`Qarabağ danışıqları davam edir` - Məmmədyarov

`Qarabağ danışıqları davam edir` - Məmmədyarov
  29 Sentyabr 2016    Oxunub:1355
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib. Onun sözlərinə görə, həmsədrlər həm Azərbaycan, həm də Ermənistana gedəcəklər: “Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Həmsədrlər oktyabrda regiona səfər edəcəklər. Çox güman ki, səfər oktyabrın 2-ci yarısı olacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir. Ola bilsin ki, ondan sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təklifləri irəli sürəcəkləri müəyyənləşəcək”.

XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə etdiyini bildirib: “Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olundu ki, bir də görüşmək lazımdır ki, məsələni irəli aparaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq"-deyən nazir danışıqların davam etdirildiyini vurğulayıb: "Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək, sonra bu barədə mətbuata məlumat verək".

Nazir həmçinin təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsinə də münasibət bildirib: "Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir. Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər",

AzVision.az


Teqlər:  





Xəbər lenti