Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV
  27 İyun 2017    Oxunub:70176
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

... 1981-ci ilin 7 aprel axşamı Mərdəkanda axşam “gəzintisi”nə çıxmış starşina Uzun Salehlə böyük serjant Qaraxan bağlar tərəfdən gələn kabab qoxusuna tərəf addımlayırdılar.
- Gəl, kabab çəkənlərin yanına gedək, bəlkə insafa gəlib bizi də süfrə arxasına dəvət elədilər, - Qaraxan palçıqlı küçənin kənarında dayanıb geri qanrıldı, başının hərəkəti ilə zəif tüstü qalxan səmti göstərdi.
Kabab qoxusu gələn tərəfdən bir “Jiquli” yoldakı çala-çuxurlara düşməklə ləngər vura-vura gəlib, yanlarından ötdü. Mərdəkan maşını deyildi.
Milis əməkdaşları irəlilədikcə, bağ evindən gələn ət yanığının qoxusu artırdı. Artıq kabab ətri deyil, sümük yanığının burunu acışdıran iyi ətrafı bürümüşdü. Tüstünün qalxdığı bağa yaxınlaşanda Uzun Saleh boylanaraq həyətə baxdı. Çatılmış tonqalın ətrafında kimsə yox idi. Qapının döyülməsinə cavab verən olmadığını yəqin edən milis əməkdaşları hasrdan aşaraq bağa girdilər.
Tonqalın üstündə insan cəsədi uzanmışdı. Bədənin böyük hissəsi tanınmaz hala düşmüşdü. Yalnız tonqalın odlu hissəsindən kənarda qalan ayaqların topuq hisəsi, şalvarın balaqları və ayaqqablarda sağ islahat qalmışdı.

- Qarabala, mən getdim ölüm hadisəsini doklad eləməyə, sənsə buradan tərpənmə, - Uzun Saleh əlindəki budağı kənara tullayıb əlinin üstü ilə üzünün tərini sildi: – Evlərin birindən bölməyə, təcili yardıma zəng vurub qayıdıram.
Serjant dili dolaşa-dolaşa pıçıldadı:
- Mən də səninlə gedirəm. Qorxuram.

Qırx dəqiqə sonra “QAZ-69” – da oturan kapitan Həsənov, leytenant Babayev və daha iki serjant əvvəlki iki milis nəfəriylə bərabər hadisə yerinə gəldilər. Ətrafdakı köz-kösöv sonsə də, meyit hələ də tüsyülənirdi.
- Meyiti tərpətmisiniz? – kapitan dəsmalı ilə burnunu turaraq hörüldədi.
- Xeyir, yoldaş Həsənov! – starşina əlini papağının günlüyünə qaldırıb cavab verdi.
- Əşyayi-dəlilləri çox ciddi nəzərdən keçirmək üçün meyitə prokuror gələnədək toxunmaq olmaz! – kapitan hadisə yerindən kənara addımlayaraq bildirdi. – Prokurorluğa doklad eləmişəm, indilərdə peyda olacaqlar.

* * *

Bir müddət əvvəl...

... 1981-ci il aprelin əvvəlləri olduqca soyuq keçırdi. Çingiz yuxudan oyansa da, isti, yumşaq yorğan-döşəkdən çıxmaq fikrində deyildi. Qonaq otağında anası pianoda astadan dünən yazdığı melodiyanı dəfələrlə təkrar edir, dodaqaltı nə isə oxuyurdu. Dünənki uik-enddən sonra bir balaca başı ağrıyır, ağzında təmiz çəkilməmiş zoğal arağının tamını duyurdu. Divar saatının hinindən boylanan fransız xoruzu on bir dəfə banlayanda Çingiz yatağından qalxıb pijamasını geyindi, jurnal stolu üzərində qızaran “Morlboro”nu cibinə dürtüb mətbəxə tərəf addımladı. Bolqar xiyarı dolu bankanı soyuducudan çıxarıb stəkanı duzlu – məzəli rassolla doldurdu, sümürə-sümürə içdi.
- Ləzzət! İndi sağlam bədəni nikotinlə yükləmək olar, - deyərək anasının yanına yollandı.

- Sabahın xeyir, Tamilla, - üzünü konsertə hazırlaşıbmış kimi geyinib - gecinmiş anasının saçları arasında gizləyərək mızıldandı.
- Səndən küsmüşəm, Çina, - ana əllərini klavişlərdən götürüb dizləri üstə qoydu. – Axır vaxtlar evə həmişə sərxoş vəziyyətdə gəlirsən. Ayıbdır qonşulardan, mənim balam. Əksəriyyəti alım, yazıçı, şair, müğənni, artistlərdir... Utanıram onların üzünə baxmağa, hal-əhval soruşmağa. Dünən Sabir əmim gəlmişdi, yenə səni soruşdu, imtahanlarınla maraqlandı. Elmi kommunizm kafedrasının müdirinə yol tapdığını, fəndən olan kəsirini düzəltdiyini söylədi. Saat on birəcən gözlədi, gəlmədin.
- Mamulya, sən Allah yenə başlama, - Çingiz siqareti damağına qoysa da, yandırmadı. Tamillanın tütün qoxusuna allergiyası vardı. – Akademikin oğlu Alik, sənin həmişə təriflədiyin Rüfət, yaxşı tanıdığın Sergey, Tərlan...
- Sabir əmim deyib ki, Çingiz bir də saat ondan sonra evə qayıtsa, mənzilə buraxma, göndər mənim yanıma, bizdə gecələsin, - ana oğlunun əlini tutub yanağına sıxaraq pıçıldadı. - Sənə öyüd-nəsihət, məsləhət vermək niyyətindədir. Deyir ki, indiki cavanlara göz-qulaq olmasan, ya alkoqola qurşanacaqlar, ya da narkotaya... Mama qurban, əgər məni bir bunca sevirsənsə.. – bəstəkar çeçələ barmağının ucunu göstərdi və hönkürərək ağlamağa başladı. – Mənim olan-qalanım sənsən, oğul. Yetimliklə böyümüşəm, doyunca yeməmiş, ürəyimcə geyinib-gecinməmişəm... Bircə arzuyla yaşamışam – səni xöşbəxt görüm, toyunu eliyim, nəvəmi ağuşuma basıb laylay oxuyum...

Çingiz anasının sözlərindən təsirləndi, gözlərinin dolduğunu hiss edib siqaretini alışdırdı, tələsik eyvana doğru addımladı.
Tamilla xanım sakitləşə bilmir, başını pianonun şirmayı dilləri üzərinə qoyub xısın-xısın ağlayırdı.
Telefonun uzun-uzadı, təlaş dolu zəngi eşidildi.

- Alo, eşidirəm...- Tamilla xanım haçqırığını boğaraq dilləndi.
- Hər vaxtınız xeyir, Tamilla xanım, zəhmət olmasa Çinanı çağırın telefona...- Ağanın xırıltılı səsi eşidildi.
- Çinciz xəstələnib, Ağa... Miqren..., başı ağrıyır. – Ana hiss elədi ki, yalan danışdığına görə sifəti allanır...
- Mən evinizin qarşısındakı telefon budkasından zəng vururam, Tamilla xanım. Çingiz eyvanda arxasını mühəccərə söykəyərək siqaret çəkir.
- Bu gün ona dəyməyin, Ağamusa, – kompozitor yalvarış dolu səslə inildədi.
- İmtahna hazırlaşmalıdır, kəsiri var. Qoyun bu gün istirahət eləsin.
- Yarım saat, uzağı bir saatdan sonra qayıdacaq, Tamilla xanım, - Ağa əl cəkmədi. - Dostlar kitab passajının yanında gözləyirlər.

Kitab passajı deməkdə Ağamusanın məqsədi vardı. Parapet parkının adını çəksəydi ana heç vəchlə oğlunu buraxmayacaqdı. Parkın adı yaxşı təriflənmirdi, burada əsasən şəhərin bahalı oğlanları, toylara dəvət axtaran alayarımçıq müğənnilər, səfillər və məhbəs müəssisələrindən buraxılan zeklər toplaşardılar. Hər zümrənin öz toplanış yeri, öz skamyaları vardı. Dəcəl uşaqların narahat valideynləri Parapet adını eşidəndə ürəklərinə min cür pis fikirlər gəlirdi. Kitab passajı isə intelligentlərin – pedoqoqlar, rəssamlar, antikvar, rəsm əsərləri və marka toplayanlar, tələbələr məskəniydi. Tamilla xanım özü də hərdən, bazar günləri Torqovıy küçənin başlanğıcında təşkil edilən kitab yarmakasına yollanır, məşhur kompozitorların həyat və yaradıcılığına aid kitablar tapırdı.

