`50-dən çox `reket` baş redaktor həbs olunub` - Millət vəkili

`50-dən çox `reket` baş redaktor həbs olunub` - Millət vəkili
  10 Dekabr 2016    Oxunub:22219
“Jurnalistika adı altında insanları şantaj edib, reketçiliklə məşğul olanlar öz cəzalarını almalıdır. Onlar mətbuatın adına qara ləkədir”
Bunu AzVision.az-a tanınmış jurnalist, deputat Aqil Abbas deyib. DTX-nın reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirən millət vəkili dırnaqarası qələm sahiblərinin KİV orqanlarından kənarlaşdırılmasını təklif edib.

“Jurnalist həmkarlarım DTX-nın əməliyyatlarını yüksək qiymətləndirir. İnanırıq ki, bu proses davamlı olacaq. Mətbuatı reket ləkəsindən təmizləməyin vaxtı çatıb. Kim hansı cinayəti törədibsə, cəzasını da çəkməlidir. Mətbuat Şurası uzun müddətdir onlara qarşı mübarizə aparır və reketlərin “qara siyahı”ı tərtib olunub. Mətbuat Şurasının xəbərdarlığına məhəl qoymayan KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir. Əvvəllər də bir neçə reket jurnalist həbs olunub. Amma bu həbslər çoxuna dərs olmayıb”.

Deputat bu günə qədər 50-dən çox “reket” baş redaktorun həbs edildiyini vurğulayıb: “DTX-nın keçirdiyi son əməliyyatlar tam başqa istiqamətdədir. Vaxtilə kimlərinsə sifarişini yerinə yetirən, ona-buna ləkə yaxanların həbsi gözlənilirdi. Bu insanlar dəlil-sübutla həbs olunub. Onların indiyə kimi hansı işlə məşğul olduğu az-çox mətbuat cameəsinə bəlli idi. Belə insanlar jurnalistikanı nüfuzdan salmaqla məşğul idilər”.

A.Abbas deyib ki, əvvəllər jurnalist görəndə hörmətlə yanaşırdılar. İndi zaman elə gətirib ki, insanlar jurnalist görəndə iyrənib, qaçırlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti