İlanla yaşayan ekstrasens – MÜSAHİBƏ, FOTOLAR

İlanla yaşayan ekstrasens – MÜSAHİBƏ, FOTOLAR
  30 Sentyabr 2014    Oxunub:35596
Biz əslində bu müsahibəni başqa cür təsəvvür edirdik. Məsələ ondadır ki, AzVision.az-ın redaksiyasında ekstrasens Tamilla Salamova ilə görüşən əməkdaşların heç biri fövqəltəbii hadisələrə inanmırdı. Ona görə də, ayrı cür hazırlaşmışdıq. Amma o, bizi necə deyərlər, nokdauna saldı... Əvvəlcə qucağında gəzdirdiyi nəhəng İmperator ilanı, sonra isə görücülüyü ilə...

- Niyə ilan?


- Anamın babası ilanlarla çox oynayıb, ilanla nəfəs alıb. Yəqin, ondan gəlir... Amma ailəm qorxur ilandan, evdə saxlamağa qoymurlar. And içmişəm ki, evə ilan gətirməyəcəyəm. Mən özüm də ilan cildinə girirəm. Siz həmin vaxtı məni görsəniz, tam başqa cür oluram...

- Yəni necə görünürsünüz?

- İlan cildinə girəndə gözlərimin rəngi dəyişir, müxtəlif rənglərə çevrilir. Həmin anda başağrısı gəlir mənə, elə olur hətta sıxılıram, evdəkiləri görmək istəmirəm, heç kimi tanımıram. Doğma anamı belə görmək istəmirəm. İlan cildinə girəndə ilanın qoxusu çox pis gəlir mənə.

- Nə vaxtdan ilanlarla işləyirsiniz?

- 15 ildir baxıcılıq edirəm. 132 nömrəli məktəbi bitirmişəm, məktəb vaxtından ilanlarla işləyirəm.

- Ekstrasens olmağınızda ilanın hansısa bir təsiri varmı?

- Yox, bu qabiliyyəti mənə Allah verib. Mən ekstrasensliklə rahatlaşıram.

- İlana yeməyə nə verirsiniz?

- Siçan və dovşan. Amma özüm siçandan və kəpənəkdən qorxuram. Amma qurbağanı öpə bilirəm, çünki qurbağa ilə iş görürəm. Zob xəstəliyini qurbağa ilə müailicə edə bilirəm. Belə deyərdim ki, bütün heyvanların dilini bilirəm.

- 15 ildə neçə ilanınız olub?

-İlanlarım mənim dərdimdən ölür. Beş ilanım ölüb.

- Siz bu ilanları haradan əldə edirsiniz?

- Köməkçim tapır. Gördüyünüz bu ilanın 11 min manat qiyməti var.



Baş redaktorumuz Vüsal Məmmədov sual verir:
- Toma xanım, istərdim ilan söhbətindən ekstrasenslik məsələsinə keçək. Səmimi deyim ki, mən nə fala inanıram, nə də ekstrasensliyə. Siz mənə necə sübut edə bilərsiniz ki, bunlar həqiqətən var?

- (gülür) Çox adam inanmırdı... Məsələn, bu otağı boş görürəm, burada çox qalmayacaqsınız, yaxşı bir yerə köçəcəksiniz. Bu barədə danışıq olub. Dairəvi bir yerdir. Adam çox görürəm orada, dairən böyükdür.

Bu yaxınlarda iki nəfər səni əsəbləşdirib. Elnur kimdir? O, yaxşı insan deyil. Yalançıdır.

Siz həyət evində qalırsınız. Sevatafor var o tərəfdə, ikinci döngədən içəri girirsiniz. Həyətə girəndə əlüzyuyan, ayaqyolu, sonra çən var , ağac-gül görürəm, o tərəfdə hin, ya tövlə var.

Nəsə maşın söhbəti var. Maşınını dəyişəcəksən. Maşının iki yerindən əzilib.

Sənin ailəndə problem olub... Məlahət kimdir? Oна дура... Nəsə bir uşaq məsələsinə görə möhkəm əsəb keçirmisən. Çox pis olmusan... Nərgiz kimdir? Səni çox istəyir. İki arvad onu sənin yanına gəlməyə qoymurlar. Biri qocadır, o biri cavan. Səni onun gözündən salmaq üçün danışırlar. Amma xeyri yoxdur, gələcək sənin yanına...

Könül kimdir?

Qızlardan biri: - Mənim rəfiqəm olub.

