`Almaniyada Azərbaycanı prezidentə görə tanıyırlar` - Müsahibə

`Almaniyada Azərbaycanı prezidentə görə tanıyırlar` - Müsahibə
  24 Sentyabr 2016    Oxunub:11318
`Avropada insanlar orta əsrlərdə parovoz düzəldəndə, bizimkilər çəmənlikdə qaçan qızlara şer qoşurdular`.
AzVision.az-ın müsahibi Almaniyada təhsil alan və bu ölkədə stomatoloq işləyən gənc mütəxəssis Vüsal Zeynallıdır.

-Əvvəlcə sizi tanıyaq. Vüsal Zeynallı kimdir?

-Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam və anam bioloqdur. Ailədə iki qardaş, bir bacıyıq. Bacım Türkiyədə stomatologiya, qardaşım isə ABŞ-da politologiya üzrə təhsil alıb.

Orta təhsili Bakıda almışam. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişəm. Daha sonra Türkiyənin Ankara Universiteti, Almaniyanın Aaxen və Heidelberg Universitetlərində ali və ixtisaslaşma və elmi müdafiə pillələri üzrə təhsilimi davam etdirmişəm.

- Necə oldu ki, Almaniyaya getdiniz?

- 2004-cü ildə ATU-nu bitirdikdən sonra xaricdə təhsil almaq üçün araşdırmalara başladım. Azərbaycanda aldığım təhsillə kifayətlənmək istəmirdim, daha mükəmməl təhsil almaq üçün xaricə getmək istəyirdim.

Qardaşım Amerikada təhsil aldığı üçün, valideynlərim mənə xaricdə oxumağa maddi dəstək verə bilmirdilər. Amma getməkdə israrlı idim. Əvvəlcə Türkiyəyə yollandım. Yay tətilində Ankara Universitetində təcrübə keçməyə başladım. Orada bir sıra dəyərli elm adamları ilə tanış oldum. Onlar Almaniyada təhsil almaq haqda mənə faydalı məlumatlar verdilər. Almaniyada tibbi təhsil pulsuz olduğundan bu ölkəyə getmək əlverişli idi. Həm də Almaniyanın Heidelberg universiteti tibb üzrə dünyanın ən yaxşı 5 universitetindən biri sayılır.

Türkiyədən Bakıya qayıdıb, hazırlıqlara başladım. Tez bir zamanda alman dilini öyrənib, imtahan verdim və universitetlərə müraciət etmək haqqı qazandım. Beləcə, Almaniyada Heidelberg Universitetinə qəbul oldum və təhsilimi orada davam etdirməyə başladım. Eyni anda Təhsil Nazirliyinə təqaüd almaq üçün müraciət etdim. TQDK imtahanında topladığım balım və ATU-dakı qiymətlərim yüksək olduğu üçün mənə asanlıqla təqaüd ayrıldı və həmin pulla təhsilimi davam etdirdim.

Heidelberg Universitetində oxumaq çox çətindir. Başlanğıcda mənə çətin gəlirdi. Təqaüd almağın şərtlərindən biri də yüksək qiymətlərlə universiteti bitirmək idi. Ona görə hansısa dərsdən kəsilmək şansım yox idi.

- Təhsili başa vurduqdan sonra ölkəmizə niyə qayıtmadınız?

-2015-ci ildə Heidelbergdə ali təhsili başa vurduqdan sonra doktorluq dissertasiyasına hazırlaşdım. Bu yaxınlarda Düsseldorf Universitetində mikroskopik endodontiya üzrə yüksək ixtisas almağa başlayacağam. Bundan başqa bir sıra konfranslarda və ixtisasartırma kurslarında referentlik edirəm. 2017-ci ildə Bakıda 3 kurs və konfransda mühazirə demək üçün dəvət olunmuşam. Bundan əlavə internetdə həmkarlarıma kömək üçün çətin müalicə edilən xəstəliklərdə və vəziyyətlərdə çıxış yolları təklif edən və elmi işlərimi təqdim edən səhifə açmışam Bu səhifəyə görə alman həmkarlarım arasında qısa zamanda populyarlıq qazandım.

-Azərbaycana tez-tez gəlirsinizmi?

-Hər il Azərbaycana gəlirəm. Öz ölkəmi çox sevirəm. Çalışıram işimlə, sənətimlə ölkəmi dünyada tanıdım.

