`ASAN-da korrupsiya tamamilə mümkünsüzdür` – VİDEO

`ASAN-da korrupsiya  tamamilə mümkünsüzdür` – VİDEO
  10 Fevral 2014    Oxunub:4469

“ASAN xidmət”in rəhbəri İnam Kərimov AzVision.az oxucularının ona ünvaladıqları sualları cavablandırır.
Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

Əvvəli BURADA

Qəlbinur Biləsuvarlı:
- ... İnam müəllim, bu? necə olur ki, ASAN xidmətdə xidmət haqqını ödəyərkən əlavə xidmət haqqı tutulur?(Bankda) Həmçinin, müxtəlif surət çıxarmalara niyə əlavə pul ödənməlidir ki, əgər vahid şəkildə qabaqcadan xidmət haqqı ödənirsə?




- ASAN xidmət mərkəzlərində 9 dövlət orqanı 25 sahə üzrə xidmət göstərir və vətəndaşlar həmin xidmətləri həm bizim mərkəzlərdə, həm də dövlət orqanlarının digər xidmət mərkəzlərində əldə edə bilərlər. ASAN xidmət mərkəzi alternativ xidmət şəbəkəsidir. Vətəndaşlar həm ASAN xidmət mərkəzinə, həm də aidiyyatlı dövlət qrumunun xidmət mərkəzinə müraciə edə bilərlər.
Bildiyimiz kimi, bir sıra xidmətlər üçün dövlət rüsumları və xidmət haqları müəyyən edilib. Xidmət haqları Tarif Şurası tərfindən müəyyən edilir və vətəndaşlar ASAN xidmətə və ya ənənəvi xidmət şəbəkəsinə müraciət etdikdə dövlət rüsumları və haqları tamamilə eynidir. Yəni, ASAN xidmətə müraciət etdikdə heç bir əlavə xidmət haqqı tutulmur. Onlar eyni xidmət haqqını və dövlət rüsumunu ödəyirlər.
Bir sıra dövlət xidmətlərinin göstərilməsi üçün, yardımçı, funksional xidmətlərin göstərilməsi zəruridir. Məsələn, bank, sığorta, foto xidmətləri və s. Bu xidmətlər də özəl qrumlar və şirkətlər tərəfindən göstərilir və ASAN xidmətin yeganə tələbi bundan ibarətdir ki, yardımçı xidmətlər digər şəbəkələrdən daha aşağı tariflərlə göstərilməlidir. Tutaq ki, bank haqqını, bank xidmətini götürək. ASAN Xidmətin tələbi bundan ibarətdir ki, göstərilən xidmətə görə tələb olunan tariflər mövcud ən aşağı tarif olmalıdır.
Məsələn, ASAN xidmət mərkəzlərində bank xidmətlərinin göstərilməsi 20 qəpikdir. Amma halbuki, siz ASAN xidmət mərkəzindən kənarda dövlət xidmətlərinin həyata keçirilməsi üçün rüsum ödəyirsinizsə, belə bir aşağı tarif tapa bilməzsiniz.


Nişanlı:

- Bir halda ki, ASAN-da nigah bağlanılır, ASAN-ın əməkdaşları gəlib bunu şadlıq evlərində də edə bilərlərmi? Bəlkə evlənənlər üçün də belə bir səyyar xidmət yaradasınız?




- Dövlət xidmətləri ASAN xidmət orqanları tərəfindən vətəndaşlarımıza təqdim edilir. Həmçinin fevral ayının 3-dən etibarən vətəndaşlarımıza pilot layihə çərçivəsində onların yaşadıqları və işlədikləri yerlərə mobil ASAN xidmətlər göstərilir. Vətəndaşlar artıq öz yaşayış yerlərini tərk etmədən ASAN xidmətlərdən faydalana biləcəklər. Bu da ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanının tələbidir.
Yəni, bu xidmətlərin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada prosedurlar həyata keçirilir. Və xidmət haqqı tələb olunur. Xidmətlər eyni qaydada və keyfiyyətdə şəffaf, operativ və rahat yolla vətəndaşlarımıza təqdim olunacaq.
Xidmətlərin sırasına həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması da daxildir. Vətəndaşlarımız 108 çağrı xidmətinə müraciət edərək, ASAN xidmət mərkəzində göstərilən xidmətləri artıq öz evlərində və iş yerlərində əldə edə biləcəklər.


Nazim Məmmədov:

- Azərbaycanda hamının təriflədiyi ASAN xidmət yarandığı gündən etibarən "yüklülük" barədə reyestrden arayışın verilməsi üçün mərkəzlərdə fəaliyyət göstərən Daşınmaz Əmlakın Resyestri Xidməti əlavə xidmət haqqı alır. Niyə belədir? Xahiş edirəm, bu məsələyə də bir aydınlıq gətirəsiniz.

Kərim:

- Əmlak Komitəsi ilə bağlı prosedurlar nə vaxt ASAN Xidmətə veriləcək?




- Dövlət rüsumu haqqında olan qanunla bir sıra xidmətlərin göstərilməsi üçün rüsum müəyyən edilib. Əmlak məslələri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlər də bu xidmətlər çərçivəsinə daxildir.
Dövlət rüsumu ilə yanaşı, Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən xidmət haqqları müəyyən edilib. Həmin müəyyən edilmiş xidmət haqqı çərçivəsində Əmlak məsələləri Komitəsi tərəfindən həm ASAN xidmət mərkəzlərində, həmçinin də komitənin ASAN xidmət mərkəzində təmsil olunmayan xidmət şəbəkələri vasitəsilə dövlət rüsumu və xidmət haqları alınır. Və bizim də məqsədimiz odur ki,bu xidmət haqları şəffaf surətdə qanunvericiliklə müəyyən edilmiş qaydada bank köçürmələri vasitəsilə vətəndaşlardan alınsın və xidmətlərin icrasına yönəldilsin.


Elşən:
- İnam müəllim, mənim Rusiya Federasiyasının sürücülük vəsiqəm var. Mən onu dəyişə bilərəmmi və necə?

Səbuhi Bayramov:
- Xaricdə alınmış sürücülük vəsiqələrini ASAN-da yerli vəsiqələrlə dəyişdirmək olurmu?





- Sürücülük vəsiqələrinin dəyişdirilməsi ASAN xidmət mərkəzlərində Daxili İşlər Nazirliyi tərəfindən göstərilən xidmətlərdən biridir. Və ASAN xidmət mərkəzlərinin təşkili ilə bağlı müvafiq fərmanda bütün sürücülük vəsiqələrinin dəyişdirilməsi ASAN xidmət mərkəzlərində həyata keçirilməlidir. O cümlədən, xarici ölkələrdə verilmiş və itmiş sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi də.
Ancaq hazırda sırf xaricdə verilən sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müəyyən texniki yoxlamaların həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən işlər aparılır. Və fərmanın icrasını tətbiq etmək məqsədilə çox yaxın zamanlarda artıq vətəndaşlarımız həmçinin xarici dövlət orqanları tərəfindən verilmiş sürücülük vəsiqələrini ASAN xidmət mərkəzlərində dəyişdirə biləcəklər. Bunun həyata keçirilməməsi sırf texniki məsələ ilə bağlıdır. Artıq bir neçə gün ərzində vətəndaşlarımız bu sürücülük vəsiqələrini ASAN xidmət mərkəzində dəyişə biləcəklər.


Alıkişiyev Elşad:
- Səyyar Asan xidmət regionları dolaşır və vətəndaşlara xidmət edir. Bəs yaxşı gələcəkdə belə bir xidmət nəzərdə tutmusunuzmu - xaricdə yaşayan vətəndaşlarımıza səyyar yardım etmək?




