Arada qanunları oxuyun, yaxud, maşını bacıoğluna necə bağışladım

Arada qanunları oxuyun, yaxud, maşını bacıoğluna necə bağışladım
  28 Dekabr 2016    Oxunub:5467
Musa Əliyev
Rejissor

Üzləşdiyimiz problemlərin çoxu qanunları bilməməyimizdən irəli gəir. Lazımsız tələb edilən sənədlər, suallar, tələblər çoxlarımızın gözünü elə qorxudub ki, işin alınmağı üçün hörmətli Vaqif Əsədov demişkən, “alternativ yollar” axtarırıq.

Elə bil ki, problemin (əslində, heç problem də deyil) həllinin doğru yolunda tıxac olur. Tıxac isə çox vaxt ona görə yaranır ki, biz qanunları bilmirik.

Amma nə olardı ki, bir idarə və ya təşkilatın qapısına getməmişdən əvvəl heç olmasa bir qayda-qanunu açıb oxuyaydıq. Axı onu yazanlar da bizim kimi iki əli, iki ayağı olan adamlardır. Qorxmalı heç nə yoxdur. Bir az qəliz dildə yazılsa da, bir-iki dəfə oxuyanda anlamaq olur. Və oxuyanda görürsən ki…

...3 il bundan əvvəl maşınımı bacıoğluna bağışlamaq istəyirdim. Fikirləşirdim ki, bağışlamaqdır, satmaqdır - bu məslələri hüquqi tərəfdən qeydə alan orqan yəqin ki, dövlət notariat kontorları olar. Açım bir oxuyum, bu proses necə gedir?

Oxuyanda gördüm ki, dövlət rüsumu haqqında qanunun 10.2 maddəsində nəqliyyat vasitələrinin özgəninkiləşdirməsi haqqında müqavilələrin təsdiqi üçün rüsum belədir: İşdi-şayət çaşıb, maşını yaxın qohumun adına keçirsən 25 manat, qıraq adama bağışlamaq istəyirsənsə, 50 manat pul verirsən, vəssəlam-şüttamam. Ərəstun müəllim (Xətaidəki notarius) yüksək səviyyədə qeydə alır bu əhdi-peymanı.

Bir az da internetdə bir-iki məqamı oxuyandan sonra necə deyərlər, vurdum qoltuğuma öyrəndiklərimi, getdim notariusa. Gəlişımın məqsədini dedim ki, bəs, maşını bağışlayıram bacıoğıuya, qoy, dayısı olmayanda ona rəhmət oxusun. Nə olsun ki, “Jiquli”dir? İndiki zəmanədə kim-kimə nəsə bağışlayır?

Notarius müəllim dedi ki, bu, bizlik deyil.
- Bəs kimlikdir?
- Getməlisiniz Respublika Yol Polisinə. Bu işlər orada həll olunur.

Çıxdım gəldim evə. Başladım daha dərindən oxumağa. Məlum oldu ki, belə etmək lazımdır: Deməli, sən oturursan maşına, sürürsən Xırdalandakı Yol Polisinə. Orada notariusda tələb olunan nəqliyyat vasitələrinin müayinədən keçiriliməsi haqqında arayış almalısan. Bu arayış da Daxili İşlər Nazirliyi tərəfindən 14 iyun 1999-cu ildə təsdiq edilmış və Ədliyyə Nazirliyi tərəfindən 17 iyun 1999-cu ildə qeydə alinmış Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması ilə əlaqədar müayinə arayışlarının verilməsi barədə təlimata əsasən alınır.

Yəni DYP-də sənin maşınını müayinədən keçirirlər. Özü də təlimata görə, maşının “texpasport”unun, ban və şassisinin nömrələri qeyd olunur. Yəni bu təlimatda “oqnetuşitel”, nə bilim “avarinniy znak”, “apteçka”dan-zaddan söhbət getmir. Bunlar yalnız maşının istismarı zamanı lazım olan şeylərdir. Yəni ola bilər ki, sən maşını kiməsə satasan, amma o, həmin maşını sürməsin, aparsın saxlasın gələcək nəsillərinə. Nə vaxt ki, yola çıxar, onda bunlar üstündə olmalıdır.

Bütün bunları eləyəndən sonra Xırdalandakı DYP sənə müayinədən keçməyin haqqında arayış verir. Sən də o arayışla gəlirsən istədiyin Notarius müəllimin yanına. Notarius müəllim sənin avtomobilini satmaq, ya da ki, bağışlamaq ideyanı qeydə alır, təsdiqləyir., müqaviləni verir. Kimə ki, maşını bağışlayırsan, o adam müqavilə ilə gedir DYP-yə, öz adına nömrə, texpasport alır və sürüb çıxıb gedir.

Bütün bunları mənə məktəbdə öyrətməyiblər ki. Sadəcə, oxuyanda gördüm bunları. Oxuyun, mənim əzizlərim, oxuyun. «Oxu» əmri Allahdan gəlib.


Teqlər:  





Xəbər lenti