Saytın qonağı I Azay Quliyev: `Qara siyahı`ya düşənləri gizli saxlayırıq` - VİDEO

Saytın qonağı I Azay Quliyev: `Qara siyahı`ya düşənləri gizli saxlayırıq` -  VİDEO
  21 Aprel 2014    Oxunub:1444
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AzVision.az oxucularının ona ünvanladıqları sualları cavablandırır.

Azay müəllimin işləri və xarici səfərləri çox olduğuna görə, cavablar da bizdən asılı olmayan səbəblərə görə gecikdi.

Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

Elçin:
- Bilmək istərdim, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “qara siyahı”sı varmı? Və əgər varsa, oraya hansı QHT-lər daxil edilir?




– Biz bunu şərti olaraq “qara siyahı” adlandırırıq. Amma Şuranın qaydalarını pozan, ümumi müəyyən etdiyi müqavilə şərtlərinə əməl etməyən QHT-lər üçün bizim siyahımız var. Bunlar təxminən 20-yə yaxın QHT-dir. Bu təşkilatlara biz artıq sanksiya tətbiq etmişik. Həmin təşkilatlar bizim əsasnaməyə uyğun olaraq, ən azı bir il elan etdiyimiz müsabiqələrdə iştirak etmək hüququndan məhrum olunublar.

Siyahıda hansı təşkilatların olduğunu açıqlamırıq. Özlərinin xahişilə bunu etmirik. Çünki, adlarını açıqlasaq, ciddi ictimai qınaqla üzləşərlər. Nəzərə alırıq ki, həmin təşkilatlar təkcə bizimlə deyil, digər beynəlxalq qurumlarla, donor təşkilatları ilə də əməkdaşlıq edirlər. Ona görə də, çalışırıq ki, anlayışlı olaq və onlara belə bir güzəştlər edək.

İlham:
- Azay müəllim, salam! Nəyə görə Gənclər Fondunun verdiyi qrantların həcmi 5000 AZN-50000 AZN arasında dəyişir, amma QHT-lərə Dəstək Şurasının verdiyi qrantlar 15000 AZN-dən artıq olmur? Səbəb nədir? Şuraya təqdim edilən layihələrin dəyəri çox aşağıdırmı? Yoxsa məbləği azaltmaqla əhatə dairəsini böyütmək istəyirsiniz?




- Bizim verdiyimiz qrantların maksimum məbləği 15 min manat olur. Keçən il də qrant müsabiqəsi elan etdik. Hətta həmin qrant müsabiqəsində maksimum məbləğ 50 min manat oldu. Bu, yerli QHT-lər üçündür. Xarici QHT-lər üçün biz 100 000 manata qədər maksimum məbləğ müəyyənləşdirmişik. Amma Milli QHT-lər üçün əlbəttə, bizim qrantın vəsaiti çox deyil. Bunun bir neçə səbəbi var.

Birinci səbəb odur ki, indiyə qədər xarici donorlar diqqətdən kənarda saxlanılan sahələrə - xüsusilə milli, vətənpərvərlik, bizim tariximiz, abidələrimiz, hazırda məruz qaldığımız işğalın dünya ictimaiyyətinə çatdırılması kimi mövzulara diqqət göstərməyiblər. Sadəcə, bu sahəni xüsusilə qabardırıq. Buna çox diqqət ayırırıq. Bu baxımdan da, bizə müraciət edən təşkilatların sayı həddindən artıq çox olduğuna və bizim də vəsaitimiz az olduğuna görə məcburuq ki, maksimum az vəsaitlə çox təşkilatlara yardım edə bilək.

İkinci səbəb isə ondan ibarətdir ki, biz bütövlükdə ayrı-ayrı seqmentlərlə işləmirik. Deyək ki, xüsusi olaraq gənclər sektoru, qadınlar, yaxud da KİV təmsilçiləri ilə işləmirik. Bütövlükdə, QHT-lərlə işləyirik. Burada gənc də, qadın da var. Bu baxımdan çalışırıq ki, xüsusilə yeni yaradılan QHT-lərə, dövlətin dəstəyinə həqiqətən ehtiyac duyan QHT-lərə az da olsa, imkanlar paylanılsın. Hesab edirəm ki, bu siyasəti həyata keçirməklə QHT sektorunun ayaqda durmasına az da olsa kömək edirik.

