ABŞ-ın gizli Qarabağ planı: hədəf Rusiyadır, yoxsa...?

ABŞ-ın gizli Qarabağ planı: hədəf Rusiyadır, yoxsa...?
  10 Sentyabr 2014    Oxunub:2885
ABŞ-ın Qarabağ siyasətinin pərdəarxası: məqsəd nədir Qarabağı azad etmək, yoxsa Rusiyanı vurmaq?

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrindən olan Amerika Birləşmiş Ştatları xeyli fəallaşıb. Bu, NATO-nun Zirvə toplantısı çərçivəsində ABŞ dövlət katibinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistanın prezidentlərinin görüşündə özünü göstərdi.

Bundan əlavə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” hesabında qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri Qarabağ danışıqlarda vasitəçilik missiyasını öz üzərinə götürməyə hazırdır.

Xatırlayırsınızsa Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinin NATO sammitindəki görüşündə Qarabağ münaqişəsi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar hesab edir ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.

Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə çağırıb.

İllərdir Azərbaycanın Dağlıq Qarabağ probleminə ikili standartlar çərçivəsinə yanaşan ABŞ-ın gərgin Rusiya-Qərb münasibətləri fonunda münaqişənin həllinə diqqət ayırması maraq doğurur.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ-ın bu məsələdə aktiv görünməsi heç də təsadüf deyil. Birləşmiş ştatların Qarabağ planının pərdəarxasında Rusiya dayanır. Belə ki, ABŞ və Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyi məqamda Qarabağın gündəmə gətirilməsi Moskvanı zəiflətmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

ABŞ-ın münaqişə ilə bağlı fəallığının səbəbi nədir? Bu, Rusiya ilə Azərbaycan münasibətlərini korlamağa xidmət edirmi?

Məsələ ilə bağlı Milli Məclisin təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc AzVision.az-a açıqlama verib.

Deputat bildirib ki, Con Kerrinin israrlı xahişi ilə prezidentlərin görüşünün NATO-nun Zirvə toplantısı çərçivəsində reallaşması öz-özlüyündə istər ABŞ-ın, istərsə də Qərbin Qarabağ məsələsinə yanaşmasının dəyişdiyini sübut edir:

“İllərlə Rusiyaya bu məsələdə əsas təşəbbüsü verməklə razılaşan Amerika hazırki dönəmdə Ukrayna ətrafındakı məlum qarşıdurma fonunda qonşu ilə çox ağır və ciddi siyasi-iqtisadi müharibə vəziyyətindədir. Belə olan təqdirdə mümkündür ki, Qafqaz cazibədar bir məkan kimi təzədən revanş götürməyə görə, Qərbin diqqətini cəlb etmiş olsun.

Xatırlayırsınızsa 2008-ci ildə avqustun 8-də Rusiya və Gürcüstan arasındakı məlum toqquşmadan sonra Azərbaycan və Ermənistan prezidentlərinin 11 və ya 12 dəfə görüşləri məhz Rusiya dövlətinin rəhbərlərinin təşəbbüsü, münsifliyi və birbaşa iştirakı ilə keçirilirdi. Amerikanın təmsilçiləri o zaman sanki seyrçi idi və burada ümumi müşahidəni həyata keçirirdilər.

İndi isə Con Kerri səviyyəsində bu məsələyə müdaxilə edirsə və böyük sülh sazişinin bağlanması ilə bağlı çağırış edilirsə, həmçinin müharibənin istisna edilməsi üçün tərəflərə bununla bağlı çağırış bildirilirsə çox ehtimal ki, qarşıdakı dönəmdə Barak Obamanın da təşəbbüsü ilə və hətta iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər. Mən bunu ümumi hadisələrin siyasi məntiqinə analiz edərək deyirəm. ABŞ-ın fəallığı fonunda Barak Obama səviyyəsində bu məsələyə münasibət göstərilməsini onlar çox əhəmiyyətli sayırlar”, -deyə Z.Oruc qeyd edib.

“Bəs bu proses Azərbaycana fayda verəcəkmi? Yəni, Rusiya ilə münasibətlərimizə necə təsir edəcək? sualını deputat belə cavablandırıb.

“Hesab edirəm ki, Azərbaycan dövlətinin rəhbəri bu proseslərin fərqindədir. Yəni ABŞ-ın bu fəallığı Qarabağ münaqişəsinin həlli üçündür, yoxsa regionda öz mövqelərini genişləndirmək və Rusiyaya zərbə vurmağa görə? Ölkə rəhbərliyi bu sualın cavabını çox yaxşı bilir. Ona görə də heç bir halda Azərbaycanın addımlarını Amerikanın bu məsələdə fəallığını Rusiya əleyhinə bir prosesə çevrilməyəcəyinə də əminəm”-deyə Z.Oruc şərh edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti