“O qədər adama yaxşılıq etmişəm ki...” - 90 yaşlı Vidadi Babanlı

“O qədər adama yaxşılıq etmişəm ki...” - 90 yaşlı Vidadi Babanlı
  10 Avqust 2017    Oxunub:7262
"İnsanın canı ağrıyanda ilham pərisi, yaradıclıq ruhu olmur"

Tanınmış nasir, şair, tərcüməçi Vidadi Babanlı AzVision.az-ın əməkdaşı ilə həmsöbhət olub. 90 yaşlı şair səhhətindən, yaradıcılığında olan yeniliklərdən danışıb.
- Vidadi müəllim, özünüzü necə hiss edirsiniz? Kefiniz necədir?

-Kefim necə yaxşı olsun ki, sərbəst yeriyə bilmirəm. İki il bundan qabaq ayağım sınıb. Buna görə dəmirlə gəzirəm, gözüm zəif görür, yazı-pozu ilə məşğul ola bilmirəm. Darıxıram. Hamısı qocalıqdandır. Həm də yaş öz sözünü deyir.

- Deyirlər yaş kişinin var- dövlətidir. Siz isə gileylənirsiniz...

-Mənim var-dövlətim kitablarım və oxucularımdır. Əsərlərimin bəziləri ingilis dilində hazırlanır. Tərcümə olunub. Yəqin ki, payızda çap olunacaq. Məni var-dövlət maraqlandırmayıb. Məni ancaq yaradıcılıq, əsərlərim maraqlandırıb. Hesab edirəm ki, 90 ilim hədər getməyib. Vaxtımı boş keçirməmişəm, işləmişəm, meydana əsərlər qoymuşam.

- Yayın istisində evdə oturmaq sizə çətin deyil?

-Çox çətindir. Bu il havalar çox isti keçir. İstilər məni darıxdırır, sıxır. Bina evində qalıram. Çölə, bayıra çıxa bilmirəm. Elə evin içində gəzirəm.

- Günləri necə başa vurursunuz?

- Qulluq edirlər. Sağ olsunlar, uşaqlar mənə baş çəkirlər. Bir təhər keçinirik.

- Hansı fəsil ruhunuzu oxşayır?

-Payız ayları xoşuma gəlir. Ömrüm boyu payızı çox sevmişəm. Yayı, qışı o qədər xoşlamıram.

- Yazarlardan, dost-tanışlardan kimlər sizə baş çəkir?

-İndi hamı ora- bura qaçır. Hazırda nə zəng edən, nə də gələn var. Əvəllər dostlarım zəng edirdilər, gəlirdilər, gəlməyəndə də telefonla hal-əhval tuturdular. İndi avqust ayıdır. Bakıda heç kim yoxdur.

-Nəvələriniz varmı?

-Var, nəvələr çoxdur. Onlar böyükdürlər. İşləyirlər. Balaca deyillər ki, onlarla baş qatım.

- Həkimlər nə deyirlər, ayağınız niyə sağalmır?

-Sınıq əyri bitişib. Buna görə də sərbəst yeriyə bilmirəm. Əməliyyat olunmağıma isə razılıq vermədim. Ürəyimdən ehtiyat etdim. İndi bir təhər dəmirdən tutaraq evin içində gəzirəm. Ömrümün axırına qədər bu cür qalacaq. İnsanın canı ağrıyanda ilham pərisi, yaradıclıq ruhu olmur.

-Son vaxtlar heç nə yazmırsınız?

-Arada şeir yazıram. Şeirlər kitabım çıxıb. Roman yazmışam, yarımçıq qalıb. Arzulayıram ki, gözümə nur gəlsin, onu tamamlaya bilim. Cildliklərimi dövlət çap etməyə hazırlaşır.

-90 yaş az deyil. Uzun bir həyat yaşamısınız. Sizcə həyatda insanın hədəfi nə olmalıdır?

-İnsan gərək həmişə yaxşılığa cəhd etsin, insanlar arasında yaxşı ad çıxarsın, hörmət qazana bilsin, onlara əl tuta bilsin, ruhlandırsın. Həyatda yaxşılıqdan yaxşı bir şey yoxdur. Kim bu dünyada yaxşılıq qoyub gedə bilirsə, ən böyük qazancı elə odur.

-Bəs yaxşılığın əvəzində pislik görəndə?...

-Elə hallar olur. Başıma belə hadisələr çox gəlib. O qədər adama yaxşılıq etmişəm ki... Amma lazım olanda heç biri görünməyib. Buna baxmayaraq, yaxşılıq yaxşı şeydir. Bilən bilir, bilməyən də bilməsin, Allah bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Vidadi-Babanlı  





Xəbər lenti