Jurnalistlər 28 May gününü Lənkəranda qeyd etdi - Fotolar

12:14   30 May 2017    Oxunub: 1396

28 May - Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub.

AzVision.az xəbər verir ki, “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın aparıcı televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarının əməkdaşları Respublika Gününə həsr olunmuş sərgilərdə iştirak ediblər, Lənkəranın mədəni-tarixi obyektlərini ziyarət ediblər.



Əvvəlcə Jurnalist Klubunun üzvləri Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkını ziyarət ediblər. Parkın ərazisində yerləşən Heydər Əliyev mərkəzini ziyarət edən jurnalistlər burada gənc rəssamların “28 May - Respublika Günü”nə həsr olunmuş sərgisi ilə tanış olublar. Həmçinin, media nümayəndələri Heydər Əliyev mərkəzini ziyarət ediblər, ümummilli liderin həyat və faəliyyətinə həsr olunmuş fotostendlərlə tanış olublar.



Sonra Media təmsilçiləri şəhərin giriş hissəsində qurulmuş Bayraq Meydanını ziyarət ediblər. Burada ucaldılan bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Meydanda həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb.



Respublika Gününə həsr olunmuş digər rəsm sərgisi isə Lənkəran Mədəniyyət Mərkəzində təşkil edilib. Jurnalistlər Mərkəzin üzvü olan uşaqların Azərbaycanın dövlət atributlarını əks etdirən rəsm əsərlərindən ibarət sərgisi ilə tanış oldular. Mərkəzin direktoru Hafiz Mirzə bildirib ki, burada yaradılmış 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələr qeyd edilir. H.Mirzə məlumat verib ki, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb.



Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.



Səfər çərçivəsində media təmsilçiləri Lənkəranın bir sıra tarixi yerlərini də ziyarət ediblər. Bunlardan biri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi olub. Hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Jurnalistlər, həmçinin İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkərandakı abidəsini ziyarət edib, ev-muzeyi ilə tanış olublar.



“Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubunun üzvləri rayonla tanışlıq çərçivəsində Hirkan milli parkını da ziyarət ediblər. Jurnalistlərə məlumat verilib ki, parkı yaratmaqda əsas məqsəd yaş subtropiklərin landşaftını, o cümlədən qədimdən qalan və endemik bitki növlərini qorumaqdır. Azərbaycan ərazisində yayılmış ağac və kolların 435 növündən 150-si, o cümlədən Azərbaycanın “Qırmızı kitabına” salınmış dəmirağac, Hirkan şümşadı, şabalıdyarpaqlı palıd, əncir, Hirkan armudu, Lənkəran güləbrişini, Qafqaz xurması, qızılağac və başqa ağaclar Hirkan meşələrində bitir.



Rayonda kənd təsərrüfatı sahəsinin inkişafı ilə tanışlıq çərçivəsində jurnalistlər “Yaşıl çay” fermer təsəruffatında çay plantasiyasını ziyarət ediblər. Təsərrüfatın rəhbəri Araz Yağubov media nümayəndələrinə məlumat verib ki, plantasiyalardan yığılan yaşıl çay yarpağı təsərrüfatın nəzdindəki emal sexində bir neçə istehsal prosesindən keçərək qablaşdırılır. O bildirib ki, təsərrüfatın 61 hektar ərazisində çay plantasiyası salınıb, bu il daha 10 hektarda yeni əkin sahələri salınacaq. A.Yağubov qeyd edib ki, çay sahələri hələ cavandır, kollar tam məhsuldarlığa bir neçə ildən sonra düşəcək: “Bu da növbəti illərdə bizə çay istehsalını dəfələrlə artırmağa imkan verəcək”.



Səfərin sonunda isə jurnalistlərin Lənkərandan millət vəkili seçilmiş, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşü keçirilib. 28 May - Respublika Günü münasibətilə media nümayəndələrinin Lənkəran şəhərinə səfərini çox təqdirəlayiq hesab edən H.Rəcəbli 28 May təqviminin tariximizdə xüsusi yerinin olduğunu bildirib. Görüş zamanı parlamentin komitə sədri Lənkəranın tarixi, coğrafi mövqeyi, bu bölgənin respublika iqtisadiyyatında rolu haqqında geniş məlumat verib.



Hazırda ölkədə islahatların növbəti mərhələsinin həyata keçirildiyini deyən H.Rəcəbli bu islahatların müxtəlif sahələri əhatə etdiyini qeyd edib. Onun sözlərinə görə, sosial-iqtisadi sahə ilə yanaşı, hüquqi sahədə də islahatlar davam edir. “Xüsusilə, qeyri-neft sektorunun inkişafı yönündə mühüm addımlar atılır. Bu sektorun inkişafı üçün ölkəmizin kifayət qədər potensialı var. Hazırda dövlət başçısının müvafiq qərarları əsasında respublikanın müxtəlif bölgələrində sənaye zonaları, məhəllələri, texnoparklar yaradılır. Bununla yanaşı, Azərbaycanda aqrar sahənin də böyük potensialı var. Ona görə də, bu gün kənd təsərrüfatının inkişafı, yerli məhsulların emalı istiqamətində zəruri addımlar atılır” - deyən H.Rəcəbli əlavə edib ki, qeyri-neft sektorunda turizm də mühüm yer tutur.



O bildirib ki, artıq Azərbaycanda bu sahədə xeyli işlər görülüb və bunun nəticəsində də son illər ölkəmizə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, millət vəkili hesab edir ki, ölkəmizdə bu sahənin inkişafı üçün də daha böyük potensial var. Çünki turizmin inkişafı üçün bütün şərtlər mövcuddur. Həm təbiət, həm iqlim, həm də tarixi-mədəni abidələrin zənginliyi baxımından Azərbaycan digər turizm ölkələrindən heç də geri qalmır.

AzVision.az

Teqlər: Lənkəran    




Rubrikanın digər yazıları