QHT rəhbərləri prezidentin fərmanını alqışlayır

QHT rəhbərləri prezidentin fərmanını alqışlayır
  22 Oktyabr 2016    Oxunub:3597
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərman imzalayıb.
Fərmanda bildirilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.

Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə imzalanıb.

Fərmana əsasən 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilib.

Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, prezidentin fərmanı Azərbaycanda bu sahədə şəffaflığın davam etməsi mühüm əhəmiyyətə malikdir.

“Prezident tərəfindən imzalanan fərmanı olduqca müsbət qiymətləndirirəm. Çünki, bu, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına kömək edəcək. Yəni, Azərbaycanda bu sahədə şəffaflığın dava etməsi üçün lazımlı fərmandır. Kimin nə deməsindən asılı olmayaraq, bu addımı müsbət qiymətləndirirəm. Bu fərman iki il ərzində vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran prosesi aradan qaldıracaq və vətəndaş cəmiyyətinin inkişafına yol açacaq”.

Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun fikrincə, qrantlarla bağlı fərman QHT-lərin işini asanlaşdıracaq: “Bu, olduqca əhəmiyyətli bir fərmandır. Bu fərmanla QHT-lərin qrant almaları asanlaşacaq. Bu isə onların öz layihələrini həyata keçirmək üçün maliyyə ilə daha rahat təmin olunması deməkdir. Ümumən fərman vətəndaş cəmiyyətinin inkişafına böyük imkanlar yaradır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti