İsa Qəmbər və Leyla Yunus güləşçi oldu - Həftənin siyasi mənzərəsi

İsa Qəmbər və Leyla Yunus güləşçi oldu - Həftənin siyasi mənzərəsi
  26 İyul 2014    Oxunub:3954
Günay Arda
Həftənin siyasi mənzərəsini təqdim edir


Müharibə uşağının yazı proloqu

Heç vaxt Ağdamda olmamışam. Ağdamla köklü bağlılığım da yoxdur. Ancaq məndən soruşsalar ki, harada yaşayıb xoşbəxt olarsan, ağlıma heç bir Avropa şəhəri gəlməz. Mən ağdamlıların təsvir etdiyi Ağdamda yaşamaq istəyirəm. Sosial münasibətlərin ədalətli olduğu, Nizami Gəncəvinin təsəvvür etdiyi ideal cəmiyyətdə. Hamının maddi və mənəvi baxımdan heç kimdən asılı, gözükölgəli olmadığı yerdə...

Nə olsun, Bakıda Ağdamdan danışmağa nə var?! Burda Ağdamdan danışmaq çox asandır. Ağdamsız yaşamaq asandırmı? 22 ildir ki, Ağdamsız yaşayırıq. Ağdamın işğalından 22 il ötür.

Kəlbəcərsiz isə dözməyənlər var. Bu həftə doğma kəndlərinə üz tutan və Kəlbəcər ərazisində ermənilərə əsir düşən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovdan yeni xəbərlər gəldi. Həsən Həsənovun öldürüldüyü, Dilqəm Əsgərovun isə gözünün çıxarıldığı xəbəri yayıldı. Hər üç nəfər haqda isə səhih məlumat hələ ki yoxdur. Öz evində yadlara əsir düşən üç azərbaycanlının hekayəti burda bitmir.

“Din intim məsələdir”

Din yeganə nəsnədir ki, insanın inandığı ilə insan arasına üçüncünün girməyi mümkün deyil. Din intim məsələdir. İnanc nə qədər gizlidirsə, o qədər səmimidir.

Həftənin əvvəli çoxları üçün maraqlı olmayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maraqlı hadisə baş verdi. Millət vəkili, qocaman YAP-çı Mübariz Qurbanlı komitəyə sədr təyin edildi. Mübariz Qurbanlının dindar və ya qeyri-dindar olmasının heç vaxt sezilməməyi təyinata birmənalı yanaşmayanların olmasına səbəb oldu.

“Qələm günümüz”

Həftənin əvvəlində milli mətbuat günümüzü qeyd etdik. Sevindik, təəssüfləndik. Problemlər çoxdur, mediada istedadlı yazar tapmaq müşküldür. Amma içində yazmaq işığı olanlar yenə də bu yolda irəliləyir, gedir. Beynimizin lazımlı, lazımsız informasiya məzarlığına döndüyü vaxtda, saytların bol, yazı yaza bilənlərin isə qıt dövründə Həsən bəy Zərdabiyə rəhmət oxuduq. Bir də ona üzüldük ki, mətbuatımız hələ də məktəb yarada bilməyib.

“Ya olduğun kimi ol, ya olduğun kimi ol...”

Yayın cırhacırında əzrayılın da yadından çıxmış siyasilərin buzu əriyib. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal KXCP-nin iç üzünü açdığını bəyan edib. Vidadi bəy deyir ki, Mirmahmud Mirəlioğlu başda olmaqla hər sessiyada KXCP üzvləri Milli Şuradan imtina etdiyini deyir. Vidadi Mirkamal isə bunu ümumi ideologiyaya zidd hesab edir. O, KXCP-ni əməli ilə sözünün üst-üstə düşməməsini iddia edir.

“Hər darağınız düzəlmişdi...”

Azərbaycan elə bir məmləkətdir ki, burada yalnız bir regionda 32 müxtəlif etnik bir-birinə fərq qoymadan yaşayır. Milli-etnik baxımdan fərqin müzakirəsi bizdə heç vaxt yaxşı qarşılanmayıb. Özündəndeyən avropalı belə, bu məsələdə bizim qədər tolerant deyil. Kiminsə talış, digərinin kürd və ya ləzgi olmağı onun hansısa postu tutmağına mane olmayıb.

Müsavat Partiyasının hər darağı düzəlib axı.. İndi də uzun illərdən sonra başqan seçimində etnik axtarışına çıxıblar. Müsavat başqanı İsa Qəmbərin müşaviri Səxavət Əlisoy iki antropoloqu yanına salıb Müsavat daxilində üz cizgilərinə, sümük quruluşuna görə etnik axtarır. Sanki, Müsavatın yeni başqanı təmiz türk-noqay olsaydı, partiyaya qəfildən milyonlarla vətəndaş axışacaqdı. İddialara görə müşavir namizədlərdən Arif Hacılını avar, Qubad İbadoğlunu isə kürd çıxarıb. Bu arada qeyd edək ki, hazırkı başqan Füzuli rayonundandır. Eyni ilə füzulili olduğu üçün kürd olması ehtimal edilən Qubad İbadoğlu kimi...

“Ancaq yol sənə xəyanət etmir, yarıyolda qoymur”

ABŞ “Azərbaycan Dəmir Yolları” QSC-dən və Bakı-Tbilisi-Qars dəmir yolundan hərbi yüklərin daşınması üçün istifadə edəcək.Əfqanıstandan çıxarılan hərbi texnikanın təxliyəsi üçün Amerika hərbçiləri tərəfindən hazırlanmış “Qafqaz dəhlizi” istifadə olunacaq. Qafqaz dəhlizi Əfqanıstandan Türkmənistana qədər, ordan da Xəzərə qədər uzanır. Belə ki, təxliyə Xəzərdə Türkmənbaşı limanından Bakıya qədər bərə ilə gətiriləcək, burdan dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına, oradan da Türkiyəyə aparılacaq.

“Çağırsa ellər gedərəm...”

22 il əvvəl Azərbaycanda qanlar axıb, şəhidlər verilib, rayonlar, şəhərlər işğal olunub. İyirmi min şəhidin içində nə türkiyəli, nə də kərküklü və ya digər türkdilli xalq tapmaq mümkündür. Sabah müharibə başlandığı elan olunsa, nəinki digər türkdilli xalqları, hətta qeyri-qarabağlıların da müharibədə iştirakı müzakirə mövzusuna çevriləcək. İlin-günün bu vaxtında, döyüşçünün, vətənpərvərin qıt dövründə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmud Çöhrəqanlı Azərbaycan millətçilərinə qəribə çağırış edib. GAMOH lideri 18-60 yaşlı bütün millətçilərin kiçik qruplar halında hərbi dəstələr yaratmasını istəyib: “Yaxın gələcəkdə hazır olan tuqaylarımız başlanğıc olaraq qardaşlarımızın vətəni sayılan İraq türkman bölgəsinə göndəriləcəklər. Təbii ki, mən də bir türk əsgəri olaraq qardaşlarımızla birlikdə olacam. Yaxın gələcəkdə zəfər bizimlədir. Mən bir Azərbaycan türkü olaraq sözümü eşidən bütün millətçi fəallara müraciət edirəm”. Belə... Çöhrəqanlıdan elli kimi Qarabağa göndərməyə əsgər rica edirəm.

“Söyəcəyəm, söy desən...”

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına qoşulan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən 5-ci iclasında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Ermənistana qarşı sərt çıxışını ermənilər Eduard Nalbandyanın məğlubiyyəti kimi qiymətləndirib.

E. Məmmədyarov Ermənistanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısındakı öhdəliyini pozur. Belə ki, Ermənistan Avrasiya İttifaqına üzv olmaq istəyi ilə ÜTT ilə münasibətləri təkrar gözdən keçirməlidir. İrəvan bu addımı atarsa, ÜTT-nin indiyə qədər ona verdiyi kompensasiyaları geri qaytarmaq məcburiyyətində qalacaq.

Bu həmin Elmar Məmmədyarovdur ki, ötən həftə millət vəkili Qüdrət Həsənquliyevin hədəfinə tuş gəlmişdi. Millət vəkili deyir ki, nazir kədərli dayanmır, çiyinlərini oynadır və arada gülür. Ağır dərddir. Torpağı işğalda olub gülmək də, saat yarımlıq çıxışdan ancaq gülüşü yadda saxlamaq da...

“Ev bizim, sirr bizim”

Böyük güclər yarım əsrdir ki, təbii sərvəti bol, demokratik baxımdan axsayan ölkələrdə “demokratiya” şüarı altında terrorlar törədir, qanlar tökür. Nəticədə isə milliyətindən, dinindən asılı olmayaraq insanlıq və İNSAN ölür.

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” təşkilatı İsveç xarici işlər nazirliyinə müraciət edib. Müraciətə səbəb Karl Bildtin Azərbaycanın daxili vəziyyəti ilə bağlı dediklərinin yalan olduğunu sübuta yetirmək olub. ATƏT sədri Bildt isə dediklərində iddialıdır.O deyir ki, Azərbaycanda insan haqları, informasiya azadlığı sahəsində ciddi problemlər yaşanır. Ekspertlər bunu Qərbin növbəti təzyiq dalğasının başlanğıcı kimi qiymətləndirir.

“Bir gün sizdə, bir gün bizdə”

Təsəvvür edin, siz yaxşı aktyorsunuz. Əla tamaşalar hazırlayırsınız. Amma bütün bu proseslər, tamaşalar sizin evinizdə baş verir. Sizi arvadınız və ya əriniz görür, alqışlayır. Geniş tamaşaçı kütləsinin isə bundan xəbəri yoxdur. Azərbaycan müxalifətinin də iyirmi iki illik fəaliyyəti buna bənzəyir. Özləri çalıb, özləri də oynayır.

Milli Şura növbəti sessiyasına başlayır. Bunun üçün isə uyğun yer kimi Müsavat Partiyasının qərargahını görür.

”Ərəbin daşın öpüncə, xəritədə Laçını öp”

Yay fəslidir. Çoxunuzun öz rayonuna gedib istirahət etmək imkanı yoxdur. Niyə? Çünki, işğaldadır. O rayonlarda ermənilər istirahət edir. O bulaqların suyunu düşmən içir. Bəs xaricə getmək imkanı necə? Varsa, gedin. Dünyanın bütün ölkələrində yanında beş-altı arvadı brend mağazalarda su kimi pul xərcləyən ərəb görəcəksiniz. Kazinolar, barlar sanki, ərəblər üçün yaradılıb. Kef çəkirlər. Restoranlara qarğa-quzğun kimi doluşub ərəb dünyası haqda ətraflı məlumat verirlər. Biz saflar isə burda dünyanın harasındasa bir ərəbin fotoşop proqramında qana boyanmağına baxıb göz yaşı tökürük. Dəstə-dəstə azərbaycanlı müsəlman qardaşını “xilas” etmək üçün Suriyaya, Fələstinə üz tutur. Bu həftə azərbaycanlı yeniyetmənin Suriyadan çəkilmiş görüntüləri mediaya sızdı. 12-13 yaşlı yeniyetmə video görüntülərdə deyir ki, cihad haqdır, müsəlmanın işi müsəlmanı xilas etməkdir. Daha bir informasiya isə Əl-Qaidənin ideoloqunun Suriyada döyüşən azərbaycanlılara müəllimlik etməsi oldu.

Ey iman gətirənlər və gətirməyənlər, din var deyə əxlaqdan, vicdandan uzaqda durmaq əbləhlikdir. Dünyada insandan dəyərli heç nə yoxdur. İnsanların qanı bahasına başa gələn siyasət də, idealogiya da iyrəncdir.

“Bu da sonuncu qatar
Bu da son sözümüz...
Düşürük, sonuncu stansiya - “Əlvida”


“Tualetə istəyirəm, tualetə istəyirəm.” Yəqin ki, bu cümlələr yadınızdan çıxmayıb. Ömrünün böyük bir hissəsini demokratiyaya və insan haqlarına həsr etdiyini iddia edən Leyla Yunusdan Azərbaycan ictimaiyyətinə bu cümlələr yadigar qaldı. Yəqin ki, hüquq müdafiəçisi illərlə yediyi qrantları qaytaracağını hiss etmişdi.

İki aya yaxın vaxt keçib. Hüquq müdafiəçisi hələ də “qaytardıqları” haqda heç nə demir. Lakin növbəti qrant lahiyəsi uzaqda deyil. İddialara görə, Leyla Yunus Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının boykot etməyi planlayır. O deyir ki, ölkədə siyasi məhbuslar var və buna görə ölkədə beynəlxalq tədbir keçirilməməlidir. Eyni iddia ilə Müsavat başqanı İsa Qəmbər də çıxış etmişdi. İsa Qəmbər də 2015-ci il Olimpiya oyunlarını boykot edəcəklərini deyir. Boykot məsələsini özüm üçün aydınlaşdırmaq istəyirəm, İsa Qəmbər yəqin ki, güləşçi, Leyla Yunus isə taekvando ustası kimi meydana çıxmayacaq. Biz də ölkə olaraq buna təəssüf edəcəyik.

“Bayraqyandırma əməliyyatı”

Əvvəlcədən deyim ki, səbrsizliklə avqust ayında alacağım maaşı gözləyirəm. Avqust ayının son günü Qubadlı rayonunun işğalı gününə təsadüf edir. İşğal günü münasibəti ilə Akif Nağıya uzunluğu 20, eni 50 metr olan Ermənistan bayrağı sifariş etməyi planlayıram. Qoy, əlialovlu vətən oğlu ən uzun erməni bayrağı yandırmağı ilə qürurlansın.

Ağdamın işğal günü Qarabağ Azadlıq Təşkilatı Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra işğal gününün ritualına çevrilmiş bayraqyandırma əməliyyatını həyata keçirib. Bununla da ermənilərin işğal olunmuş ərazidə yandırdığı evlərə, kəndlərə vurduğu zərərin əvəzi çıxıldığını elan edib.

Dünya bazarında Qarabağ malları

İnsan hər şeyi unuda bilər, yaddan çıxarar. Bircə sevdiklərinin qoxusundan başqa. Qoxu ən infantil və ali hissdir. Günlərin birində, Parisdə və ya Berlində burnunuza sonuncu dəfə Şuşada, Ağdamda, Laçinda dəyən qoxular dəysə, təəccüblənməyin. Ermənilər Qarabağ və digər işğal edilmiş rayonlarda istehsal olunan məhsulları dünya bazarına çıxarır. Hadisə Ümumdünya Ticarət Təşkilatının qaydalarını kobudcasına pozsa da, Avropa bazarında bu məhsullar hələ də var.

“İŞİD boğaza yığıb”

Yerli mediamızın yayın istisində, xəbər tapa bilmədiyi vaxtda İŞİD haqda dezinformasiyalar xeyli əlindən tutur. İŞİD haqda xəbərin mətninə baxmadan da, haradasa mərdimazarlıq etdiyini, qan tökdüyün yəqin edə bilərsiniz. Lakin, bu bizə lazımdırmı?

“Çayı boykot edirəm”

Özümü tanıdığım gündən ədəvasız, ətirsiz çay içə bilmirəm. Kəklikotusuz çayı bu gündən boykot edirəm. İki həftədir ki, xalq sosial şəbəkədə, mağazada, marketdə nə isə tapıb boykot edir. Deyirlər, boykot olunan məhsullar olmasaydı, İsrail o qədər müsəlmanın qanını tökə bilməzdi. Bir yəhudi dostum isə deyir ki, illərdir, İsrail Şərq, müsəlman dünyasının istehsal etdiyi məhsulu axtarır ki, boykot etsin. Lakin, yoxdur ki, yoxdur.

Mən də çayı boykot edirəm, elə-belə...


Teqlər:  





Xəbər lenti