Nazirlik meriyanı 40 min cərimələdi

Nazirlik meriyanı 40 min cərimələdi
  18 Avqust 2014    Oxunub:2997
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Nəsimi rayonunda nadir ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidməti AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində Bakı Abadlıq Xidməti MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi 22B və Asəf Məhərrəmov küçəsi 2/51 ünvanlarda abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsi üçün müraciət edilib. Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin 12 avqust 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub.

Şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40000 manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti