İsmayıllıda meşə yanğını söndürüldü

İsmayıllıda meşə yanğını söndürüldü
  30 Avqust 2014    Oxunub:1276
Bir neçə gün əvvəl İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində baş vermiş yanğın 29 avqust 2014-cü il tarixində saat 19 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yüksək dağlıq ərazidə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən və küləklə müşayiət olunduğundan yanğının söndürülməsi xeyli çətinlik yaratmışdı.

Eyni zamanda, yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranmışdı. Belə ki, yanğının qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib. Közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə olunmaqla tədbirlər görülüb. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb. Əraziyə cəlb olunmuş FHN-in aviasiya və canlı qüvvəsinin, ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində hazırda yanğının tam olaraq qarşısı alınıb.

Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 20 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 4 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti