Radikal müxalifətçi olmağın 10 qaydası

Radikal müxalifətçi olmağın 10 qaydası
  29 Avqust 2014    Oxunub:10759
Vüsal Məmmədov

Azərbaycanda “radikallar” adlanan maraqlı bir zümrə var. Bunlar həm də ona görə radiKAL sayılırlar ki, hələ yetişməyiblər – hamısı ortaq bir kal zehniyyətə sahibdir. Az-maz yetişən müxalifətçi radiKALlıq ağacından qopub düşür. Qalanlar isə sanki xüsusi proqramlaşdırılmış bir təfəkkürlə yaşayırlar. Gəlin, həmin proqramı çözməyə çalışaq.


Əgər siz də radiKAL olmaq istəyirsinizsə, bunun üçün düşüncə və danışıq tərzinizdə bəzi dəyişikliklər etməniz vacibdir. Çox uzağa getməyin, bu siyahıdakı tələbləri yerinə yetirsəniz, təbrik edirik, radikallıq imtahanından keçmiş sayıla bilərsiniz. Bundan sonra ölkənin AXCP, Müsavat kimi tanınmış radiKAL partiyalarının qapıları üzünüzə açılacaq, xarici qrantlar uğrunda müsabiqələrə qoşula biləcəksiniz.

Beləliklə, radikal müxalifətçi olmaq üçün əsas tələblər:

1) “Hakimiyyət” sözünü işlətməyin.
Mütləq “rejim” deyin və yazın. Bu, əsas şərtdir. Molla hər abzasını salavatla bitirdiyi kimi, siz də nədən danışmağınızdan asılı olmayaraq, hər 10 cümlədən bir “Bu rejim gedəcək” cümləsini işlədin. Məsələn, tutaq ki, Kayahanın “Bir aşk hikayesi” mahnısını oxuyursunuz. Düzgün oxunuş belə olmalıdır: “Çok kızardın siqara içtiyime və içkimə karışırdın, uzun-uzun zararlarını anlatırdın bana... Ara-sıra rejim yapardın, bu rejim getməlidir və gedəcək!”

2) Bütün yaxşı işlərin, hətta olmasa belə, pis tərəfindən danışın. Məsələn, əgər hakimiyyət ağac əkibsə, deyin ki, “Bu Çinar ağacının meyvəsi olmayacaq, çünki bu hakimiyyətin əkdiyi ağaclar bəhər vermir!” Əgər hakimiyyət su çəkibsə, bəyan edin ki, “Bizə içirdilən bu suyun formulu H2O-dur, amma əslində H3O olmalı idi, sadəcə, məmurlar “haş”ın birini oğurlayıblar!” Bir sözlə, heç nəyə yaxşı demək olmaz!

3) Facebookda və digər sosial şəbəkələrdə “Lider TV” sözünü mütləq “Pider TV” kimi yazın. Bunu etməklə nə qədər vətənpərvər, cəsur, üstəlik, şair qəlbli olduğunuzu ortaya qoyursunuz. Əgər televiziyanın əməkdaşlarını da “...pider əməkdaşlar” adlandırsan, onda ümumiyyətlə, səndən yoxdur, necə deyərlər, “nəyi var” oğlansan, zəmanəmizin Çe Ge Avarasısan! Radikallar başına and içəcəklər!..

4) Bil ki, radiKAL müxalifətçilər nə etsələr də, bunu xalq üçün edirlər. Radikal müxalifətçi qrant almır, bu yolla ölkəyə xaricdən kapital cəlb edir. Radikal müxalifətçi sekslə məşğul olmur, xalqın genefondunu zənginləşdirir. Radikal müxalifətçi əgər zəngin həyat sürürsə, bunu ancaq hakimiyyətdə olanların məntiqini başa düşmək üçün edir. Radikal müxalifətçi xaricə işləyirsə, məqsədi ölkədə işsizlərin sayını heç olmasa bir nəfər azaltmaqdır... Bir sözlə, nə edirsə, deməli, düz edir və xalq üçün edir!