- Çingiz hələ indicə yuxudan oyanıb, yuyunmayıb, çörəyini yeməyib, - ana yalvarış dolu səslə dilləndi, - sən uşaqlara de ki, onu gözləməsinlər...
- Kiminlə danışırsan, Tamilla? – eyvanın qapısı astanasında soyuqdan büzüşərək dayanan Çingiz soruşdu. – Tərlandı?
- Yox, Ağasıdır, - ana dəstəyin mikrofonunu ovcu ilə qapayaraq pıçıldadı və rıçaqı basdı.
- Nə deyirdi?
- Səni kitab passajı yanında gözlədiklərini. Getmə, balama qurban. Mən dünən bəstələdiyim mahnını Şövkət xanımla repetisiya etməyi razılaşmışam, bir-iki saata qayıdacam.
- Sən öz rəfiqələrinlə, həmkarlarınla görüşə bilərsən, mən isə yox? Mənim iyirmi iki yasım var, amma bağça uşağı kimi hər addımımı güdürsən...
- Ürəyim narahatdır... Axı hər gün də qonaqlıq, ad günü, məclis olar? Güzgüyə bax, gözlərinin altı qapqara, öskürəndə az qalır ciyərlərin qopub ağzına gəlsin, iştahan da tamam pozulub, son bir ayda cəmisi iki dəfə səninlə şam süfrəsinə oturmuşam, – Tamilla gözlərinin nəmləndiyini his edib başını aşağı dikdi. - Yaxşı deyil, Şövkət xanım gözləyir, bir – iki saata qayıdıram, otur evdə...

Anası gedəndən sonra Çingiz tələsik əynini dəyişdi, saatını qoluna taxıb, layka dərili plaşını qapdı və qapını çırparaq pıllələrlə aşağı yüyürdü. Küçəyə çıxandan sonra yadına düşdü ki, pencəyin cibindəki pulu götürməyib. “uşaqlardan üzr istəyib qayıdacam” – fikirlərilə Parapetə tərəf addımladı.
Ağası ayağını ayağı üstə aşıraraq oturduğu halda dərin fikrə getmişdi. Çingiz onun yanında əyləşdi.
- O, Çina! Sənin punktual olduğunu bildiyimdən, burda soyuqdan donsam da gözləmişəm. Hansısa filosof, məncə ibn Sina deyib ki, dəqiqlik – xanlara məxsus xasiyyətdir. Mən həmişə səni Çingiz xan səviyyəsində tutmuşam, - Ağanın sifətindəki qara buludları dan yeri şəfəqləri bürüdü. – Saat on ikiyəcən yatırsansa, deməli mənzilinizdə komariklər uçuşmur.
- Dostun çağırışına hay vermək borcumuzdur.
- Alik bizi mənzilində bir saatdır gözləyir.
- Görüşəcəyimiz haqında danışığımız olmayıb, - Çingiz günahkar tonunda, üzr istəyirmiş kimi pıçıldadı. – Həm də özümü çox yorğun, əzgin hiss edirəm. Gəldim ki, sizinlə ola bilməyəcəyimə görə üzr istəyim. Beynim sizıldyır.
- Dünənki kayfdan sonra mən də yuxudan oyananda “qazanımın” qaynadığını hiss edib bir kosyak yandırdım, həmin an cənnət məkanının huri-mələkləri uçuşub yanıma gəldilər, - Ağası “Kim” qutusunu çıxarıb diqqətlə siqaretlərə baxdıqdan sonra ikisini çıxardı. – Sümür, əla koknardır, iranskiy. Alikə gətiriblər, Aşqabaddan. Getdik.
Siqareti sümürə-sümürə parkın içərisi ilə addımlayırdılar.
- Alik bizə sürpriz hazırlayıb, deyəsən adambaşına hərəyə əlli qram paylamaq fikrindədir, - Nəşriyyata qalxan yoldakı pilləkənləri çıxanda Ağası bəyan elədi.
Alikgilə gedəsi olmadılar. Onunula Sabir bağının qarşısında rastlaşdılar. Onları gözləyirmiş kimi “Jiquli”yə söykənib siqaret çəkirdi...

* * *

Çingizin “qırx” məclisi günü qurulmuş çadırın yanında qoyulan stolun arxasında oturmuş Muğbil və Klaranın ətrafına onlarla cavan oğlanlar toplaşmışdı. Klara siqareti siqaretin oduna yandıraraq dərin qullablar vurur, ağlaya-ağlaya xatirələrini danışırdı.

- Kiçik oğlum Ələsgərin kiçik toy məclisini keçirməyə hazırlaşırdıq. El adət-ənənəsiynən aşıqlı-zadlı toy eləmək fikrindəydik. Mənim bütün məclislərimdə Göygöz Sabir bütün finans ağırlığını öz üzərinə götürər, əvvəldən-axiracan da iştirak edərdi. Toy günündən bir gün əvvəl də gəlib işlərin nə yerdə olmasıyla maraqlanmış, bir şeyə ehtiyac olmadığını gördükdən sonra sabah tezdən gələcəyini söyləyib getmişdi.

Toy günü isə artıq hər şey hazırlanmışdı, qonaqlar yığışmışdı, Göygöz Sabirsə hələ də yox idi. Axırda Müğbilin məsləhətilə məclisi başlamaq qərarına gəldik. Günortadan bir az keçmiş nəhayət ki, Sabir öz dostlarıyla bir yerdə gəlib çıxdı. Ancaq hərəkətlərindən, nəzərlərinin bir nöqtədə ilişib qalmasından hiss etdim ki, nəsə bir badisə baş verib. Mənə yaxınlaşıb astadan:
- Klara, biz çox ləngiyə bilməyəcəyik. Bir problem çıxıb ortaya, - dedi.
Səbirsizliklə soruşdum:
- Bir hadisə baş verib?
- Tamillanın oğlu Çingiz yoxa çıxıb. Hər tərəfi ələk-vələk etmişik. Heç yandan soraq yoxdur. İndi bir neçə yerə də baş çəkməliyik.
Hardasa yarım saata qədər əyləşdilər. Nə isə öz aralarında pıçıltı ilə danışırdılar. Bir tikə çörək də yemədən ayağa qalxdılar. Onları yola salarkən Sabir yenə də:
- Klara, bağışla ki, məclisdə iştirak edə bilməyəcəyəm, - deyərək xudahafizləşdi.

Ürəyimə dammışdı ki, nəsə dəhşətli bir hadisə baş verib. Bütün günü gərginlik içərisində nə soraq çıxacağını gözləyirdim. Elə gözlədiyim kimi də oldu. Sabirin qardaşı nəvəsi Tamilla Məmmədzadənin oğlunun Mərdəkandakı bağlarında qətlə yetirilməsi xəbəri yayıldı.
Çingizi oğlum İskəndər qədər sevdiyimi desəm, yanılmaram. Dəfələrlə Göygöz Sabirlə Tamılla xanımgilə getmişdim və hər dəfə də Çingizi öpüb qoxulamışdım. Lap Sabirin gəncliyini xatırladırdı mənə. Axırıncı dəfə onu babası Avstriyadan gələndə görmüşdüm.

Moskvada keçirilən Olimpiada yenicə başa çatmışdı. Həmin arada bir gün Göygöz Sabir xəbər gətirdi ki, Avstriyada yaşayan qardaşı Bakıya qonaq gəlir. Sabirgil əslən İrandan idilər. Onlar köklü bir nəsildən idilər. Hamısı elmlə məşğul olan, yüksək vəzifəli adamlardı. Göygöz Sabir onların arasında cinayət aləminin yolunu tutan yeganə adamdı. Bu gün də Bakıda onun qohumları arasında vəzifə sahibləri var.

Avstriyadan gələn qardaşı hələ otuzuncu illərin ortalarıda Mir Cəfər Bağırov repressiyası qatarının altnda qalma təhlükəsindən sivişərək, Arazın o tayına, İrana keçməyə imkan tapmışdı. İrandan Avstriyaya mühacirət etmiş, az bir zaman ərzində işgüzarlığı sayəsində özü üçün lazımi şərait yaratmışdı. Avstriyada Azərbaycandan qaçmış yüzlərlə ailələr yaşayırdı. Dörd ildən sonra bir azərbaycanlı qızı ilə tanış olaraq, ailə qurur. Bu izdivacdan iki oğlu, bir qızı dünyaya gəlir.

Aradan neçə illər keçmişdi. Artıq onun övladları da böyüyüb ailə qurmuşdular. Avstriyada iki böyük qızıl dükanının sahibi idi. Qardaşı Sabirdən yaşca çox böyük olsa da, onunla həmyaş kimi görünürdü. Aradan qırx ilə qədər vaxt keçsə də, azərbaycanca səlis danışırdı.
Tamilla dünyaya gələndə artıq atası İrandaydı. Və sonralar da taleyin qisməti neçə illər atanın öz övladıyla görüşməsinə imkan vermədi. Qırx ildən sonra ata öz qızıyla ilk dəfə görüşürdü. Sabir məni də həmin məclisə dəvət etmişdi. Çox təsirli mənzərəydi. Mən göz yaşlarımı saxlaya bilmirdım.

