Qələm əhli Mətbuat Gününü qeyd etdi - FOTOLAR

Qələm əhli Mətbuat Gününü qeyd etdi - FOTOLAR
  23 İyul 2014    Oxunub:2868
Azərbaycan Milli Mətbuatının yaranmasının 139 illiyi ilə bağlı Bakıda “Altun Saray” restoranında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı bayram tədbiri keçirilib.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, tədbirdə hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ölkəmizin aparıcı media orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Çıxış edən KİVDF rəhbəri Vüqar Səfərli Mətbuat Günü ilə bağlı tədbir iştirakçıları salamlayaraq təbriklərini çatdırıb. V. Səfərli qeyd edib ki, dövlətin mətbuata diqqət və qayğısı günü-gündən artır. Dövlət başçısı tərəfindən mətbuat işçilərinin sosial rifahlarının yaxşılaşdırılması istiqamətində bir çox göstəriş və sərəncamlar imzalanıb ki, onlardan biri də ötən il jurnalistlərin mənzillə təmin olunmasıdır: “Hazırda elə həmin ərazidə jurnalistlər üçün daha bir yaşayış binasının tikintisi həyata keçirilir. Yeni binada mənzillər gələn il, Milli Mətbuatın 140 illiyində jurnalistlərə paylanacaq. Eyni zamanda fondumuz tərəfindən jurnalistlərin peşəkarlığının artırılması istiqamətində yazı müsabiqələri keçirilir. Yazı müsabiqələrinin qalibləri pul və qiymətli əşyalarla mükafatlandırılır”.

V.Səfərli qeyd edib ki, fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri məlumdur və qaliblər tədbirdə iştirak edirlər: “Müsabiqə 2014-cü il mayın 20-dən iyulun 10-dək on istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 116 yazı təqdim olunmuş, yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının üzvləri müsabiqənin nəticələri ilə tanış olub, şərtlərə uyğun ən yüksək bal toplamış jurnalistlər arasından qalibləri müəyyənləşdirilib.

Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 3 yazı müəllifi qalib elan edilib. Ümumilikdə 30 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. 10 nəfər jurnalist isə həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin əsas qalibi olan 30 nəfər jurnalistin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərin hər birinə 300 manat mükafatın verilməsi barədə qərar qəbul olunub”.

Tədbirdə iştirak edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycan dövlətinin hər zaman milli mətbuatın inkişafına marağı olub. Əli Həsənov 156 jurnalistin mənzillə təmin olunduğunu qeyd edərək və vurğulayıb ki, tikilən yeni binadaki mənzilər 2015-ci ildə Milli Mətbuatımızın 140 illiyində sahiblərini tapacaq: "Azərbaycan dövləti hər zaman Milli Mətbuatımızın inkişafına maraqlı olub. Buna nümunə olaraq prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafı ilə bağlı imzalanan sərəncamları göstərmək olar. Müxtəlif KİV-lərdə çalışan jurnalistlərin peşəkarlığının artırılması istiqamətində dövlət proqrmaları həyata keçirilir. Bu tədbirlə bundan sonra da davam edəcək".

Daha sonra çıxış edən Mətubuat Şurasının sədri Əflatun Amaşov jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti hər il KİV-lərə dövlət büdcəsindən vəsait ayırır: “Dövlət mətbuatın inkişaf etdirilməsində müxtəlif sərəncamlar imzalayır. Mətbuatın, xüsusilə yazılı medianın problemləri var. Biz çalışırıq ki, həmin problemlər aradan qaldırılsın və qəzetlər rahat nəşr olunaraq oxucularına çatdırılsın”.

Tədbirin gedişində bir neçə jurnalistə Ali Media mükafatı təqdim olunub. KİVDF tərəfindən elan olunmuş yazı müsabiqəsində qalib gələn jurnalistlər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

Qalereya




Teqlər:  





Xəbər lenti