Dinozavrın kərtənkələ ölümü

Dinozavrın kərtənkələ ölümü
  26 Noyabr 2016    Oxunub:15073
Vüsal Məmmədov

Böyük bir siyasi dövrün sonuncu mogikanı da vəfat etdi. Amma necə?.. Kuba lideri Fidel Kastro öz dövrünü aşmağı, öz zamanından çox yaşamağı bacarmış, amma nəticədə tənha qalan, kərtənkələyə çevrilən dinozavra dönmüşdü...


Artıq onun dünyasından – yəni onu Fidel Kastro edən dünyadan əsər-əlamət qalmamışdı. Sosializm kitabı çoxdan bağlanıb, ikiqütblü dünya düzəni dağılıb, “azadlıq mayakı” sönüb, peşəkar inqilabçılıq romantikası Çe Geveranın şəkilləri kimi ancaq maykalar üçün bəzəyə çevrilib, hətta Amerika ilə barışıq rüzgarları əsir… Yəni Fidelin dünyasından heç nə qalmamışdı, bircə Fidelin özündən başqa… Ki, artıq o da yoxdur.

“Fidel Kastro kim idi” sualına cavab vermək ona görə çox çətindir ki, bu zaman mütləq əvvəlcə “Baxır kimin üçün...” şəklində bir dəqiqləşdirmə lazımdır. Kimin üçünsə o, Amerikanın əlaltısı Batistanı devirən inqilab lideri, kimin üçünsə SSRİ-nin Amerikanın qulağının dibində hakimiyyətə gətirdiyi adamı, kimin üçünsə sosializmin sadiq ideoloqu və əsgəri, kimin üçünsə dünyanın nəfəsini kəsən “Karib Böhranı” kimi təhlükəli tarixi epizodun əsas simalarından biri ola bilər, amma indiki nəsil üçün o, soyuq müharibə illərini və iki superdövlətin qarşıdurmasını xatırladan karikaturalardan biridir.

Hərçənd, etiraf edək ki, bu, haqsız yanaşmadır. Amerikanın düz böyründə 50 il saymazyana şəkildə Vaşinqtona meydan oxumaq sizə zarafat gəlməsin. Ən çox sui-qəsd edilən insan kimi Ginnesin rekordlar kitabına düşmək də həmçinin. Dünyanın bir nömrəli kəşfiyyat orqanı olan CİA onu aradan götürmək üçün 638 dəfə sui-qəsd planı hazırlayır, o isə hər dəfə sağ qalır – bu, az iş deyil. Tutaq ki, bunların bir qismindən sağ çıxmaqda Fidel Kastroya KQB kömək eləmişdi, amma heç də hər dəfə sovet kəşfiyyatı Kastronun yanında olmayıb axı! Burda mütləq taleyin də böyük rolu var – görünür, Kastro nəyə görəsə tarixə lazım imiş...

İş o yerə çatmışdı ki, Kastronun özünü aradan götürə bilməyən Mərkəzi Kəşfiyyat İdarəsi onun obrazı ilə savaşmağı qərara almışdı. Bu gün daha çox lətifəyə oxşayır, amma faktdır ki, CİA-in laborotoriyalarında Fidel Kastronun saqqalına daraşdırmaq üçün xüsusi bit növü hazırlamaq planı üzərində ciddi iş gedirmiş. Sonrası necə olub, bilmirik.

Fidel Kastro 50, 60, 70, hətta 80-ci illər üçün nəhəng fiqur idi. Kiçik ölkənin böyük siyasətçisi. 80-ci illərin sonlarında SSRİ-də başladılan yenidənqurmanı pisləməsi və “sosializm ideyalarına xəyanət” adlandırması təsadüfi deyildi – görünür, o, bilirdi ki, bununla öz dövrünün sonu gəlir.

Yeni başlayan dövrdə Fidel Kastro avtomatik olaraq çox balaca bir fiqura çevrildi. Amma balaca Kastro və onun balaca ölkəsi ABŞ-ın qabağında nəhəg SSRİ-dən çox dayanmağı bacardılar – bu, faktdır. Bu mənada Kastro SSRİ-yə qalib gəldi, ABŞ-a isə ən azı, uduzmadı. Necə ki, dinozavrlar heç kimə məğlub olmamışdılar, sadəcə, onların vaxtı keçmişdi.

Kastro 1956-cı ildə Çe Gevara və bir dəstə inqilabçı ilə Kuba sahillərinə çıxanda xəbəri yox idi ki, tarixin yanlış qapısından içəri girir. Amma qalan hər şeyi düz və əsl komandanteyə yaraşan şəkildə etmişdi. Tərəfini tutduğu ideyanın, olduğu düşərgənin uduzmağında onun heç bir günahı yox idi.

...Siz kərtənkələ görəndə ancaq kərtənkələ gördüyünüzü fikirləşirsiniz. Amma bir anlıq düşünün ki, onlar dinozavr nəslindəndirlər. Sadəcə olaraq, indi dövr dinozavrların dövrü deyil. İnqilabçı-romantiklərin dövrü olmadığı kimi.


Teqlər:  





Xəbər lenti