`Üç qızın başını yarmışam` - Aqşin Yenisey

`Üç qızın başını yarmışam` - Aqşin Yenisey
  16 Sentyabr 2014    Oxunub:3279
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü yaşadıqlarımızdır.

Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Şair Aqşin Yenisey AzVison.az-a deyib ki, onu xüsusi mərasimlə məktəbə aparan olmayıb:

- Mən Azərbaycanın ən yaddan çıxmış, ən ucqar bir kəndində orta məktəbə getmişəm. Özü də bizim orta məktəb 3 illik idi. Evimiz də məktəbin böyründə yerləşirdi.

Adi kənd uşağı kimi, heç məktəbin yerini də yaxşı bilmirdim. Gördüm ağ köynəkli uşaqlar gedir, dallarınca düşdüm, mən də getdim. Axırda məlum oldu ki, məktəbə gedirmişlər.

Birinci sinfə gedəndə elə ilk dərs günü özümdən böyük uşaqlarla dalaşdım. Sonra da fikirləşdim ki, mən məktəbə getsəm, hər gün dalaşası olacağam. Qayıtdım evə gəldim, daha məktəbə getmədim. Bir də növbəti il məktəbə getdim.

Səhərisi gün anam soruşanda ki, nə olub? Dedim ki, mən məktəbə getmirəm, məktəbdən xoşum gəlmədi. Orada mütləq kiminləsə dalaşmalısan. Həm buna hazır deyiləm, həm də mənim məktəbdən xoşum gəlmədi. Ondan sonra evdən dedilər ki, yaxşı, qal.

Mənim həmçinin yaşım bir il məktəbə çatmırdı. Evdə də xüsusi maraq olmadı ki, sabahısı qolumdan tutub məktəbə qaytarsınlar. Sən demə, elə hamı gözləyirmiş ki, məktəbdən imtina edib, evə qayıdım. Bir il evdə hərfləri öyrəndim, artıq birinci sinfə gedəndə əlifbanı, birinci sinfin materialını çox yaxşı mənimsəmişdim. Hətta belə söz də var idi ki, məni birbaşa ikinci sinifə keçirsinlər. Sadəcə evdə razılaşmadılar.

Həddindən artıq dəcəl olduğuma görə orta məktəbdə çox çırpılmışam. Çünki bütün məktəbdə baş verən qalmaqalların mərkəzində mən dayanırdım. Hər davada, söhbətdə deyirdilər ki, Aqşin edib. Məktəbdə müəllimlər, evə də gəlirdim valideyinlər döyürdü . Ancaq oxumağımda heç bir problem yox idi. O barədə nümunəvi olmuşam həmişə.

Maraqlı əhvalatlar çox olub məktəb illərində. Üçüncü sinifdə oxuyanda dalaşdığım oğlanlar məni məktəbin zirzəmisinə salıb, ağzımı bağlamışdılar. Axşama qədər məni zir-zibilli zirzəmidən buraxmadılar.

Bir də yadıma gəlir ki, bir dəfə 3 qızın başını daşla yardım. Bir az çəlimsiz uşaq idim, amma zirək idim. Qızları öyrətmişdilər ki, gedin Aqşini döyün. Üç qız töküldü üstümə, başladılar məktəbin həyətində məni döyməyə. Bilmədim neyləyim, yerdəki daşı götürüb hamısının başını yarmağa başladım. Qadınlarla münaqişəmin əsası belə qoyuldu.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti