Azərbaycanda ürək əməliyyatında yenilik

Azərbaycanda ürək əməliyyatında yenilik
  23 Sentyabr 2014    Oxunub:1313
Azərbaycanda ilk dəfə "kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi əməliyyatı" (TAVİ) həyata keçirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən verilən məlumata görə, əməliyyat ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Klinikada icra edilib. Əməliyyat 79 yaşlı qadın üzərində aparılıb.

Əməliyyat Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı, dosent Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.

Ürəyin qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər geniş yayılıb. Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə protezləşdirilməsidir. Xüsusilə, yaşlı və ciddi riskli xəstələrdə bu metod effektiv bir metod kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla əməliyyatın riski olduqca yüksəkdir.

K.Musayevin verdiyi məlumata görə, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ-da 2007-ci ildən etibarən tətbiq olunur: "Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metodu ilə xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq prosedurlarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Bu əməliyyat üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatlara başlamaq üçün hazırlaşırdıq".


Teqlər:





Xəbər lenti