Prezident yeni aerovağzalın açılışında - FOTOLAR I YENİLƏNİB

Prezident yeni aerovağzalın açılışında - FOTOLAR I YENİLƏNİB
  23 Aprel 2014    Oxunub:2095
Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlətimizin başçısına və xanımına təqdim etdi.

Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış etdilər.

Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış oldu.

Bildirildi ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulub. Burada, həmçinin “biznes-klass” sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcəkdir. Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulub. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılmışdır. Sərnişinlərin gedişi üçün nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları, kafelər fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də “bizness klass” sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilib.

Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılıb. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək standartlar nəzərə alınıb.

Məlumat verilib ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə qəbulu müsabiqə yolu ilə aparılıb. Yeni işçilərin qəbulu və məşqləri ilə bağlı bütün tədbirlər başa çatmışdır. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.

Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana “1-ci dərəcə” statusu verilib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir.


Prezident İlham Əliyev çıxışında bildirib ki, yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir. Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülüb. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir:

- Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir. Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir, dövlət öz dəstəyini əsirgəmir.

Prezident qeyd edib ki, bu gözəl şərait, maddi dəstək və hava nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini göstərib:

- Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir. Mən bilirəm və maraqlanıram, sərnişinlər xidmətdən də razıdırlar. Ümumiyyətlə, AZAL-ın uğurlu inkişafı ölkəmizin ümumi inkişafına da öz müsbət təsirini göstərir. Çünki Azərbaycana, Bakıya və ya digər şəhərlərə gələn ilk qonaq AZAL-la üzləşir və orada göstərilən xidmət ilk dəqiqələrdən ölkəmiz haqqında təsəvvür yaradır. Bu gün ölkəmiz inkişafdadır. Bu gün müasir Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Əlbəttə ki, belə olan halda ilk təmas yerində də səviyyə ölkəmizin ümumi səviyyəsinə bərabər olmalıdır. Mən çox şadam ki, dövlət dəstəyindən istifadə edərək AZAL bu gün nəinki regionda, dünya miqyasında böyük şirkətlərdən biridir və uçuşların sayı artır. Bu gün dünyanın 30-dan yuxarı aeroportuna uçuşlar təşkil edilir. Əlbəttə, bu müsbət dinamika əminəm ki, gələcəkdə daha da güclənəcək.

Dövlət başçısı deyib ki, eyni zamanda, Azərbaycanda yük daşımalarının həcmi də artır. Azərbaycanda karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. “Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir. Yəni, biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Bu istiqamətdə işlər uğurla gedir. Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik", - İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaq.

"Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm - xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaqdır. Ona görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet məsələ olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulmuşdur. İlk növbədə ona görə ki, buna ehtiyac var idi. Çünki biz bütün nəqliyyat infrastrukturumuzu yenidən qurmalıydıq. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən birinci amildir. Bəzi hallarda belə hesab oluna bilər ki, yollara, hava nəqliyyatına, dəniz nəqliyyatına qoyulan vəsait tez qayıdan vəsait deyildir. Bu, həqiqətdir. Yeni yaradılan imkanlar, turizm zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, dəniz nəqliyyatı da prioritet olaraq qalır. "Xəzər Gəmiçiliyi dünya miqyasında böyük şirkət hesab olunur. Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülmüş, struktur islahatları aparılmışdır. Bu gün Xəzər Gəmiçiliyi də "AZAL"ın səviyyəsinə çatmalıdır və çatacaq. Bizim 260-dan yuxarı gəmimiz vardır. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il ərzində 20-yə yaxın gəmi alınıb. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük gəmiqayırma zavodu tikilib. Heç vaxt Azərbaycanda belə zavod olmamışdı. Ancaq gəmi təmiri zavodlarımız olmuşdur. Amma bu gün gəmiqayırma zavodumuzda istənilən gəmi istehsal oluna bilər. Tanker, bərə, sərnişin gəmisi, neft əməliyyatlarına xidmət edən gəmilər və eyni zamanda, hərbi gəmilər də istehsal oluna bilər. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcəkdir. Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaq", - İlham Əliyev bildirib.

Qalereya




Teqlər:  





Xəbər lenti