-Hazırda işləriniz necədir?

- Hazırda yaşadığım şəhərdə kiçik bir klinikada stomatoloq işləyirəm. Bir neçə ay sonra Frankfurt şəhərində şəxsi klinikamı açmağı planlaşdırıram. Burada klinika açmaq çətindir. Buna görə uzun müddət işləmək, pul yığmaq lazımdır. Hazırda bütün diqqətimi bu işə cəmləmişəm. klinikam 2017-ci ilin sonlarına kimi hazır olacaq.

Məqsədimiz Almaniyanın və dünyanın ən öndəgedən ağız xəstəlikləri üzrə klinikanı açmqdır. Biraz pafoslu səslənsə də, klinika açmaq üçün bir neçə milyon avro xərcləmək lazımdır.

Azərbaycanda təxminən 1 il işləmişəm. Əlbəttə ki, Azərbaycanla Almaniya arasında ağız gigiyenası və sağlamlığı cəhətdən yerlə göy qədər fərq var. Almaniyada sağlamlıq sistematik cəhətdən uşaqlıqdan dövlət tərəfindən insanlara öyrədilir. Burada səhiyyə sistemi o qədər inkişaf etmiş və dərindir ki, müsahibə ərzində bu haqda danışsam saatlar çəkə bilər.

Almaniya sosial dövlət olduğu üçün burada hər şey pulsuzdur. Məsələn, Azərbaycanda xərçəngə tutulan insanı müalicə üçün minimum 100 min manat pul lazımdırsa, buranın vətəndaşı tam pulsuz həmin müalicəni ala bilər.

-Ölkələrimizin təhsil sistemi arasında hansı fərqlər var?

-Hərdən məndən soruşurlar ki, “orada təhsil yaxşıdı?” . Cavab olaraq Almaniyanın ilk universitetinin qurulma ilini (1386) bir də bizim ilk universitetimizin qurulma ilini xatırladıram (1919). Bu, iki ölkə arasındakı elmin inkişaf differensi 600 ildir. Almanlar orta əsrlərdə paravoz düzəldəndə, bizimkilər çəmənlikdə qaçan qızlara şer qoşurdular.

-Yaxşı həkim olmaq üçün mütləq Avropaya getmək lazımdır?

-Etiraf edim ki, yaxşı həkim olmaq üçün xaricdə təhsil almaq lazımdır. Söhbət yaxşı həkimdən gedir.

-Xəstələriniz arasında məşhurlar olurmu?

-Almaniya böyük ölkə olduğundan buradakı məşhur insanlar gizlənməyə çalışırlar. Onlar çox az hallarda ictimai yerlərdə görünürlər. Amma bir müddət əvvəl futbol üzrə Almaniya millisinin üzvü Sami Xedira bizim klinikaya gəlmişdi. Onun müalicəsi ilə mən məşğul oldum.

-Sizcə, xaricdə təhsil alan gənclər niyə ölkəyə geri qayıtmırlar?

-Mən mütləq qayıdacağam. Hazırda burada imkanlar o qədər yüksəkdir ki, fürsəti əldən qaçırmamaq üçün işləmək lazımdır. Məncə, xaricə gələn tələbələr yaxşı iş tapdıqdan sonra ölkəyə qayıtmaq istəmirlər. Həm də Avropa həyatı bir qədər fərqlidir.

Qeyd edə bilərəm ki, burada böyük layihələrim var. Hazırda stomatologiya haqda kitab yazıram. Bu kitabın elmdə rezonans doğuracağına inanıram.

- Həkimin maaşı nə qədər olmalıdır?

-Almaniyada maaşlar yaxşıdır, amma çox da yüksək deyil. Azərbaycanda maaş bura ilə müqayisə oluna bilməz.

-Almanların ölkəmizə qarşı münasibəti necədir?

-Düzünü desəm, Almaniyada çox az adam Azərbaycanı tanıyır. Ölkəmizi “Eurovisin”da qalib olmağımıza, bir də prezident İlham Əliyevə görə tanıyırlar.

Gənclərə məsləhətim odur ki, universitet vaxtı və sonra öz üzərlərində işləsinlər. Elmin arxasınca getmək lazımdır. Bundan sonra faydasını görəcəklər.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti