Səlim Müslümov prezidentin təbrikini səfirə çatdırdı

Səlim Müslümov prezidentin təbrikini səfirə çatdırdı
  19 Sentyabr 2014    Oxunub:1403
Sentyabrın 18-də Bakıda Moldova Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 23-cü ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.
AzVision.az xəbər verir ki, rəsmi qəbulda çıxış edən Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfiri İqor Bodiu olkəsinin tarixi və bu günü barədə məlumat verib. İkitərəfli əlaqələrdən danışan səfir bildirib ki, Moldova ilə Azərbaycan arasında 53 müqavilə və sazişdən ibarət möhkəm hüquqi baza yaradılıb, iqtisadi, o cümlədən enerji sahəsində əlaqələrin uğurlu inkişafı üçün böyük potensial var.

Diplomat deyib ki, separatizmdən əziyyət çəkən bir ölkə kimi Moldova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə Moldova xalqını təbrik edib, ona sülh və əmin-amanlıq, ərazi bütövlüyünü bərpa etməyi arzulayıb.

“Azərbaycan Moldova Respublikasının ərazi bütövlüyünü tam dəstəkləyir”,- deyən nazir ölkələrimiz arasında sıx əlaqələrin olduğunu qeyd edib. O, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu söyləyib və bildirib ki, son 20 ildə Azərbaycan prezidentləri Moldovaya iki dəfə, Moldovanın dövlət başçıları isə Azərbaycana üç dəfə səfər ediblər.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və ictimayyətin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti