XX əsrin ən parlaq və ən bədbəxt qadını – GİZLİ TARİX

XX əsrin ən parlaq və ən bədbəxt qadını – GİZLİ TARİX
  07 Mart 2017    Oxunub:22413
Bəhram Çələbi
AzVision.az üçün

Onu XX əsrin ən məşhur və ən bədbəxt qadını adlandırırlar. Həqiqətən də, Jaklin Kennedi hələ sağlığında əfsanəyə, gözəllik, qadınlıq və eleqantlıq simvoluna çevrilmişdi. Lakin onun adı bir çox sirlər və səs-küylü qalmaqallarla da əhatələnib.

Jaklini dəlicəsinə sevən atası Cek Buvye uşaq ikən ona "Mənim gözəlim, şahzadəm, sən mütləq kraliça olacaqsan və ən samballı şəxslər sənin yanına baş əyməyə gələcəklər. Bilirsən, nəyə görə? Ona görə ki, sən ən gözəl, ən ağıllı və ən füsünkarsan",- deyirdi.

Həmişə qayğı və bolluqla əhatələnmiş Jaklin Con Kennedi ilə gələcək nikahı barədə ilk dəfə ailə üzvlərinə xəbər verdikdə bu olay anasının ürəyincə olmur: "Kennedilər çox pis nüfuza malik ailədir, həyatda onları yalnız pul maraqlandırır, haqlarında yalnız mənfi rəylər eşitmişəm",- deyir.

Lakin bütün deyilənlərə baxmayaraq, onlar evlənirlər. Con Kennedi prezident seçildikdən sonra Jaklin Ağ Evdə özünü rahat hiss etmirdi. Onun ailə həyatını bir o qədər də parlaq saymaq olmaz. Məsələn, Jaklin uşaqlarla birlikdə paytaxtı tərk edən kimi həyat yoldaşı da macəra dalınca yollanırdı. Onun mühafizəsindən olan adamlar nəinki prezidentin məxfi görüşlərinin təhlükəsizliyini təmin edir, hətta bu görüşlərin təşkilatçıları rolunu da üzərlərinə götürürdülər. Conun həm məşhur aktrisalarla uzunmüddətli əlaqələri, həm də katibliyin sarışın xidmətçiləri kimi təsadüfi qadınlarla qısa məhəbbət romanları baş verirdi.

Dosye
...Əfsanəvi aktrisa Merilin Monro Con Kennedi ilə 1946-cı ildə tanış olmuşdu. Merilini yaxından tanıyan şəxslər onun 1947-ci ildə dünyaya gətirdiyi uşağın atasının Con Kennedi olduğunu deyirlər. Uzun illər onların arasında xüsusi münasibətlər olmuşdu. Onları birlikdə tez-tez Malibudakı "Hollidey İnn" və ya Mayamidəki "Fontenblo" motellərində görürdülər. Merilin onu “böyük kələkbaz” adlandırır, Kennedi isə aktrisaya ədəbsiz lətifələr danışmaqdan həzz alırdı. Sayıq mühafizəçilərin diqqətini yayındırmaq üçün Merilin hər cür hiyləyə əl atırdı. Ağ Evə zəng vurduqda əvvəlcə prezidentin şəxsi katibi Kenni Odonnellə əlaqə saxlayır, sonra Qrin adlı xanım “kodu” söyləyirdi...


Jaklinin bioqrafı Devid Heymanın dediyinə görə, bu qadın baş verənlər barədə ərinin düşündüyündən də çox bilir və ona nifrətlə yanaşırdı. Lakin o, Merilin Monronun prezidenti ad günü münasibətilə təbrik edərkən hamının gözü qarşısında açıq-aşkar ona eşq elan etməsi ilə heç cürə barışa bilmirdi. Kennedinin Odri Hepbern, Sofi Loren, striptiz rəqqasəsi Tempest Storm və başqaları ilə sevgi macəraları hamıya yaxşı məlum idi. Ərinin bu hərəkətləri Jaklinin əsəblərini pozurdu.



Lakin onun həyatındakı ən qara zolaq 22 noyabr 1963-cü il tarixində Dallasda başlanır. Faciəli atəş açılan zaman Jaklin üstü açıq avtomobilin içərisində ərinin yanında əyləşdiyindən, onun da paltarı al qana boyanır. Kennedinin qətlindən sonra mərhuma qarşı sevgi ilə yanaşı, Amerikanın birinci ledisinə qarşı da dedi-qodular baş qaldırmağa başlayır. Onu patoloji xəsislikdə və hikkəli olmaqda günahlandırırdılar. Jurnalistlər onu addım-addım izləyərək adına min bir söz qoşurdular. Jaklinə isə bu, pis təsir edirdi.



Bir dəfə Jaklin Vaşinqtonun məşhur “Jokeylər” klubunda aktyor Marlon Brando ilə tanış olur. “Arzu tramvayı” filminin qəhrəmanına valeh olan Jaklin aktyora gecənin qalan hissəsini onun evində keçirməyi təklif edir. Jaklinin bacısı Li və Brandonun ən yaxın dostu Corc Enqlund da ora yollanırlar. Artıq bir qədər sonra Jaklin aktyorla təklikdə qaranlıq otaqda rəqs edirdi. Yəqin ki, bu görüşün sonu başqa cür bitməli idi. Amma Jaklin nədənsə qorxaraq, qəfildən Brandoya israrla evi tərk etməyi tapşırır.

Get-gedə Jaklin qapalı bir şəxsə çevrilərək, yalnız öz sadiq cangüdəni Hill Klintonun dəstəyinə arxalanırdı. Məhz həmin cəsur oğlan onu Li Harvi Osvaldın gülləsindən sinəsi ilə müdafiə etmişdi. Bir dəfə Jaklin “Jokeylər” klubunda əsl tamaşa təşkil edir. O, hamının gözü qarşısında bərk sərxoş olaraq öz xilaskarının ağuşuna atılır. Bu addım cəmiyyətə qarşı yönəlmişdi.



6 iyun 1968-ci il tarixində Robert Kennedi Los-Ancelesdəki “Ambassador” otelində qətlə yetirilir. Dəfn zamanı Jaklin gözlənilmədən Robertin əvəzinə ikinci dəfə öz ərini son mənzilə yola saldığını təsəvvür etdiyindən, onun əsəb tutması baş verir. Yeri gəlmişkən, onun qaynı Robertlə sevgisi barədə də söhbətlər gəzirdi. Amma “Ceki” kitabının müəllifi Edvard Kleyn qeyd edir ki, onlar bir-birlərini çox gözəl başa düşürdülər və Robert daim onun müdafiəçisi və himayədarı olub.



Robertin faciəli ölümündən sonra Jaklinin bütün fikirləri yalnız öz uşaqlarını necə qorumaqla bağlı idi. O, bacardığı qədər Amerikadan uzaqlaşmağı qərarlaşdırır. Məhz həmin dövrdə elə bir addım atır ki, amerikalılar uzun müddət onu bağışlaya bilmirlər. Jaklin yunan milyardçısı - gəmi istehsalçısı Aristotel Sokrat Onassisə ərə gedir.

Bu, əsl qalmaqal idi. Xəbər bütün Amerikada böyük səs-küyə səbəb olur. Qəzetlər yazırlar ki, Jaklinin Onassislə münasibətləri hələ Kennedinin sağlığında başlamışdı! Bu sözlər onun üçün əsl təhqir olduğundan, bir müddət insanlardan uzaqlaşmağa çalışır. Jaklinin yunan milyardçı ilə toyu 1968-ci ildə baş verir. Gözəl qadın həvəskarı olan Onassis onun dərdindən divanə idi. Düzdür, bir müddət əvvəl onun Jaklinin bacısı Li Radenvillə də münasibəti olmuşdu və hətta həmin qadın yunan milyardçısına ərə getmək məqsədilə ərindən boşanmaq istəyirmiş. Qeyd etmək lazımdır ki, bu bacılar hələ uşaqlıqdan bir-birlərilə yarışırdılar. Bu dəfə isə Jaklin qələbə çalmışdı. Yeri gəlmişkən, Aristotel Onassis onunla evlənməkdən ötrü öz köhnə məşuqəsi, məşhur yunan müğənnisi Mariya Kallasdan əl çəkməli olur.

O dövrdə bütün qəzetlər “Ceki”yə yalnız bir sual ünvanlayırdı: "Axı siz bu hərəkəti necə edə bildiniz, Jaklin?"



Bacısının ərə getməsi barədə Li Radenvil bunları söyləyirdi: "Mənim bacım elə bir insana möhtacdır ki, onu insanların marağından qoruya bilsin. Onassis onu firavan həyatla təmin etmək üçün kifayət qədər zəngin, sakitliyini qorumaq üçün isə olduqca bacarıqlıdır".

