Təhsil nazirindən direktorlara tapşırıq
Əmrdə bildirilir ki, 2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.
Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.
Nazir eyni zamanda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırıq verib.
Bildirilir ki, 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin.
Eyni zamanda əmrdə dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı bu hallar üstünlük təşkil etsin: Təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta balı; İşəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilə olduğu təqdirdə; Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara.
Şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim edilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Sevinc İltifatqızı
AzVision.az