Nəhayət, 3-cü səbəb odur ki, son altı ildə elə təşkilatlar var ki, davamlı şəkildə dəstək veririk. Bunlar xüsusilə müharibə, Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkün təşkilatlarıdır. Çünki, bu təşkilatlara indiyə qədər hər hansısa bir formada dəstək verilməyib və dövlət bu gün sözün yaxşı mənasında bütün QHT-lərə sahiblik edir, onlara dəstək verir. Xüsusilə, bu cür həssas qruplar dövlət tərəfindən dəstəklənməlidir.
birinə 5000 manat vəsait ayırsaq, bu edər 2 milyon 500 min manat . Bütövlükdə müsabiqə büdcəmiz 2 milyon 600 min manatdır. Ona görə də, burada vəsaitin azlığı və daha çox təşkilatlara dəstək vermək istəyi təbii ki, özünü layihələrin ümumi məbləğində göstərir.

Gülsel Səfərli:

- Salam, Azay müəllim, Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant musabiqəsinin nəticələri barədə nə demək olar? Layihələrin icra vəziyyəti sizi qane edirmi? Təşəbbüs bundan sonra da davam etdiriləcəkmi? Əvvəlcədən təşəkkürlər.




- Təbii ki, bu, ilk təcrübə idi. Azərbaycan dövləti xarici QHT-lər üçün qrant müsabiqəsi elan edib və müsabiqə çərçivəsində biz 15 ölkəni əhatə etmişdik. Bu mövzular da kifayət qədər aktual mövzulardır.

Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici QHT-lərin yanaşması, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ayrı–ayrı parlamentlər tərəfindən qəbul edilməsi... Azərbaycanın tolerantlığı, QHT-lərin ayrı-seçkilik əleyhinə fəaliyyəti, insan haqlarının müdafiəsi. Bu kimi mühüm mövzular, bilirsiniz ki, keçən il elan etdiyimiz müsabiqədə də müzakirə olunmuşdu. Burada 15 ölkədən 35-ə yaxın layihəni maliyyələşdirdik.

Əlbəttə, bunların arasında kifayət qədər ciddi, ümidverici layihələr var. Artıq onların ilkin nəticələrini görürük. Qeyd edim ki, Dağlıq Qarabağ və Xocalı mövzusuna xüusi diqqət ayrılıb. Bu layihələrin çox böyük effekti var, Azərbaycanın xarici ölkələrdə təbliğilə bağlı Prezidentin apardığı siyasətə bir dəstəkdir. Bu həm də, Azərbaycanın maraqlarının ayrı-ayrı ölkələrdə təmsil olunması, bütün müsbət göstəricilərimizin, adət-ənənəmizin dünyaya çatdırılması baxımından da yaxşı fürsətdir. Cənab Prezident bunu əsas götürərək QHT-lərə yeni bir imkan yaratdı.

ASAN Könüllü:
- Salam Azay müəllim. Şura ilə ASAN könüllüləri arasında yaxından əməkdaşlığa və onları dəstəkləmənizə ciddi ehtiyac var. Bu əməkdaşlığa sizin münasibətinizi bilmək maraqlı olardı. Öncədən təşəkkür edirəm.




-ASAN Xidmət Azərbaycanda qısa müddət ərzində çox populyarlaşan və innovativ bir layihə olaraq tarixə keçən proqramdır. Hətta, bir çox hallarda Azərbaycanın brendi kimi qəbul edilir. Bu, cənab Prezidentin ən böyük uğurudur. Bu cür islahatlarla çox ciddi dəyişikliklərə nail olmuşuq.

ASAN Xidmət könüllüləri də könüllü sektorun əsas seqmenti olaraq , Şuranın diqqətindən kənarda qalmamalıdır. Onlarla hər cür əməkdaşlıq etməyə hazırıq. Düşünürük ki, onlara maliyyə yardımı da edə, müəyyən proqramlarını dəstəkələ blərik. Ona görə də, ASAN Xidmət könüllülərinin potensialından hərtərəfli istifadə etməyi düşünürük. O cümlədən, şuranın fəaliyyətində, QHT işində arzu edənlər olarsa, onları da cəlb etməyə hazırıq.

Vaqif Qasımov:
- Hörmətli Azay müəllim, siz həmişə milli-mənəvi dəyərlərə önəm verib, bu sahədəki problemlərin həllinə kömək etmisiniz. Xüsusilə, sizin dini təriqətlərə və missionerlərə qarşı prinsipial mövqeyinizi də bilirik. Rəhbərlik etdiyiniz Şura bu məsələlərdə QHT-lərin layihələrinə dəstək verə bilərmi?




- Əlbəttə, birmənalı şəkildə bu gün Azərbaycan dövlətçiliyini təhdid edə biləcək, Azərbaycanın milli maraqlarının əksinə çıxa biləcək istənilən dini cərəyana, təriqətə, şəbəkəyə qarşı dövlətimizlə yanaşı vətəndaşlarımız da mübarizə aparmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən prosesləri yaxından izləyirik. Ümumiyyətlə, İslam dininə yad olan qeyri- ənənəvi dini cərəyanlar, siyasi şəbəkələr, dövlətin maraqlarını təhdid edə biləcək hər hansı qrupların Azərbaycanda hərəkətinə yol verilməməlidir. Bu məsələdə əlbəttə ki, QHT-lər ön sıralarda olmalıdır. Və təsadüfi deyil ki, keçən ay elan etdiyimiz müsabiqə mövzularından birini buna həsr etmişdik. Milli-mənəvi, əxlaqi dəyərlərimizin müdafiəsində, yad ünsürlərdən qorunmasında QHT-lərin təşəbbüsünü dəstəkləyirik. Əminəm ki, bizə çox maraqlı layihələr daxil olacaq və onları maliyyələşdirib, dəstək verəcəyik. Bu da Şuranın prinsipial mövqeyidir. Azərbaycanda bu kimi cərəyanlara, radikal ideyaların daşıyıcılarına yer verməmək üçün potensialımızı bu istiqamətə yönəldəcəyik.

Son zamanlar, bizi narahat edən məqamlardan biri Azərbaycan vətəndaşlarının Suriyada vuruşmasıdır. Onların ideologiyası , hadisələrə yanaşma fəlsəfəsi o qədər acınacaqlı səviyyədədir. Bunun qarşısını yalnız iki istiqamətdə ala bilərik. Ölkədən kənarda terror qruplarında iştirak etmək, bununla bağlı ölkədə çağırışlar etmək də cinayət məsuliyyəti doğurur. Digər tərəfdən isə, profilaktik tədbirlər görülməlidr. Heç kimə sirr deyil ki, o insanların çoxu müəyyən qrupların təsiri altındadır. Təəssüflər olsun ki, öz düşüncə və həyat tərzlərini tamamilə dəyişiblər. Bu, ölkəmiz üçün potensial təhlükədir. Ona görə də, bizim QHT-lər, bütövlükdə vətəndaş cəmiyyəti bu prosesdə aktiv iştirak etməlidir.

Əkbər Qoşalı:
- Hörmətli millət vəkili, bildiyiniz kimi, Türk Dünyası QHT-ləri arasında konsolidasiya yönündə bir xeyli cəhdlər oldu, lakin bugünədək konkret nəticə əldə edilməyib. Necə düşünürsünüz, belə bir konfederativ birliyin yaranması üçün ilk növbədə hansı addımlar atılmalıdır? Siz bu ideyanın modelini necə təsəvvür edirsiniz? QHT-lərə Dövlət Dəstəyi Şurasının bu məsələləyə dəstəyi necə ola bilər?




- Türk dünyasının bir sıra siyasi strukturları yaradılıb. Tutaq ki, Türk dünyasının Əməkdaşlıq Şurası, Parlament Assambleyası fəaliyyət göstərir, ayrı- ayrı qurumların koordinasiyası olur. Amma yenə də türk dünyası QHT-lərinin platformasının olmasına ehtiyac var.

Bununla bağlı biz də dəfələrlə təkliflərlə çıxış etmişik. Xüsusilə, Türkiyə tərəfi ilə çox ciddi danışıqlar aparırıq. Çox güman ki, yaxın vaxtlarda bu məsələ də həllini tapacaq. İlk dəfə Türkiyə-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Şurasının yaradılması iddiası ilə çıxış etmişik. Bundan sonra digər türkdilli dövlətlərin qoşulacağı bu platformanın formalaşdırılmasına ehtiyac var. Belə bir platformanın yaradılacağına ümid edirəm.

Fərid Şahbazlı:
- Azay müəllim, bəzi QHT-lərin reallaşdırdığı layihələr haqqında özlərindən başqa kimsənin məlumatı olmur. Mediada, sosial şəbəkələrdə bu haqda hər hansı informasiya tapmaq çətin olur. Şura olaraq layihəsi qalib olan QHT-lər qarşısında bu istiqamətdə hansı tələblər qoyulub?




