Qarabağ orucu: Allah qəbul etməsin!

Qarabağ orucu: Allah qəbul etməsin!
  16 İyul 2014    Oxunub:1474
Emin Piri

Ramazan ayıdır. Hər il 10 gün tələsən bu ayın vaxtını müəyyənləşdirmək üçün çətinlik çəkməyə ehtiyac yoxdur. Və ya bunun heç bir əhəmiyyəti qalmayıb. Nə hansısa rəsədxananın qrafikinə, nə də bir ərəb şeyxinin fətvasına gərək var. Zatən biz 20 ildir orucuq.


Hər iki orucumuz bu 20 ildə üst-üstə düşür. İyirmi ildir bizdə yalnız bir aydır - Ramazan ayı. Bu xalq hər iki orucu tutmaqda çətinlik çəkmir. İyirmi ildir atəşkəsdir, Qarabağsızlıq orucunu saxlayırıq. İyirmi ildir kimsə bizi bu orucu açmağa məcbur edə bilməyib.

Bu aclığa dözümlüyük - vətən aclığına. Lap “ataların” dediyi kimi, “Aclıq olsun, kef olsun”. Bizim bu "dindarlığımız" Avropadan ucqar Antarktidaya kimi yəqin, hamıya sərf edir. Biz öz ibadətimizə sadiqik. Qarabağsızlıq orucuna hər səhər imsaqda arzularla başlayıb, iftarımızda səbr yeyirik.

Hərdən düşünürəm, görəsən biz bu orucu nə zaman pozacağıq? Bəlkə, bir dəfə günah edək, özümü günaha batıraq?!

İyirmi yaş gözəl yaşdır. Bir qızın ən gözəl görünən, ən çox sevilən yaşlarındandır. Həm də yubileydir. Yenə yığışacaqlar təbrik etməyə - işğal günlərini. Öncə yedikləri kabablardan, qoyduqları gözəl evlərdən, bulaqlardan danışacaqlar. Sonra… sonra… sonra xatirələrindəki kabab tüstüsü (Vətən yox, məhz kabab tüstüsü) gözlərini yaşardacaq…

Döyüşməyəcəklər... arzulayacaqlar, arzulayacaqlar, arzulayacaqlar Qarabağı...

Arzular heç də çox şeyi həll etmir. Bəlkə də ümumiyyətlə heç nəyi həll etmir. Ən böyük arzu elə əməldi. Əməl isə cəsarətdi. Arzulamaq isə cəsarət istəmir. Arzu ən ucuz və hətta havayı nemət olduğundan, onu daha çox istəyirik. Elə buna görə də, həyatımız arzulardan daha çox ibarətdir.

Gözucu baxdığına görə kişi razborkalarına çağıran, metro basabasına görə bıçaq çəkən, internətdə bir neçə statusua görə, “camaatın anası-bacısı var” deyə baş kəsən, qonşunun hasarı bir metr öz ərazisinə daxil olduğuna görə üstünə benzin töküb yandıran, namus-mamus söhbətləri edənlər Qarabağ söhbəti düşəndə məşhur səbrlə bağlı kəlamları, atalar sözlərini xatırladır. Bəs, Qarabağın namusunu kimə yazaq?

Hə, qeyrətli qardaşlar, nə deyirsiniz? 15 yaşlı qızcığazın ağır işgəncələrdən sonra onlarla dəfə zorlanmaları bəlkə alın yazısıdır? Yazaq Tanrının üstünə.

Ölkənin çox yerində gizli pritonlara işğal olunmuş rayonların adları verilib. Və gənc qzılar fahişəliyə cəlb olunur. Məgər ermənilər də həmin adlı torpaqlarda eynisini etmirdi? Belə olan halda nəyin davasını aparırsınız? Axı, fərqiniz nə oldu???

Övladını, ərini, qardaşını soyuq səngərdən gizlətmək istəyənlərin asfalt üstündə “Qarabağ, Qarabağ” hayqırtısını heç anlaya bilmədim...

Bir ara qıjı mahnılarını dinləyənlərə kimi hamı maşınında bu mahnının səsini artırırdı: “Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq”. Kimə eşitdirirdilər bu mahnını? Bəlkə bir təsəlliydi ciblərində gəzdirdiklər “niqodnı” biletlərinə...Doğrudan, sizdən soruşuram, o söhbətin axırı nə oldu?

Qarabağda qan varmış... Xeyr, dostlar artıq Qarabağda ermənilər var. Hərdən şəkil çəkdirib, pozalar verib, sosial şəbəkələrdə paylaşan erməni qızları, səngərin o başında “Ararat” çaxırı içib, Azərbaycan mahnılarını oxuyan erməni dığaları...

Hə, bu arada orucuq axı...
Allah iyirmi illik vətən orucunuzu qəbul etməsin. Amin!


Teqlər:





Xəbər lenti