Şahin Mustafayev Gədəbəydə qəbul keçirdi- FOTO

Şahin Mustafayev Gədəbəydə qəbul keçirdi- FOTO
  23 Noyabr 2013    Oxunub:1176
İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib.

Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iri taxılçılıq, heyvandarlıq, yemçilik, arıçılıq və balıqçılıq təsərrüfatlarının yaradılması, mineral su istehsalının genişləndirilməsi, istixanaların yaradılması, meyvəçilik, turizm və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə obyektiv yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumiyyətlə, Gədəbəydə keçirilmiş qəbulda 50-dən çox vətəndaş iştirak edib.

Qeyd edək ki, Gədəbəydə keçirilmiş vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin sayca 14-cü qəbuludur.


Teqlər:  





Xəbər lenti