Fond yeni müsabiqə elan edib

Fond yeni müsabiqə elan edib
  14 İyun 2017    Oxunub:2870
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il iyunun 16-dan iyulun 16-sı saat 17.00-dək qəbul olunur.

Müsabiqəyə yalnız 2017-ci il 15 avqust - 15 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələrinin ekspertizanın bitmə tarixindən və nəticələrin təsdiqindən asılı olaraq, 2017-ci ilin iyul ayında açıqlanması planlaşdırılır.

Elmin İnkişafı Fondunun 6-cı və 7-ci “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hal-hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri 8-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (https://azvision.az/redirect.php?url=http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində e-QRANT sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər: Fond   Müsabiqə  





Xəbər lenti