“Ceki”nin zəif damarına bələd olan əri onu daima daş-qaşa tuturdu. Onassisin bağışladığı hədiyyələrin qiyməti yox idi. Onun məşhur 40 karatlıq brilyantı barədə demək olar ki, dünyanın bütün qəzetləri bar-bar bağırırdı.

Bundan başqa, Onassis ona Skorpio adlı bütöv bir adanı bağışlayır ki, ora da kənar şəxslər buraxılmırdı. Lakin paparazzilər burada da onu rahat qoymurlar. Onlar Jaklinin çılpaq vəziyyətdə çimərlikdə fotoşəklini çəkərək, bir çox nəşrlərə satırlar.



Milyardçı həmçinin Jaklinin övladları Con və Kerolaynın hərəsinə bir gəmi hədiyyə edir. Yeni ata roluna ciddi yanaşan Onassis tez-tez Conu dizi üstə əyləşdirib, ona Qədim Yunanıstan haqqında miflər danışaraq, gələcək barədə məsləhətlər verirdi.

Lakin bu nikah da Cekiyə qəlb rahatlığı və xoşbəxtlik gətirmir. Təzə ərinin evində o, qərib idi və öz varis payına sahib olmaqdan ötrü adlı-sanlı ailəyə soxulmuş düşmən kimi qəbul olunurdu. Ən başlıcası isə o, Aristoteldən maraqlarına görə çox fərqlənirdi. İntellektual ehtiyatı bir o qədər də zəngin olmayan Onassis yalnız bizneslə nəfəs alırdı.

Ceki tez-tez Amerikaya yollanırdı. Onassis isə Nyu-Yorka gələrkən arvadının evində deyil, oteldə məskən salırdı. Hətta bu dövrdə boşanmaq barədə söz-söhbət yayılırdı. Milyardçının vəkili bu münasibətlər barədə söyləmişdi: "Onasssis istəyirdi ki, Jaklin daim onun yanında olsun. O, hərdən ayrılmaq istəsə də, hər dəfə boşanmaq haqqında hazırladığım sənədi cırıb atırdı. Əsas arzusu Cekinin onun yanında olması idi".



...Onassisi dəhşətli xəstəlikdən hətta milyardları belə xilas edə bilmir və o, Jaklinlə 7 il ömür sürərək, xərçəngdən vəfat edir. Hərçənd, onların birlikdə və ayrılıqda nə qədər ömür sürdüklərini demək çətindir. Onassis ölən zaman Jaklin Nyu-Yorkda olduğundan belə bir şayiə yayılır ki, guya o, Nyu-Yorkdakı evlərindən var-dövləti götürmək üçün xəstə ərini tək-tənha qoyub gedibmiş. Aristotel isə Parisdə öz qızının qolları arasında dünyasını dəyişir.

Ölümündən qabaq Onassis vəsiyyətnaməsini dəyişərək, Jaklinə cəmi iki milyon dollar, ögey anasına nifrət bəsləyən qızı Kristinaya isə qalan var-dövlətini vəsiyyət edir. Az sonra baş vermiş qeyri-məhkəmə danışıqları nəticəsində 2 milyon rəqəmi 20 milyona çevrilir. Dul qalmış Jaklin Kennedi-Onassis yenidən Nyu-Yorka köçdükdən sonra onu "Vaykinq Press" nəşriyyatına redaktor vəzifəsinə dəvət edirlər. Çünki Ceki universiteti bitirdikdən sonra bir müddət jurnalist kimi çalışmışdı.

Mətbuat isə Jaklini izləməkdə davam edərək, onun adını bu və ya digər məşuqla birlikdə hallandırırdı. Bir neçə kitaba redaktorluq edən Jaklin nəşriyyatdan qalmaqalla ayrılır. Belə ki, həmin nəşriyyat onun keçmiş ərinin qardaşı - Robert Kennedi barədə incəliklərlə dolu detektiv bir roman nəşr etmək fikrində idi və Ceki buna heç cür tab gətirə bilməzdi.

1994-cü ilin mayında Jaklin 65 yaşında özünün Nyu-Yorkdakı mənzildə xərçəng xəstəliyindən vəfat edir.


Teqlər: #8Mart   #Tarix   #Qadın   #JaklinKennedi  





Xəbər lenti