- 2013-cü il ərzində 5 ASAN xidmət mərkəzi fəaliyyətə başlayıb. Amma hələ ki bütün Azərbaycan ərazisini əhatə etmək mümkün olmayıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan regionlarında səyyar avtobuslar fəaliyyətə başlayıb. Xüsusi texniki vasitələrlə təchiz edilmiş avtobuslar iki cənub və Şimal istiqamətdə vətəndaşlarımıza regionlarda xidmətə başlayıblar. 20 dayanacaq nöqtəsində 40 rayonun əhalisinə xidmət göstərilib. İyun ayından noyabr ayına qədər bu xidmət davam edib. 60 minə yaxın vətəndaşa xidmət göstərilib.
Amma səyyar xidmətlərin xaricdə göstərilməsi həmin dövlətlərin suvereneliyi ilə bağlı olan bir məsələdir. Bir dövlət orqanının nümayəndələrinin digər dövlətlərin ərazisində xidmət götərməsi ikitərəfli razılaşma əsasında həyata keçirilməlidir. Əgər gələcəkdə belə bir zərurət olarsa, yəni Azərbaycan vətəndaşlarının kompakt yaşadığı dövlətlərdə ikitərəfli diplomatik razılaşmalar əsasında xidmət göstərilməsi barədə razılğa gəlinərsə, əlbəttə ki, məsələ nəzərdən keçirilə bilər. Amma hesab edirəm ki, hazırda belə bir zərurət yoxdur. Problemin daha innovativ yol ilə həll edilməsi üçün tədbirlər görülməkdədir.


Seyfəddin Əhmədov:
- Hörmətli İnam müəllim. Sizin qəbul vaxtınız həftənin hansı günləri və saat neçədədir?

İlqar:
- Salam, İnam müəllim. İnternet səhifənizdə sizin qəbul saatlarınızın qeyd olunduğunu gördüm. Əgər müraciət etsəm, şəxsən sizin qəbula düşə bilərəm, yoxsa məni müavin, köməkçi, işçi qəbul edəcək?

Tahirə Məmmədova:
- Sizə müraciətim var. Şəxsən sizin qəbulunuza necə düşə bilərəm? Cavab gözləyirəm, sizə uğurlar!




- “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri tələb edir ki, dövlət agentliyinin hər bir əməkdaşı daim vətəndaşlar arasında olsun, onların üzləşdiyi problemlərlə maraqlansın. Eyni zamanda, agentliyin sədri kimi, mənim də vəzifəmdir ki, daim vətəndaşlar arasında olum, onları qayğılandıran məsələlərlə maraqlanım.
Amma əlbəttə ki, bu, rəsmi qəbul günlərini də istisna etmir. Hər ayın ikinci həftəsinin birinci günü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin qəbul günləridir, saat 15-dən 18-ə qədər. Və qəbul günündə qəbula yazılan vətəndaşlar şəxsən mənim tərəfimdən qəbul edilir. Onları qayğılandıran suallara həmişə cavab verilir.
Amma bununla yanaşı, biz vətəndaşları maraqlandıran sualları təkcə qəbul günlərində deyil, o cümlədən müxtəlif vasitələrlə, daim həyata keçirdiyimiz sosial sorğular, hətta sosial şəbəkələr vasitəsilə qəbul edir və cavab veririk. Bu proses təkcə ayda bir dəfə qəbul günləri vasitəsilə həyata keçirilmir, ay ərzində həm mənim tərəfimdən, həm də “ASAN Xidmət” Mərkəzlərinin əməkdaşları tərəfindən həyata keçirilir.

Mumin:

- Bismillah. Dinə yanaşmanız necədir? Dövlət idarələrində və təhsil yerlərində hicab örtməyi doğru hesab edirsinizmi?




- Mən hesab edirəm ki, hər bir şəxsin dininə, inancına hörmətlə yanaşılmalıdır və dinlə bağlı məsələlər hər bir şəxsin sırf şəxsi məsələsidir. “ASAN Xidmət” Mərkəzində də həmçinin dinindən, inancından asılı olmayaraq, bütün vətəndaşlarımıza yüksək səviyyədə, rahat və şəffaf formada xidmət göstərir. Ona görə də, bizim üçün insanların dini etiqadının heç bir fərqi yoxdur. Dinindən, inancından asılı olmayaraq, hər bir vətəndaşa xidmət göstərmək bizim sadəcə vəzifəmizdir.

Qalib:
- İnam müəllim, ASAN xidmətdə indiyə kimi əməkdaşlar tərəfindən hər hansı korrupsiya halına yol verilibmi, əgər verilibsə, hansı tədbirləri görmüsünüz? Cavab üçün təşəkkürlər.





- Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə ən tutarlı tədbirlərdən biri korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasıdır. Bu hallar aradan qalxırsa, deməli, korrupsiya da olmayacaq. Korrupsiyaya hansı hallar şərait yarada bilər? Qeyri-şəffaf mühit, süründürməçilik, bürokratiya, vətəndaşlarla qeyri-etik davranış...
Baxın, ASAN Xidmət mərkəzlərində hansı şərait yaradılıb, bütün ödənişlər bank vasitəsilə həyata keçirilir. Sığorta və bütün digər xidmətlər banklar vasitəsilə həyata keçirilir. ASAN Xidmət mərkəzlərində vətəndaşlarla ünsiyyət nöqtələrinin hamısı videomüşahidələrlə qeyd edilir. Lazım gəldikdə bu videoyazılar bizim tərəfimizdən izlənir. O cümlədən, gördüyünüz otaqların şəraiti şəffaf formada təşkil edilib. Bütün prosedurlar həm sizin tərəfinizdən, həm də vətəndaşlar tərəfindən adi qaydada izlənə bilər. Burada dövlət rüsumları ilə bağlı bütün ödənişlər haqqında məlumatlar var, bunlar həm monitorlarda qeyd olunub, həm də vətəndaşlar bukletlərdən bu məlumatları əldə edirlər.
Həmçinin bizim əməkdaşlara vətəndaşlarla davranma, stressin idarə edilməsi, vətəndaşların düzgün məlumatlandırılması sahəsində treninqlər keçirilir.
Sadəcə, belə bir nəticəyə gəlirik ki, burada korrupsiya halının baş verməsi qeyri-mümkündür. Yəni korrupsiya halı ASAN Xidmətdə tamamilə mümkünsüzdür. Ona görə də il ərzində belə hal qeydə alınmayıb.
Bütün ASAN Xİdmət əməkdaşları, kollektivi daim vətəndaşlara rahat, operativ, şəffaf xidmət göstərir. Bizim də ən böyük amalımız vətəndaş məmnunluğuna nail olmaqdır.


Mahir Kamal:

- ASAN-da gömrük rəsmiləşdirməsini həyata keçirə biləcəyikmi?



- ASAN Xidmət mərkəzində xidmət göstrən 9 dövlət orqanından biri də Gömrük Komitəsidir. Gömrük Komitəsi vətəndaşlarımıza gömrük bəyannamələrinin və gömrük rəsmiləşdirməsi üçün sənədlərin qəbul edilməsi xidmətini təqdim edir. Vətəndaşlarımız bu xidmətlərdən yararlana bilərlər.


Vətəndaş:
- ASAN Xidmət ideyası haradan götürülüb?




- Azərbaycan Respublikanın prezidenti cənab İlham Əliyevin daim vurğuladığı kimi, Azərbaycanda dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır və bütün dövlət siyasəti də vətəndaşların həyat tərzinin, rifahının yüksəldilməsinə yönəlib. ASAN Xidmət də məhz vətəndaşlara yönəlik bir xidmətdir və bu xidmət innovativliyi, müasirliyi özündə ehtiva edir.
ASAN Xidmət Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış bir xidmətdir və sırf Azərbaycanın məhsuludur. Yəni ki, başqa bir ölkədə sırf bu modeldə təşkil edilmiş bir xidmət mövcud deyil. Xidmətlərin bu cür innovativ, müasir, səmərəli formada təşkili və bu model tam əminliklə demək olar ki, bir Azərbaycan ixtirasıdır.
Və təqdirəlayiq hallardan biridir ki, artıq Azərbaycan ixtirası “ASAN Xidmət” təkcə Azərbaycanda deyil, digər ölkələr tərəfindən də marağa səbəb olub və bir çox ölkələr, beynəlxalq təşkilatlar bu Azərbaycan məhsulunun, Azərbaycan ixtirasının tətbiqi ilə maraqlanırlar. Əlbəttə ki, bununla bağlı tərəfimizdən də işlər aparılır. Yəqin ki, bu barədə yaxınlarda sizləri məlumatlandıracağıq.

Şahanə Rəhimli
Kamera: Elnur Muxtar



Teqlər:  





Xəbər lenti