Tvitterdə necə məşhurlaşmaq olar? – MƏSLƏHƏTLƏR

Tvitterdə necə məşhurlaşmaq olar? – MƏSLƏHƏTLƏR
  15 Aprel 2014    Oxunub:2093
Tvitter sosial şəbəkəsinin təqdim etdiyi funksiyalardan istifadə etməklə burada izləyiclərinizin sayını artırmaq olar.
Mərkəzi ofisi Londonda olan `PeerIndex` firmasının eksperti Nik Taylor deyir ki, Tvitter sosial şəbəkəsində məşhur olmağın yolu profil şəkli və profil məluamtlarından keçir: “Xüsusilə özünüzlə bağlı bir məlumat yazın. Bundan başqa, bütöv sifəti göstərən profil şəkilləri bütün bədənin əks olunduğu kiçik fotolarla müqayisıdə daha tez nəzərə çarpır. Profil məlumatlarınızda hansı mövzuda tvitlər paylaşacağınızı qeyd edin. Bu yolla ortaq maraqlarınız olan adamlar sizi izləmək istəyəcək”.

Tvitterin yeni dizaynı imkan verir ki, Facebook-dakı kimi, burada da örtük şəklindən istifadə etmək olsun. Bununla da ya özünüzün daha böyük şəklinizi, ya da izləyicilərinizlə ortaq maraqlarınızı əks etdirən fotoları paylaşa bilərsiz.

Ekspertlər hesab edir ki, Tvitterdə izləyiciləri cəlb etməyin digər yolu isə paylaşılan tvitlərin məlumatlı, dolğun məzmunlu və yumoristik olmağıdır. Əgər bunların üçü də bir tvitdə cəmləşibsə, o zaman həmin tvit ən çox paylaşılan tvitlərdən birinə çevrilə bilər.

Sosial şəbəkələr üzrə ekspert Devid Levin Tvitter istifadəçilərinə bunları tövsiyə edir: “Tvitlərinizi qısa yazın. Əgər ehtiyac yoxdursa, 140 işarənin hamısından istifadə etməyə məcbur deyilsiz. Araşdırmalar göstərir ki, istifadəçilər daha qısa tvitləri oxumağa üstünlük verir.

@ işarəsindən düzgün istifadə edin. Unutmayın ki, @ işarəsi ilə başlayan tvitləri yalnız dostlarınız və dostlarınızla ortaq izləyiciləriniz görə bilir.

# işarəsindən lazım olduğundan artıq istifadə etməyin”.

Nik Taylor qeyd edir ki, Tvitterdə sizi izləyəni izləmək “oyun”u olsa da, yalnız sizə maraqlı olan istifadəçiləri izləməyiniz məsləhətdir. @ işarəsinə gəlincə isə, N.Taylor vurğulayır ki, tvitinizdə kiminsə haqqında danışırsınızsa, bu işarədən istifadə edərək, onu mütləq söhbətə əlavə etmək lazımdır: “Kiminsə adını işarələdiyiniz tvitlərin başqaları tərəfindən də oxunmağını istəyirsinizsə, onda @ işarəsinin əvvəlinə nöqtə qoymaq lazımdır”.

Əgər izləyiciləriniz sayı 1000 nəfəri keçibsə, bu, o deməkdir ki, düzgün davranırsız.

Ümumiyyətlə isə ekspertlər bu fikirdədir ki, izləyicilərin sayına çox da əhəmiyyət vermək lazım deyil: “Tvitter fəaliyyətiniz sizə müyyən vaxta qədər kömək edə bilər. Əsas sosial status sosial şəbəkələrdən kənarda qalan vaxtınızı necə keçirməyinizdən asılıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti