Nazirlik liseyə şagird axtarır

Nazirlik liseyə şagird axtarır
  31 İyul 2014    Oxunub:1251
Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilib.
Təhsil Nazirliyinidən AzVision.az-a verilən məlumata görə, liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaq. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcək. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin profilinə uyğun olaraq imtahan verəcəklər.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər avqustun 12-dək liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti