İntihara cəhd edənlər: Onları hansı cəza gözləyir?

İntihara cəhd edənlər: Onları hansı cəza gözləyir?
  22 Avqust 2014    Oxunub:6950
Bu gün Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd Fəqan Nəsibovun bu addımı mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı.

Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını deyən F.Nəsibovun bu müraciəti Baş prokuror tərəfindən nəzarətə götürüldü və qanunamüvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi.

Bəs görəsən, Bakını ayağa qaldıran bu şəxsi, ümumiyyətlə intihar etməyə cəhd edən şəxsi hüquqi qanunvericilikdə hansısa cəza tədbiri gözləyirmi?

Məsələ ilə bağlı AzVision.az-a danışan hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, intihar etməyə cəhd göstərən şəxs məsuliyyətə cəlb olunmur:

“Ancaq onun özünə qəsd etməsinə, öldürmə dərəcəsinə çatdıran şəxs qanunvericilikdə məsuliyyətə cəlb olunur. Özünü öldürmə dərəcəsinə çatdırmanın səbəbləri araşdırılır, ətrafları, qohumları dindirilir. Bütün detallar araşdırılır. Əgər intihara səbəb olan subyektlər varsa, cinayət məsuliyyətinə cəlb olunur. Məsələn, həyat yoldaşına qarşı amansız rəftar, evdə uşaqlara qarşı edilən amansız rəftar uşağı özünü öldürmək həddinə gətirib çıxarırsa, bunu istintaq orqanı sübuta yetirsə, valideynlər məsuliyyətə cəlb olunurlar. Ancaq, yenə deyirəm, intihara cəhd edən adam məsuliyyətə cəlb olunmur”.

Hüquqşünas qeyd edir ki, intihara əl atan şəxsin psixoloji problemlərinin olduğu müəyyən edildiyi təqdirdə, həmin şəxs məcburi şəkildə müailəcəyə göndərilməlidir.

“İntihar etmək istəyən şəxs cəmiyyəti özünün problemlərinə cəlb etmək və problemlərini həll etmək üçün bu yola əl atır.İnsanın öz həyatına qəsd etməsi müxtəlif səbəblərdən, müxtəlif amillərdən doğur. Alimlər, eləcə də hüquqşünaslar müəyyən edir ki, intihar əksər hallarda psixoloji amillərlə bağlıdır. İnsan rast gəldiyi çətinliyi aşa bilmir, çıxılmaz vəziyyətə düşür, həyatdan bezir və özünə qəsd etmək kimi addımı atmağa vadar olur. Əgər, intihar etməyə cəhd edən şəxsin psixoloji problemlərinin olduğu aşkar edilərsə, həmin şəxs məcburi şəkildə müailəcəyə göndərilir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti