İlham Əliyev: `...Sonra o pullardan bizim əleyhimizə istifadə edirlər`

İlham Əliyev: `...Sonra o pullardan bizim əleyhimizə istifadə edirlər`
  15 Aprel 2014    Oxunub:871
`Bəzi beynəlxalq məsələlərlə bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. Biz buna qiymət vermək fikrində deyilik. Ancaq Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulub`. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük rəğbət yaradır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir: "Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaq.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir: "Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində iştirak etmişəm. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana Sammitdə iştirak edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir. Dünyada təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, indi dünya gündəliyinin birinci sıralarındadır. Azərbaycan bu sahədə də öz töhfəsini verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik".

Azərbaycanın beş qonşusunun olduğunu xatırladan Prezident bildirib ki, onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur: "Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcək.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir".

İlham Əliyev vurğulayıb ki, beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər".

Prezidenti bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi: "Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.

Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün?

Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir.

Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq.

Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcək".

Dövlət başçısı söyləyib ki, Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir: "Biz isə bununla heç vaxt barışmayacağıq. O ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırıb.

Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq".


Teqlər:





Xəbər lenti