- Biz həmişə QHT-ləri tənqid etmişik və onların şəffaf, demokratik şəkildə fəaliyyət göstərməsini istəmişik. Təsadüfi deyil ki, keçən ilin dekabrın 17-də Milli Məclisdə bununla bağlı müəyyən qanunlar qəbul olundu, mülki qanunvericiliyə əlavə və dəyişikliklər edildi. Dəyişikliklərin əsas məqsədi də məhz şəffaflığın artırılmasına yönəlib.

Birinci səbəb budur ki, şəffaflıq QHT-lər tərəfindən təmin olunmur. İkinci isə, mətbuatla əlaqə qurmaqda QHT-lərin bilik və bacarığı lazımi səviyyədə deyil. Bununla bağlı son illər xeyli layihələr həyata keçirilib. Məsələn, bizim hazırda “Vətəndaş cəmiyyəti” jurnalımız var. Bu QHT-lər üçün xüsusi bir tribunadır. QHT-lər həyata keçirdikləri proqramla bağlı pulsuz və təminatsız materiallar yerləşdirə bilərlər. Yaxud, bizim QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya portalı fəaliyyət göstərir. İstənilən məlumatları onlar orada sərbəst yayımlaya bilərlər.

Nəhayət, biz son aylar “Xəzər” televiziyası ilə birlikdə “Cəmiyyət” verilişi hazırlayırıq, Şura olaraq əlimizdən gələn bütün işləri həyata keçirməyə çalışırıq. Amma məlumatlarının ictimaiyyətə çatdırılmasına QHT-lərin özləri də maraqlı olmalıdır.


Sərdar:
- Azay bəy, salam. Xocalı soyqırımı ilə bağlı Şuranın tədbirləri haqda mətbuatda bir çox məlumatlarla tanış olduq. Bilmək istərdim ki, "Şuşaya azadlıq" kampaniyası ilə bağlı may ayında Şuranın hər hansı tədbirləri gözlənilirmi?




- “Şuşaya azadlıq” kampaniyası iki il öncə Şura tərəfindən təşəbbüs kimi irəli sürüldü. Çoxlu sayda yerli və xarici QHT-lər bu prosesə qoşulublar. Şuşa həqiqətən də Azərbaycanın, Qarabağın incisidir. Şuşanın tarixi də bəllidir, neçənci ildə kim tərəfindən yaradılması da. Şuşa, Azərbaycan və dünya mədəniyyətinə çox böyük dahilər bəxş edib.

Bu baxımdan, Şuşanın 20 ildən çoxdur tapdaq altında qalmasının dünya üçün utancverici bir hal olduğunu göstərməyə çalışırıq. Düşünürəm ki, bu, beynəlxalq kampaniya halını almalıdır.

Şuşanın işğalının 22 illiyinə həsr olunan, dünyanın müxtəlif nümayəndələrinin 22 dildə səsləndirdiyi bir klip hazırlayırıq. Klipdə onlar öz dillərində “Şuşaya azadlıq” deyə çağırış edəcəklər. Avropanın aparıcı QHT-lərini, beynəlxalq qurumları bu prosesə cəlb etmək lazımdır.

Samir:
- Azay müəllim, salam! Şuranın Qarabağ probleminin həlli ilə bağlı xarici QHT-lərə verdiyi dəstək davam edəcəkmi? Çox sağ olun.




-Biz xarici QHT-lərlə bağlı yeni qrant müsabiqəsi elan etmişik, 5 mövzu təqdim etmişik. Məqsəd Azərbaycanı təbliğ etmək və ölkənin problemlərini qabartmaqdır.

Azərbaycan çox nadir ölkədir ki, 20 % ərazisi işğalda ola–ola, bu qədər sürətlə inkişaf edir. Bəzən bunu neftlə və başqa hallarla bağlayırlar. Əlbəttə, neft amilinin burada rolu böyükdür, amma biz neftlə, təbii qaynaqlarla zəngin olan digər ölkələrin inkişaf tempinə və onların üzərinə düşən yükə diqqət yetirsək, müqayisədə Azərbaycan həqiqətən fərqlənir. Bu istiqamətdə təbliğatın aparılması Qarabağ probleminin həllinə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına töhfə verəcək.

Nizami Cəfərov:
- Hörmətli Azay müəllim, Azərbaycanın bölgələrində Xocalı faciəsində həlak olanların xatirəsinə abidə nə zaman yaradılacaq?




- Xocalı soyqırımının qurbanlarının xatirəsi Bakıda əbədləşdirilib. Artıq ikinci bir böyük kompleks hazırlanır. Eyni zamanda Xocalı soyqırımı muzeyi də yaradılır. Bbu model əsasında da bölgələrdə, ölkə xaricində bənzər layihələr həyata keçirməyi planlaşdırırıq.

Vüsalə Həsənova:
- Hörmətli Azay müəllim, Sizin 26 fevralda oynanılan “Qalatasaray- Çelsi” matçında Xocalı soyqırımının anılması haqqında təşəbbüsünüzü təqdir edirəm. Lakin təəssüflər olsun ki, Qalatasaray rəhbərliyi rəsmi müraciət olmadığını əsas gətirərək, soyqırım qurbanlarını anmaqdan imtina etdi. Sizcə bu səbəbdir, yoxsa bəhanə?




- Şura katibliyinin əməkdaşları belə bir təşəbbüs irəli sürmüşdülər ki, Çelsi-Qalatasaray matçında Xocalı soyqırımı bir dəqiqəlik sükutla anılsın. Eyni zamanda, oyunçular qollarına qara lent bağlayaraq meydana çıxsınlar. Bu, çox vacib və maraqlı bir təşəbbüs idi. Məşhur “Hürriyyət” qəzeti də bu məsələyə diqqət ayırdı.

Qalatasaraya və onun rəhbərliyinə müraciət etdim. Təəssüflər olsun ki, oyuna bir gün qalmış bizə məlumat gəldi ki, yazılı müraciət istəyirlər. Mən hesab edirəm ki, bu, kifayət qədər ciddi arqument deyil. Biz bu məslə ilə bağlı mətbuat üzərindən müraciət etmişdik, istənilən halda məsələyə baxmaq olardı. Görünür, bu, UEFA- nın müəyyən şərtlərilə bağlıdır. UEFA və digər beynalxalq qurumlar çalışırlar ki, maksimum dərəcədə siyasi proseslərə müdaxilə etməsinlər. Növbəti illərdə biz əgər belə bir fürsət olarsa, yazılı müraciət edəcəyik.


QHT sədri:
- Hörmətli Azay müəllim, jurnalistlərə ev tikilir, fəxri adlar verilir, lakin QHT-lər bu baxımdan dövlətin qayğısından kənarda qalır. Sizcə bunun əsas səbəbi nədir?




- Bununla bağlı bizə çoxlu müraciət və təkliflər var ki, niyə QHT-lərə dövlət tərəfindən müəyyən imtiyazlar verilmir, amma jurnalistlərə verilir. Əlbəttə, burada birmənalı şəkildə bir şey deyə bilmirəm. Çünki bütövlükdə QHT-lər müstəqil qurumlardır. Vətəndaş cəmiyyəti institutlarıdır. Onların bilavasitə dövlət tərəfindən kütləvi şəkildə mükafatlandırılması, məncə, QHT-lərin fəlsəfəsi, platforması baxımından, ola bilsin ki, birmənalı qarşılanmasın.

Bu gün deyək ki, QHT-in dövlət dəstək verir. Məsələn, bizim təkliflərimiz var ki, QHT-lərlə bağlı müəyyən infrastruktur layihələri həyata keçirilsin, QHT evi yaradılsın. Fəal QHT-çilərə, vətəndaş cəmiyyətinin inkişafında xidməti olan tanınmış şəxslərə adların verilməsi, həvəsləndirilməsi barədə tədbirlərin görülməsini düşünürük.

O da ciddi arqumentdir ki, niyə jurnalistlərə bunu edirlər? Burada, ola bilsin ki, ənənə də öz rolunu oynayır. Cənab Prezident mediaya həmişə diqqət göstərib. Həm də jurnalistlərə bu cür diqqətin göstərilməsi ondan qaynaqlanır ki, bu gün dövlət maraqlıdır ki, jurnalistikanın inkişafında dövlət öz rolunu oynasın. Məsələn, bu gün KİV-ə Dəstək Fondu platformasından asılı olmayaraq, Azərbaycanda hamıya yardım edir. Müxalifət qəzetlərinə ildə 150-200 min Avroya qədər vəsait verir. Məqsəd də odur ki, bu gün jurnalistika və bu cür qəzetlər ayaq üstdə dura bilsinlər. Düzdür, bundan sui-istifadə edənlər də var.

Çox istərdim ki, bu məsələ ilə bağlı bizim də bir yanaşmamız olsun. Ən azı QHT sektorunda , vətəndaş cəmiyyətində uzun illər fərqlənən həmkarlara dəstək verilsin, mükafatlandırılsın.

(Ardı var)

Şahanə RƏHİMLİ
Kamera: Elnur Muxtar
AzVision.az



Teqlər:  





Xəbər lenti