Əli Kərimli Müsavata sataşdı - Qalmaqal

Əli Kərimli Müsavata sataşdı - Qalmaqal
  02 Oktyabr 2014    Oxunub:4060
AXCP sədri Əli Kərimlinin “Azadlıq radiosu”na verdiyi müsahibədə Müsavat Partiyası ilə bağlı səsləndirdiyi fikirlər partiyalar arasında gərginliyə səbəb olub.

AzVision.az xəbər verir ki, partiya sədri Müsavatın AXCP-ni qurultaya çağırmamasını tənqid edib və hazırda Müsavat daxilində davam edən mübahisələrə münasibət bildirib:

“Bu gün öz daxillərində müəyyən mübahisələr yaranıb. Tarixə ekskursiya edərək deyirəm ki, vaxtilə xalq cəbhəsinin daxilində belə ciddi münaqişələr olub və Müsavat Partiyasının hansı rol oynadığı bəllidir, amma biz onların daxilində baş verənlərə qarışmırıq. Bizi tərk edən insanlara deyəcək sözümüz yoxdur. Onlara arzulayırıq ki, bu mərhələni başa vursunlar. Nə zaman Müsavat Partiyasını yönəldən insanlar real müxalifətin mövqeyini bölüşəcəklərsə, real müxalifətlə səylərini birləşdirmək istəyəcəklərsə o zaman münasibətlər dəyişə bilər. Amma hələ ki biz öz yolumuzu gedirik. Bizi tərk edən insanlara sözümüz yoxdur”.

Ə.Kərimli vurğulayıb ki, Müsavat Partiyası onları dəvət etsəydi, sonrakı münasibətlər haqda düşünmək olardı: “Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar”.

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı ilə öz Facebook səhifəsində Əli Kərimlinin fikirlərinə münasibət bildirib. O, Əli Kərimlini Müsavata sataşmaqda ittiham edib:

“AXCP sədri hörmətli Əli bəy Kərimli yenidən Müsavata sataşmaqla yeni gündəm yaratmaq istəyib. Hörmətli Əli bəy, Müsavat Partiyasını yönəldən insanlar başda olmaqla Müsavat Partiyası real müxalifətin özüdür! Bizim hədəflərimiz demokratik Azərbaycan qurmaq, sizin hədəfiniz Müsavat. Fərqimiz bu”.

S.Soltanlı hesab edir ki, AXCP oyundan kənar vəziyyətə düşdüyündən Müsavata sataşır: “"Real müxalifət" görüntüsü yaratmaqla müxalifət olmaq olmadıqını, oyundan kənar vəziyyətə düşüdüyünüzü yaxşı bildiyinizdən Müsavata sataşmağı çıxış yolu seçmisizsə bir söz deməyəcəyəm. Müsavat adından faydalanmaq xalqımızın bütün insanları kimi sizin də haqqınız. Amma heç kimin Müsavat Partiyası haqqında söylədiyi yalanlara, xalqı aldatmaqa çalışmasına da tamaşaçı olmaq fikrimiz yoxdur. İnciməyin, səhvlərinizi yenə də təkrarlayırısız. Olmazmı hərə öz yolunu getsin? Kimin doğru yolda olduğunu zaman göstərəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də baş tutan qurultayına müxalifət partiyalarının sədrlərinin dəvət olunacağı gözlənsə də qurultay yalnız partiya daxilində baş tutdu. Partiya rəhbərliyi yerin məhdudluğunu əsas gətirərək heç bir partiyanın dəvət olunmadığını bildirdi.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti