Prezident: `Bu, mənim son xəbərdarlığımdır`

Prezident: `Bu, mənim son xəbərdarlığımdır`
  15 Aprel 2014    Oxunub:1072
`Bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Xatırlayıram, o vaxt biz "Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə var`.

Bu sözləri aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, Azərbaycanda son illərdə bu istiqamətdə çox böyük işlər görülüb: "Çünki neft hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur".

Dövlət başçısı bildirib ki, ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir: "Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər.

Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir."

Prezident deyib ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz: "Bu, mənim son xəbərdarlığımdır. Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada "Avro-4" standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır. Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik".

Dövlət başçısı deyib ki, Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır: "Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.

Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaq".


Teqlər:





Xəbər lenti