“İşverən”, səviyyəsiz... - Xədicəyə cavab verdilər

“İşverən”, səviyyəsiz...  - Xədicəyə cavab verdilər
  05 Avqust 2014    Oxunub:5577
Azərbaycanın hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı jurnalist Xədicə İsmayılın onlar haqda səsləndirdiyi ittihamlara reaksiya verib.

Heç bir əsas olmadan xanım hüquq müdafiəçilərini Azərbaycan hakimiyyətinə işləməkdə ittiham edən X.İsmayıl layiqli cavabını alıb.

AzVision.az-a açıqlamasında jurnalistin qərəzli fikirlərindən xəbərdar olduğunu deyən Səidə Qocamanlı özünü Xədicə İsmayılın səviyyəsinə salmaq istəmədiyini deyib.

“O cür insanların səviyyəsinə düşmək, aşağılanmaq istəmirəm”-deyə S.Qocamanlı lokonik cavabla jurnalistə yerini göstərib.

Digər hüquq müdafiəçisi Səadət Bənənyarlı hazırda Bakıda olmadığını və vətənə qayıtdıqdan sonra Xədicə İsmayılın cavabını verəcəyini deyib:

“İndi Bakıda deyilik. Xəbərimiz var, məsələlərdən. Gələndə mətbuat konfransı keçirəcəyik və bu söz-söhbətlərə aydınlıq gətiriləcək. Bilirik ki, orda olmayanda hansı söhbətlər yaranıb”.

Əlavə edək ki, hüquq müdafəçisi Novella Cəfəroğlu da Xədicə İsmayılı cavabsız qoymayıb. N.Cəfəroğlu açıqlamasında hətta X.İsmayılın “işverən” olduğunu dilə gətirib.

“Əgər Xədicə İsmayıl məni hökumətlə əməkdaşlıqda ittiham edirsə, mən də bildirirəm ki, elə Xədicə özü onun haqqında yayılan videodan sonra hakimiyyətlə işbirliyi qurub. Bəli, mən və bizim monitorinq qrupu hökumətlə əməkdaşlıq edirik. Amma onun kimi əməkdaşlıq etmirik. Mən hökumətlə dialoq aparıram. Məhbusların hüquqlarını müdafiə edirəm, mən Xədicə İsmayıl kimi “işverənlik” etmirəm”.

Qeyd edək ki, Xədicə İsmayıl Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsi ilə bağlı keçirilən tədbirdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.Qeyd edib ki, hüquq müdafiəçiləri Novella Cəfəroğlunu, Səadət Bənənyarlını və Səidə Qocamanlını hakimiyyətlə əməkdaşlıq edib, siyasi məhbusların maraqlarını satır.

O bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir: “Biz yığışaraq, bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar.”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti