İlham Əliyev Nikolas Maduro ilə görüşdü - FOTOLAR (Yenilənib)

İlham Əliyev Nikolas Maduro ilə görüşdü - FOTOLAR (Yenilənib)
  22 Oktyabr 2016    Oxunub:3437
Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.



Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşılayıb.



Fəxri qarovul dəstəsinin rəisi Venesuela Prezidentinə raport verib. Venesuelanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Venesuela Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.



Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdiriblər.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə məhdud tərkibdə görüşü olub. Prezident İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğuladı.

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını dedi. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirdi. Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela Prezidentinə məlumat verdi. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğuladı.

Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti