Melburnda Qarabağ mövzusunda sərgi keçiriləcək

Melburnda Qarabağ mövzusunda sərgi keçiriləcək
  09 İyun 2014    Oxunub:1771
İyunun 15-dən 22-dək Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunacaq.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə çərçivəsində təşkil olunacaq.

Layihə çərçivəsində həmçinin Deakin Universitetində Azərbaycanla bağlı xüsusi informasiya guşəsi yaradılacaq ki, bu da tələbələrin ölkəmiz haqqında geniş informasiya almasına yardımçı olacaq. Guşədə Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı genosidi haqqında məlumatlar, foto-şəkillər və kitablar yerləşdiriləcək, 20 ildən çox uzanan münaqişənin səbəbləri barədə müzakirələr aparılacaq.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, sərgidə Azərbaycanın gənc qadın rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunacaq, bu əsərlər Qarabağımızın gözəlliklərini, tarix və mədəniyyət abidələrini Avstraliayalı tələbələrə tanıtmaqda mühüm rol oynayacaq.

Bütövlükdə tədbirin məqsədi Deakin Universitetində Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, Ermənistanın işğalçı siyasəti barədə real təsəvvür yaratmaqdır.

Layihənin reallaşmasına Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyi, eləcə də Deakin Universiteti yaxından kömək edir, tədbirə təşkilati və informasiya dəstəyi verir.


Teqlər:





Xəbər lenti