Dərsə gedən bir uşaq.... - REPORTAJ

Dərsə gedən bir uşaq.... - REPORTAJ
  29 Avqust 2014    Oxunub:20125
İş dəftəri, qələm, çanta və məktəbli geyimi...

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq valideynlər məktəb hazırlığı üçün alış-verişə başlayıblar. Şagirdlər səbrsizliklə ilk dərs gününü gözləsələr də valideynlər bir o qədər sevinə bilmirlər. Dərs ləvazimatları, məktəbli forması və daha nələr-nələr almaq lazımdır ki, uşaqlar tam hazırlıqlı məktəbə yollansınlar.

Məktəb hazırlığı üçün nə qədər pul lazımdır?

AzVision.az əməkdaşı bu suala aydınlıq gətirmək üçün üz tutub məktəbli geyimləri satılan mağazalardan birinə.

Əvvəla qeyd edək ki, məktəbli formalarının qiyməti Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və şagirdin sinfinə görə dəyişir.
Formalar həmçinin şagirdin yaşı ilə yanaşı, həm də boyunun uzunluğu və çəkisinə uyğun tikilir.

İbtiadi sinifdən başlayaraq 6-cı sinfə qədər şagirdlər üçün geyimlərin qiyməti belədir:

26-44 ölçülü kostyum 30 manat, köynək və jiletin hər biri isə 5 manatdır.

Yəni ümumilikdə I-VI siniflər arası şagird üçün forma 40 manata başa gəlir.



VII-XI siniflər üçün isə 34-54 ölçülü kostyumun qiyməti 40 manatdır. Köynək və jiletin hər biri 6 manatdır. Ümumilikdə isə geyim 52 manata başa gəlir.

Deməli, övladı birinci sinfə gedən valideyn ilk olaraq məktəbli formasına 40 manat xərcləməlidir.

Məktəbli formasından sonra digər ən vacib ləvazimatları sıralasaq növbədə çanta, ayaqqabı və iş dəftəri durur.

Geyimlərin qiymətini öyrəndikdən sonra məktəb ləvazimatları – iş dəftəri, qələm, dəftər, çanta və s. – satıldığı mağazaya yollanırıq.
İlk olaraq çantaların qiymətini öyrənirik. Satıcının sözlərinə görə, orta statistik azərbaycanlının aldığı çantaların qiyməti 6 manatdan 35 manata qədər dəyişir. Qeyd edək ki, bu qiymət miniumum məbləğdir. Daha yüksək qiymətlərə də çanta almaq mümkündür.

Çantanın içinin genişliyi, çanta ilə birgə qələm qabının olub-olmamasına uyğun olaraq qiyməti dəyişir. İş dəftərlərinin isə qiyməti 2 manat 50 qəpikdən 4 manata qədər dəyişir. İbtidai sinifdə 4 fənn üçün iş dəftəri tələb olunur. Beləcə minimum 10 manat, maksimum isə 16 manat pul iş dəftərinə xərclənməlidir.
İbtidai sinif üçün dəftərlərin qiyməti 10 qəpikdən başlayır.

Bəzisinin qiyməti isə 2 manat, 3 manat 50 qəpik də olur.

Nəzərə alsaq ki, ibtidai sinifdə gündəlik dərslərdən əlavə imla və inşa dərsləri üçün də dəftər tələb olunur, onda ən azı 10 dəftər almaq lazımdır.



Albom, rəngli karandaş, qara qələm ...

Məktəb alış-verişi təkcə bunlarla kifayətlənmir. Rəsm dərsi üçün albom, rəngli karandaş, qara qələm, pozan, qələmyonan, sulu boya almaq lazımdır. Həmçinin, əmək təlimi üçün plastilin, şagirdlər üçün tikiş dəsti və s.da lazım olur ki, bunların da hər birinin qiyməti keyfiyyətinə, onların istehsalçısına görə dəyişir.
Keyfiyyətli məhsula üstünlük verən valideynin isə təbii ki, xərci daha çox olur.

Yuxarı siniflərə qalxdıqca isə fənnlərin sayının artması xərcləri də artırır. Məsələn, rəsmxətt dərsi üçün pərgar dəstinin qiyməti 1.50 manatla 8 manat arasında dəyişir.

Satıcının sözlərinə görə, mağazadakı pərgarların arasında ən yaxşısı elə 8 manata satılandır. Çünki onun istehsalçısı olan firma keyfiyyətli məhsul buraxır. Üstəgəl içində ehtiyat hissəsi də var. Orta hesabla minimum 100 manat xərcləmək lazımdır ki, məktəbə ilk dəfə gedən şagirdin bütün tələbatını qarşılamaq mümkün olsun. nəzərə alsaq ki, Azərbaycan ailələrinin böyük əksəriyyətində ən azı iki uşaq var, o zaman bu xərc iki dəfə artır.
Qeyd etdiyimiz kimi yuxarı siniflərə qalxdıqca xərclər də çoxalır. Həm yeni fənnlərin əlavə olunmağı, həm də universitetə hazırlaşmaq üçün alınan test kitabçaları məktəb xərcini xeyli çoxaldır. Onu da nəzərə almaq lazımdır ki, həm iş dəftərləri, həm də test kitabçaları az qala hər il yenilənir və yenilənmə onların qiymətindən də yan keçmir.



Məsələn, bir neçə il əvvəl 1 manat 50 qəpiyə iş dəftəri var idisə, indi minimum qiymət 2 manat, 2 manat 50 qəpik təşkil edir. Eləcə də test kitabçaları bir neçə il əvvəl 1 manata satılırdısa, indi bu qiymət 2 manatdır.

Bu məqamda V.İ.Lenin yaxşı deyib ki, “oxumaq, oxumaq, yenə də oxumaq”. Napaleon Bonopart isə oxumaq əvəzinə belə deyib: “pul, pul, pul...”.

Bu gün azərbaycanlı valideyn isə bu deyimin hər ikisini deməli olur: oxumaq və pul.

Fatimə Kərimli
Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti