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Biz son illərdə bu praktikanı bərpa edirik. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq. Siz yəqin bilirsiniz ki, bir neçə il bundan əvvəl “Çinar” otelinin yenidən qurulub istifadəyə verilməsi ilə Naftalanda otel biznesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxta qədər Naftalanın inkişafı o qədər də sürətlə getmirdi. Erməni işğalından əziyyət çəkən soydaşlarımız burada məskunlaşmışdılar. Bütün keçmiş sanatoriyalarda, pansionatlarda məcburi köçkünlər məskunlaşmışdılar. Biz ilk növbədə, onların problemlərini həll etməyə başladıq və buna nail olduq. Onlar indi gözəl evlərə köçürülüblər və məcburi köçkünlər üçün çox gözəl şərait yaradılıb. Köhnə, sovet vaxtından qalan sanatoriyaların yerlərində bax, belə gözəl otellər tikilir”.

Dövlət başçısı xatırladıb ki, vaxtilə burada “Qarabağ” sanatoriyası yerləşirdi. Tamamilə yararsız vəziyyətdə idi, söküldü və yerində yenə də “Qarabağ” adını saxlamaq şərti ilə gözəl, ən yüksək dünya səviyyəsinə uyğun otel tikilib: “Beləliklə, hazırda Naftalanda beşulduzlu 3 otel fəaliyyət göstərir. Əminəm ki, gələcəkdə bu otellərin sayı daha da artacaq. Çünki əgər sovet dövründə Naftalana daha çox sovet məkanından gəlirdilərsə, indi biz istəyirik ki, həm əlbəttə, postsovet məkanından, eyni zamanda, başqa xarici ölkələrdən də turistlər gəlsinlər. Çünki indi bütün imkanlar var. Gəncə Beynəlxalq Aeroportu tikilib, yaxşı yollar salınıb. Naftalan şəhəri gözəlləşir, abadlaşır, bütün binalar bərpa edilir, ictimai yerlər, parklar yaradılır. Yəni, Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir. Yəqin bilirsiniz ki, dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm də inkişafdadır. Hesab edirəm ki, Azərbaycan da bu sahədə öz sözünü deməlidir”.

İlham Əliyev bildirib ki, Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilib: “Əminəm ki, bu proseslər, bu meyillər uğurla davam edəcək. Çünki Azərbaycanda belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi vardır. İndi orada da otel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni, biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq.
Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşları üstünlük təşkil edir. Yəni bu, əslində daxili turizmin inkişafıdır və getdikcə daha da çox Azərbaycan vətəndaşları gələcəklər. Çünki xalqımızın rifah halı, maddi vəziyyəti yaxşılaşır, işsizlik demək olar ki, aradan götürülübdür. Beləliklə, həm ölkə daxilindən, həm xaricdən buraya gələnlərin sayı çoxalacaq. Hazırda “Çinar” və “Rixos” otellərində demək olar ki, otaqların orta hesabla 70 faizi artıq doludur. Əminəm ki, burada da elə olacaq. Bəlkə də burada otaqların hamısı dolacaqdır. Əminəm ki, buraya gəlmək istəyənlərin sayı çox olacaqdır”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Naftalanın infrastruktur layihələrinin icrası da paralel olaraq həll edilir: “Mən keçən il burada olmuşam. Biz içməli su layihəsinin açılışını qeyd etdik. Digər layihələr icra edilir. Bir sözlə, gözəl təbiəti olan, dağların əhatəsində yerləşən Naftalan müasir şəhərə çevrilmişdir. Buraya ilk gəlişimdə əlbəttə ki, mənzərə tam başqa idi. Onu indiki mənzərə ilə müqayisə etmək mümkün deyil. Hər yerdə belə olmalıdır. Bax, bu səviyyə Azərbaycan standartlarıdır, biz buna belə deyirik və biz bu standartları ölkəmizin hər bir bölgəsində tətbiq etməyə çalışırıq”.

Dövlət başçısı qeyd edib ki, bütövlükdə Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri fəaliyyət göstərir. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu otel tikilib. Onlar həm xarici görünüşü ilə şəhərimizi gözəlləşdirir, eyni zamanda, dünyanın aparıcı otel markaları Bakıdadır. Bu da ölkəmizin ümumi inkişafını göstərir: “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” – yəni, bunlar aparıcı otel şəbəkələridir ki, Bakıda fəaliyyət göstərir. Nəyə görə? Çünki investorların ölkəmizin gələcəyinə böyük inamı var. Ona görə ki, Azərbaycan inkişaf edir, gözəl işlər görülür, təhlükəsizlik tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Böyük imkanlar var. Biznes imkanları genişlənir, tarixi yerlərimiz kifayət qədər çoxdur, gələnlər bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Ona görə aparıcı otel brendləri Bakıdadır və bu proses gedir”.

Prezident İlham Əliyev bildirib ki, hazırda Bakıda iki gözəl yeni otel tikilir. Birinin adı “İnturist” olacaq: “Çünki əfsuslar olsun ki, bir neçə il bundan əvvəl Bakının simvollarından biri olan “İnturist” oteli sökülmüşdür. Ancaq o yerdən o qədər də uzaq olmayan bir yerdə eyni memarlıq üslubunda yeni otel tikilir, adı da “İnturist” olacaq. Yəni, biz köhnə “İnturist”i yenidən qururuq. Hazırda “Ağ Şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük otel tikilir. İndi ictimaiyyət üçün o yerlər bağlıdır, çünki işlər gedir. Ancaq təqribən bir neçə aydan sonra “Ağ Şəhər” bulvarı açılacaq, yeni otellər fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir və nəinki Bakıda, Naftalanda, başqa şəhərlərdə belə gözəl əsərlər yaradılır. Siz - burada işləyənlər, əlbəttə ki, ən yüksək xidmət göstərəcəksiniz”.

AzVision.az


Teqlər:  





Xəbər lenti