Qonaq bütün yaxınları üçün qiymətli həiyyələr gətirmişdi. Çingizə o vaxtlar dəbdə olan “Montana” cins kostyumları, laykoviy plaş, İsveçrə istehsalı olan qol saatı, Tamillaya isə üzərində göz yaşları böyüklüyündə brilyant qaşlar düzülmüş bir komplekt bağışlamışdı. Xüsusi zövqlə işləmiş bu zəgər məmulatının qiyməti yox idi. Məncə, məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirdi.

Sabir qardaşını Bakının ən görməli yerlərinə aparırdı. Dəfələrlə bulvardakı “Jemçujina”da, dağüstü parkdakı restoranda, İçərişəhərdəki kababxanada mən də onlarla birlikdə oturmuşdum. Harada otururduqsa, ora qədəm basanlar böyük ehtiramla Sabirə yanaşaraq, görüşürdülər. Sabirin bir heçə dəfə tutulsa da, Bakıda böyük hörmət sahibi olması qardaşına ləzzət verirdi. Onu da deməliyəm ki, neçə dəfə pestoranlarda otursaq da, Sabirə bir kərəm də stolun haqqını ödəmək qismət olmadı. Hər dəfə ofisiant gəlib xəbər verirdi ki, stolun haqqı çatıb. Böyük qardaşın şərəfinə verilən qonaqlıqlar daha şən, daha maraqlı aınırdı, burada yalnız oğru aləminin qaymaqları yığışırdı.

Tamilla xanımın Mərdəkandakı bağ evində düzənlənən məclisdə isə əksəriyyət onun həmkarları idi: müğənnilər Rübabə Muradova, Şövkət Ələkbərova, Əbülfət Əliyev..., bəstəkarlar: Niyazi həyat yoldaşı ilə, teatr artistləri: Hökumə Qurbanova qızı Afaqla, Əli Zeynalov... Əsrarəngsiz bir məclis oldu. Tamila xanım isə hədiyyə gətirilmiş brilyantlarında günəş kimi bərq vururdu.

Aradan bir az keçmiş dəhşətli bir xəbər eşitdim: Tamilla Məmmədzadənin oğlunu qətlə yetirmişdilər. Yuxarıda dediyim kimi, səbəb də babasının gətirdiyi komplekt olmuşdu. O, İnstitutda 3-cü kursda oxuyurdu. Günlərin bir günü qonşuluqlarında yaşayan Alik adlı dostuyla Mərdəkan bağlarına yollanırlar. Alik guya ki, həm güləş üzrə idman ustası, həm də elmlər namizədiydi. Ancaq yalnız akademik atasının köməyi sayəsində bu adı ala bilmişdi.

Onlar gedib bağ evinə çatdıqdan bir qədər keçmiş başqa iki nəfər tanışları da "təsadüfən" gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən planlaşdırıblarmış. Alçaqlar var-dövlət əldə etmək naminə dostlarına belə xəyanət etməkdən çəkinməmişdilər. Bir xeyli yeyib-içdikdən sonra Alik ondan babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin komplekti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra bilmirlər.

Məqsədlərinə çata bilməyəcəklərini görən alçaqlar, onu elə bağ evindəcə qətlə yetirirlər. Sonra guya ki, cinayətin izini itirmək üçün meyiti həyətə çıxarıb, od vurub yandırırlar. Hadisə yerindən uzaqlaşa bilsələr də, cinayətin üstünün açılması çox çəkmədi. Qatillərin üçü də ələ keçdi.

Tamilla Məmmədzadənin oğlunun qətlinin izi ilə ələ keçən cinayətkarların hələ hadisəyə qədər neçə qanlı əməllər törətdikləri üzə çıxdı. Alik Naxçıvanda 8 yaşlı bir qızı, Bakıda "Funikolyor»un yaxınlığında isə iki nəfəri qətlə yetirmişdi.

Bu işlə əlaqədar olaraq onu ölüm cəzasına məhkum etdilər. Atasının nüfuzu və pulu da onu cəzadan xilas edə bilmədi. Lakin sonradan bu cəzanın icra edilib edilmədiyini bilmirəm. Həmin məhkəmədən qədər sonra yenidən tutuldum və Sibirə etap etdildim. Cəzamı çəkib qayıdandan sonra isə eşitdim ki, guya həmin oğlanın cəzası 15 illə əvəzlənib. Lakin əsl həqiqəti heç kim bilmirdi.



Teqlər: #Tamilla-Məmmədzadə  





Xəbər lenti