AŞPA-da Ermənistanın cinayətlərindən danışılıb

AŞPA-da Ermənistanın cinayətlərindən danışılıb
  02 Oktyabr 2014    Oxunub:1814
AŞPA-nın sessiyasında Ermənistanın işğalçılıq siyasətinin nəticələrindən bəhs edilib.
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında keçirilən sərbəst dinləmələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək bildirib ki, son vaxtlar dünyada bir sıra maraqlı, eyni zamanda, narahatlıq doğuran hadisələrin yaşandığı müşahidə edilir. Bunlar arasında ekstremizm meyillərinin güclənməsini, bəzi dövlətlərin başqa dövlətlər tərəfindən işğalçılıq siyasətinə məruz qalmasını, bəzilərinin isə terrorçu təşkilatlar tərəfindən hədəfə alınmasını görürük. Minlərlə insanın ölümü ilə müşahidə olunan bu faciəvi hadisələr müasir dövrümüzdə təhlükəsizlik məsələlərinin nə qədər böyük aktuallıq kəsb etdiyini və insan tələfatına qarşı hədələrin aradan qaldırılması, onlarla mübarizədə hamımızın birgə addımlar atmağımızın zəruriliyini ortaya qoyur. Vəziyyətin bugünkü dramatik hala gəlib çatmasında siyasi dairələr tərəfindən bir çox hallarda terrora, ekspansiya tədbirlərinə qarşı sərt reaksiyanın ortaya qoyulmaması, əksinə proseslərə qeyri-adekvat yanaşılması, beynəlxalq münasibətlərdə müşahidə edilən çoxstandartlılıq kimi mənfi hallar şərait yaradır.

Azərbaycan 20 ildən artıqdır ki, qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkir. BMT-nin Təhlükəsizlik Şurası işğal altında olan torpaqların qeyd-şərtsiz geri qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib, dünyanın bütün beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistan dövlətinin işğalçılıq siyasəti həyata keçirməsi faktını təsdiq edib. Amma bu günə qədər də münaqişənin yekun həllinə nail olunması, beynəlxalq qətnamələrin yerinə yetirilməsi üçün hər hansı bir addım atılmayıb. Əvəzində, Ermənistan dövləti işğalçılıq siyasəti həyata keçirməsinə baxmayaraq, bir sıra hallarda dəstəklənir. Bu isə nəticə etibarilə bölgədə münaqişə ocağının tamamilə sönməsinə imkan vermir. İyul ayının sonları, avqust ayının əvvəllərində erməni diversant kəşfiyyat qrupunun cəbhə xəttində törətdiyi təxribatlar və ondan sonra yaşananlar müharibə ehtimalını yenidən gündəmə gətirdi.

Azərbaycan sülhsevər dövlətdir. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına kifayət qədər ciddi töhfələr verib və verməkdədir. Sentyabr ayının 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bu addımların davamlı olduğunu bir daha təsdiqlədi. Amma həmin ərəfədə Avropa Parlamenti ölkəmizlə bağlı qeyri-obyektiv, bəzi qərəzli siyasətçilərin şəxsi mülahizələrinə söykənən bir qətnamə qəbul etdi. Ondan bir müddət əvvəl qohumlarının məzarlarını ziyarət etmək məqsədilə öz dədə-baba torpaqlarına gedən üç azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldü. Onların biri gördüyü işgəncələrdən sonra vəfat etdi. Digər iki azərbaycanlı isə qondarma ittihamlarla hələ də əsirlikdə saxlanılır və Ermənistan dövləti onları geri qaytarmaqdan imtina edir. Amma hər kəs susur. Bu ədalətsizliyə heç kim etiraz etmir. Buna səbəb nədir? Cavab məlumdur: ikili standartlar mövqeyindən yanaşma. Məhz bu ikili standartlara görə də bu gün dünyada baş verən fəlakətlərin, qırğınların sayı durmadan artır.


Teqlər:





Xəbər lenti