Biz ölümdən deyil, “QAİ”- dən qorxan millətik

Biz ölümdən deyil, “QAİ”- dən qorxan millətik
  30 Sentyabr 2014    Oxunub:6475
Elşən Musayev

Bir həftə öncə rayon qəbiristanlığındaydım. Dünyadan getmiş doğmalarımın ziyarətinə getmişdim. Dilinin altında bir başdan sovdu “Yasin” oxuyandan sonra –molla ilə bərabər məzarlıq boyunca gəzişirik...


Diqqətim cavan təvəllüdlü baş daşılarındadır. Bir, iki, üç, dörd...Ard - arda. Sıra – sıra. “Aman Allah, bunlar xəstəlikdənmi ölüb?” – molladan soruşuram. “Yox, müəllim, “avariya”da. Hamısı “avariya”da tələf olub”.

***

Bilmirəm, nə zamansa fərqinə varmısınız ya yox - amma lütfən, rayon yerinə getdiyinizdə məzarlıqdakı yaş oratalamalarına baxın. Baxın və görün: Öz əcəli ilə ölənlərinmi sırası daha genişdir, yoxsa avtoqəza səbəbilə bu dünyadan gedənlərinmi?

Niyə rayon? Çünki, polisindən tutmuş məmuruna, məmurundan tutmuş siravi vətəndaşına qədər hamı bir - birinə hansısa şəkildə dost – tanış - qohum çıxır. Hər kəs bir - birini yola verməyə, hətta gərəkirsə görməzdən keçməyə həvəslidir, meyllidir, maraqlıdır. Ayrıca, bu tanışlıqlar - başı boş, bəsirət gözü qapalı insanların həm də - sərxoşca avtomobil sürmə rahatlığıdır, həyatı ilə “klass - klass” oynama adrenalinidir.

Eyni zamanda soyuq məzarlıqları enindən - uzununa doldurma zövqüdür...

***
Hələ o gün Bakıya qayıdıram...
Bu nədi? – İnanılmaz bir şey. Qarşıdan gələnlər 90 - dan yuxarı sürət qaldırmır. Noolub bu camaata? Hardadı avtoş həmvətənlərimiz? Hardadır, qaranlıqda “dalniy” işıqla gedən qəhrəmanlarımız?

Demə, 5 km qarşıda iki maşın bir - birinə toqquşubmuş. 7 nəfər yerindəcə keçinibmiş. Və indi mənim rastıma çıxanlar - bu mənzərəni yolüstü görübmüşlər deyə, sürəti də “adam balası” həddinə salıbmışlar...

Eyvah! Bəs 10 dəqiqə sonra necə? Unudulacaqmı həmin mənzərə? – Əlbət ki, unudulacaq. Hətta unudulmalıdır. Dərhal. Ölüb ölüb də. Guya maşın sürməkdəndi? Yox, təbii... adamın alın yazısı belə imiş...

Hə, əzizlərim. Biz huşumuzun da, şüurumuzun da, zehniyyətimizin də qapısını bu cür sərf etməyən şeylər üçün çoxdan bağlamışıq. Özü də dal cəftədən...

***
Dünyanın ikinci elə bir dövləti yoxdur ki, orada yol boyunca bizim qədər kamera çəkilişi, nəzarət, radar olsun. Amma yenə düzəlmirik. Hələ utanmadan arada şikayətlənirik, deyinirik, kimlərisə ittiham edirik...

Oysa, neyləsin bu dövlət?

Dövlət neyləsin ki, onun vətəndaşı ölümdən deyil, məhz “QAİ” –dən qorxur?

Dövlət neyləsin ki, onun sürücüsünün ilkin məqsədi, amalı, prioriteti - əcəldən deyil, polisdən qaçmaq, gizlənməkdir?

Dövlət neyləsin ki, uşağına pampers almağa, evinə bazarlıq eləməyə ərinən gədələr maşınına “Ələsgər, ay Ələsgər” – siqnalı qoydurmaqla kayf tutur, hələ üstəlik bununla öyünməyi də bacarır?

Dövlət neyləsin ki, biz - hər gün ən adi məsuliyyətsizlik ucbatından avtoqəzalarda qanına qəltan etdiyimiz əzizlərimizi, doğmalarımızı məzara gömməyi özümüzə “padlo” bilirik, amma qoruyucu kəmər taxmağı “zapadlo”?

Dövlət neyləsin ki, maşın sürərkən cıbimizdəki qırmızı vəsiqə, hansısa bazburut “day-day” daha tez yada düşür, nəinki övladımızın, ya da kimlərinsə övladının yetim qalma ehtimalı?

Dövlət neyləsin ki, biz – toy karvanını anındaca yas çadırına çevirmə, üzlərdəki gülüşü, təbəssümü 5 saniyə içindəcə göz yaşına boğma istedadındayıq?

Hə...?


Teqlər:





Xəbər lenti