5) Radikal müxalifətçi əgər hətta bazlıq eləmək üçün Avropaya getsə belə, avtomatik olaraq, `siyasi mühacir` sayılır. Çünki bu rejim ona vətənində rahat bazlıq eləmək üçün şərait yaratmayıb. Və o, Avropadan nə desə, burada əməl eləmək lazımdır. Adam əgər Avropada yaşayaraq, Azərbaycandakı gəncləri qızışdırıb meydana səsləyirsə, deməli, yaxşı insandır, bizim qayğımıza qalır. Pis insan olsa, getmişkən Avropada kefini çəkərdi də, daha hakimiyyəti... pardon və sorry, rejimi niyə söyürdü ki? Söyürsə, deməli, yaxşı adamdır.

6) Hakimiyyətə müsbət yanaşan kim varsa, hamısına “yaltaq”, “şərəfsiz”, “satqın” kimi adlar qoy. Dəxli oldu-olmadı, internetdə harada qabağına çıxsalar, bu cür təhqirlər yaz. Söyüş söy. Amma anonim adlarla. Çünki tutalım, o, şərəfsizdirsə, sənə nə gəlib? Sən axı kişi adamsan, öz adınla yazsan, sən də onun tayı olarsan!

7) Hətta ən mənasız bir məmur belə, nə axmaq iş görsə, o dəqiqə “rejim”in ayağına yaz! Tutaq ki, kənd məktəbində bir müəllim süpürgə pulu istəyib. Dərhal soruş ki, “Bəs hakimiyyət hara baxır?” Amma müxalifətçilərin qohumları, yaxınları nəyisə mənimsəyəndə bəyan elə ki, bu, əslində onların halal haqqıdır, sadəcə, vaxtilə rejim əllərindən alıbmış. İndi bunlar Robin Qud kimi, hakimiyyətin vaxtilə xalqdan oğurladıqlarını xalqın bir təmsilçisinə - yəni özlərinə qaytarırlar.

8) Həmişə hər yerdə xalqın acından öldüyünü de. Sübut üçün zibil yeşiyində nəsə axtaran bir bomjun şəklini tap və hər həftə bir radikal səhifədə paylaş. Əgər kimsə səndən soruşsa ki, xalq acından ölürsə, niyə şəhərdə maşın əlindən tərpənmək olmur, niyə əyləncə mərkəzlərində, restoranlarda həmişə basabasdır, iddia et ki, onların hamısı məmur qohumlarıdır! Əgər tutuzdurmasa, onda de ki, Azərbaycanda ancaq varlılar və kasıblar var, orta təbəqə yoxdur. Bu fikir nisbətən daha ağıllı göründüyü üçün tutuzdurmalıdır.

9) Birdəfəlik bil və yadda saxla: Radikal müxalifətçi hətta qız zorlamaq üstündə tutulsa belə, yenə də siyasi məhbusdur. Qıza sataşmağa görə döyülsə də, siyasi sifarişlə döyülmüş sayılır. Çünki onun hər şeyi siyasidir, hətta bazlığı da!

Müxalifətçi gənclərin qəribə bir populyasiyası da var: Onlar hakimiyyət yönümlü mediada çalışır, amma facebook-da və şəxsi təmaslarında özlərini müxalifətçi kimi təqdim edir, elə də aparırlar. Növbəti məsləhət xüsusi olaraq onlara aiddir.

10) İddia et ki, harada işləməyinin məsələyə dəxli yoxdur. Çünki sən pula satılmamısan, əslində bir partizansan, hakimiyyət mediasında işləyə-işləyə iqtidara qarşı çıxırsan. Bununla da göstərirsən ki, `cool`-san, Ştirlitssən, Polat Aləmdarsan, bir sözlə, əjdahasan. Görsən ki, tutuzdura bilmədin, başla azad seksdən danışmağa, mentaliteti söy...

Və sonda yetişmək istəyənlər üçün:

Sadəcə, vicdanlı olun, düzgün olanı deyin və doğrunun tərəfini tutun. Bilin ki, pislər də, pislik də, haqsızlıq da hər yerdə var. Önəmli olan əsas xətt, ana ideyadır. Əgər bu əsas xətt Azərbaycanın xeyrinədirsə, doğru yöndədirsə, hansısa problemlərə görə ona qarşı çıxmayın. Yeməyi milçəkdən ayırın, milçəyi elə milçək kimi görün və qovmağa çalışın. Və bilin ki, milçəklər həmişə hər yerdə olacaq. Bu, yeməyə qarşı çıxmaq üçün əsas deyil.


Teqlər:  





Xəbər lenti