Toma: Danışanda imkan vermir adama. Bir az yalançı qızdır. Boş insandır, amma özünü şişirdir. Oğlanla münasibəti olub, amma xoşuma gəlmədi o oğlan, almayacaq Könülü. Sizdən kim rəhmətə gedib?

- Nənəm.

Toma: Allah rəhmət eləsin. Səndən halva iyi gəlir... “N” hərfilə kim var burda?



Fotoqrafımız Nuranı göstəririk.

- Atana nə olub? Çox problem var evinizdə. 4 problem. Atanın qulağında eşitmə problemi var.

Nuron: Bəli var.

Toma: Ananın ödündə qalınlaşma var. Qara ciyərində ağrı var, sidik kanalında problem var, ayağı ağrıyır. Bir ayağının damarları tutulub. Şəkər xəstəliyi var?

Nuron: Hə, düzdür. Amma şəkəri yoxdur.

Toma: Bəs burada şəkər xəstəliyi kimdə var? Şəkər iyi gəlir...

Vüsal: Mənim anamda var bu xəstəlik...

Toma ilanla oynamağa başlayır: “Mən bayaqdan bununla oynamıram, artıq hirslənir...”

Vüsal:
- Toma xanım, bir sualım var. Gələcək hələ yoxdur axı... olmayan bir şeyi necə demək olar?

- Mənə iy gəlir, mən də deyirəm. Deyirəm ki, evin olacaq, maşının olacaq, başqa bir işin olacaq. Allahın iznilə bütün bunları deməyi bacarıram. Xəstəlik olanda iyi gəlir mənə. Məsələn, insan itkisi olub, kimsə gedib qayıtmayıb, mən həmin adam haqqında informasiya verməyi bacarıram.

-Onda belə çıxır ki, gələcək hazırda var?

- Bəli, gələcək var. Amma bir ölümü demirəm, bir də övlad sahibi ola bilməməyi. Yazığım gəlir.

- Əgər gələcək indidən varsa, onda bəxt, tale də var?

- Bəli, kimsə yanıma gəlir ki, filankəslə ailə qurmaq istəyirəm. Mən deyirəm ki, boş görürəm. Gedir və ailə həyatı alınmır.

- İnformasiya sizə necə gəlir? Necə görürsünüz bunu?
- Mən görürəm. Məsələn, sizin həyətinizin qoxusu ilə sizə gedə bilərəm. Ancaq itən əşyanın, insan itkisinin, məsələn, qızılın kimin götürdüyünü açıqlamağa icazə vermirlər.

- Kim icazə vermir?

- Vermirlər də.

- Yanınıza çox adam gəlir?

- Şükür Allaha, gəlirlər. Görsəm ki, yanıma gələn adam çətin adamdır, deyirəm ki, mənlik deyil. Tərbiyəsiz deyiləm kimi isə qovum, sadəcə deyirəm ki, otur çayını iç, çörəyini ye, amma mən sənin üçün baxmayacağam. Aurası, iyi xoşuma gəlmədisə, mən həmin adamla iş görmürəm.

- Ən çox bilmək istədikləri nədir?

- Qız bəxtinin açılması. Qoca-qoca arvadlar gəlir ki, ərə getmək istəyirəm.

- Tanınmışlardan kimlər gəlir?

- Bu suala heç vaxt cavab vermirəm.



- Burada bizimlə işləyən iki nəfərin şəkilini göstərsək, baxıb nə deyə bilərsiniz?

- Şəklə baxır: Bunda başqa problem var, özü razılıq vermədən sizə heç cür deyə bilmərəm.

Digər şəklə baxır və Nurana tərəf dönür:
- Bu qız sənin nəyindir? Sevir səni. Sevgi qoxusu gəlir. Bu qız səninlə nəfəs alır. Beynində sənsən.

Başqa bir şəkil göstəririk

- Bəs bu qız?

Toma: - Yaxşı qızdır, tez acıq edəndir. Tərs qızdır, dediyini yeritməlidir. Şöhrətpərəstdir.

Anardan soruşur:
- Sənin qoluna nə olub? Onurğanda əyrilik var. Qolun da əyilə bilər...

- Toma xanım, yanınıza çox insan gəlir, hərəsinin bir problemi var. Belə problemlərlə üzləşəndə ağırlaşmırsınız?

- Ən çox cin çıxaranda elə olur. Ruh çıxaranda, cadu çıxardanda da halım pisləşir.

- “Cin” deyilən şey nədir axı?

- Balaca, tüklü olurlar. Ən çox namaz qılan insanların içinə girirlər.
Bir də görürsən, mənim içimə cin girir. Haldan-hala düşürəm. Bir-iki günə özümə gəlirəm. Belə olanda mənə deyirlər haqq yoluna gəl. Axı mən haqq yolundayam, heç kimə pislik etmirəm. Xəstə yanına aparanda pul almıram.

- Bəs o cinlər haradadır? Niyə heç kim onları qeydə almır?

-Hamının içində cin var. Əsəbləşəndə üzə çıxır. O deyirlər e, “beynimə cin vurdu”, doğru fikirdir. Amma cinlər də müxtəlif olur. Mənim ofisimə gələndə cinlərimi görə bilərsiniz. İlanlar isə mənim həyatımdır, birinci Allahı, ikinci ilanları, sonra övladlarımı istəyirəm.

- Proqnozlarınız neçə faiz düz çıxıb?

- Tərfiləmirəm özümü, amma yanıma gələnlər başıma and içirlər. Bütün ölkələri gəzmişəm. Almaniyada aeroportdan çıxanda almanlar məni tanıdı, yığıldılar başıma.

- Məşhur bir yanaşma var: əgər falçılar gələcəyi görə bilirsə, idman oyunlarının proqnozunu versinlər...

- Bizə icazə vermirlər.

- Amma özünüz bilirsiniz oyunun proqnozunu?

- Bəli.

-Gələcəyi demək təhlükəlidirmi?

- Bəzən hə. Bir də görürsən ki, şəkil gətirirlər, axı mən necə deyim ki, həmin adam rəhmətə gedəcək. Şəkli də, ödənişi də geri qaytarıram ki, mənlik deyil. Həmin adamın pulunu necə yemək olar?

- Özünüzün və ailə üzvlərinizin gələcəyinə baxırsınız?

- Baxa bilmirəm. Amma kürəkənimə, gəlinimə baxa bilirəm. Kürəkənim hara gedirsə, bilirəm. Kürəkənim qızlarla çox danışırsa, deyirəm iyin gəlir a, özünü yığışdır...

- Cadu var?

- Hə, bəs necə...

- Deyə bilərsinizmi, bizim aramızda cadu olunan kimsə varmı?

- Cadu yox, amma göz, nəfs çoxdur. Sizdə özü də lap çoxdur (Vüsalı göstərir).



- Başqa ektrasenslərlə münasibətiniz necədir?

- Heç birilə dostluq etmirəm. Bir də görürsən, yanıma kimisə göndərirlər ki, dərs keçim. Qəbul etmirəm. Mən iy ilə baxıram, necə öyrədim axı?

- Özünü ekstrasens kimi təqdim edənlərin arasında fırıldaqçlar çoxdurmu?

- Bu barədə danışmaq istəmirəm.


- Fala baxmağın müxtəlif növləri var. Bunun nəticəyə təsiri varmı?

- Ekstrasens var, yanına gələndən soruşur ki, nə üçün gəlmisən. Mən heç vaxt soruşmuram. İçəri girdi, mən artıq başlayıram danışmağa. Mən sənə deməliyəm də. Əgər sən deyəcəksənsə, o, nə baxıcılıq oldu?

- Pis niyyətlə gələnləri hiss edirsiniz?

- Çox. O dəqiqə atıram bayıra. “Bunun balasını öldür”, “Elə et toyu qara gəlsin” və s. Günah deyilmi? Allah heç bir anaya bala dağı göstərməsin. Mən o pulu yeyə bilmərəm. Bir dəfə o qədər ağlamışam ki... Deməli bir qadın gəlib yanıma deyir ki, onun balasını öldür, mənim qızımı almayıb. Həmin dəqiqə çölə çıxardım o qadını. Mənim də axı balalarım var.

- “Qurd yağı”, “ölü torpağı” deyilən bir şey həqiqətən varmı?

- Var. Onların vasitəsilə kimsə işdən çıxır, kimsə evini tərk edir... Amma ölən olmur, çünki ömrü Allah yazır. Mən cadunun iyi ilə, harada basdırılıbsa, gedib tapıb çıxarıram.

- Dualar necə? Yazıb boyundan asılan dualar təsir göstərə bilərmi?

- Yox, təsiri yoxdur. Mən deyirəm ki, atın onları dənizə. Boş şeylərdir.

- Əlinizdə olsaydı, görücülükdən imtina edərdinizmi?

- Yox, ölərəm. Mən bir gün baxmayanda yaşaya bilmirəm. İlanın iyi olmasa, mən ölərəm.

Mirvari Nəcəf
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti