700 bal toplayanlar AzVision.az-a danışdı - ÖZƏL

700 bal toplayanlar AzVision.az-a danışdı - ÖZƏL
  23 İyul 2014    Oxunub:2145
İyulun 20-də II ixtisas qrupu üzrə ən yüksək balı toplayan abituriyentlərin adı açıqlanıb.

AzVision.az-ın məlumatına görə, həmin şəxslər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagirdi Samir Rzayev və 287 nömrəli "Zəkalar" liseyinin şagirdi Qoşqar Qədimbəylidir.

AzVision.az hər iki abituriyentlə əlaqə saxlayaraq, onların gələcək planlarını öyrənib.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagirdi Samir Rzayev saytımıza açıqlamasında çox sevincli olduğunu bildirib və qeyd edib ki, imtahana xüsusi müəllimlərin yanında hazırlaşmayıb:

“Heç bir müəllim yanına hazırlığa getməmişəm. Öz məktəbimizdə hazırlaşmışam. Həmişə sınaqlarda 600-dən çox bal toplayırdım,sonuncu sınaqda isə 670 bal topladım”.

700 bal toplayan Samir Rzayev qeyd edib ki, Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq istəyir.



Rekord qıran digər abituriyent Qoşqar Qədimbəyli AzVision.az-a açıqlamasında bildirib ki, hansı universitetdə təhsil alacağı ilə bağlı hələ qərar verməyib: “Xaricdə də oxumaq fikrim var. Hələ dəqiq bilmirəm. Həmçinin hansı ixtisası seçəcəyimlə də bağlı dəqiq qərara gəlməmişəm”.

Q.Qədimbəyli qeyd edib ki, imtahana repetitor yanında hazırlaşıb və sınaq imtahanları zamanı isə 646-674 bal arası bal toplayıb.

Qeyd edək ki, Qoşqar Qədimbəyli həm də şahmat üzrə keçirilən beynəlxaq yarışlarda ölkəmizi təmsil edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti