`İntihar edənlərə ürəyiniz yanmasın` - Ləman Ələşrəfqızı yazır

  16 Mart 2017    Oxunub: 93000

Bir dəfə gənc yazarlarla bağlı süjet hazırlayırdım, zəng vurdum Mövlud Mövluda. Dedim bu mövzuda sizi çəkə bilərəmmi? Dedi ki, əlbəttə olar. Amma siz çəkilişə gələnə qədər ürəyim dözməyəcək, olar, sizə telefonda bir sual verim? Dedim, ver. Dedi ki, siz niyə o vaxtlar Əbülfəz Elçibəyə sərt suallar vermisiz?

Dedim, sizə kim deyib bunu? Dedi ki, Bəybala filankəsov bir kitab yazıb, orada oxudum. Dedim, zərərli kitablar oxuma, gənc. Bir də ki, mən jurnalistəm. Mənim vəzifəm sərt suallar da verməkdir, yumşaq suallar da. Bundan kimə nə? Hiss elədim ki, bunu deyə-deyə özüm də sərtləşdim və beləcə Mövludla müsahibəyə getmədim.

Hərçənd, onun hekayələrini, yazı tərzini çox bəyənirdim. Mənim davranışım isə qəti bəyənilən deyildi. Bir gənc yazıçının sualını həzm etməmiş, onunla vədləşdiyim müsahibəni birtərəfli pozmuş, qısası, qorxaqlar kimi davranmışdım. Eynən Mövludun bugünkü davranışı kimi!

Bəli, əzizlərim, intihar çıxış yolu deyil. Biz qələm adamları olaraq buna “yox” deməliyik. Acımamalıyıq belə adamlara, onlara ürəyimiz yanmamalıdır, inanın ki, bizim onlara ürəyimiz yandıqca, onlar da özlərini daha çox “yandırırlar”.

Məsələn, Mövludun intihar xəbəri yayılan kimi qos-qoca Kənan Hacı da intihar anonsu yazdı. Niyə? Çünki işsizdir, uzun zamandır iş axtarır. Çünki evsizdir, xəstə halıyla daxmada yaşayır. Amma ona nə iş verən var, nə də ev. O da çıxış yolunu özünü öldürməkdə görür. Dostluğumda bir Emin Akif var. Yazdığı hər status bir köşədir. Amma bu gənc gedib “moyka”da işləyir, tozsorandan çıxan qəpiyin sevincini yaşayır. Hərçənd, kitablarının satışından əldə etdiyi pula sevinməlidir bu gənc yazar. Və yaxud, Kəramət Böyükçöl. Dünənki facebook paylaşımında belə yazıb: “Maaşı alıb borc verirəm, sonra təzədən borc alıram, gələn maaşla da bu borcları bağlayıram. Beləcə, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoya-qoya ömrü-günü yola verirəm. Ən əsası isə odur ki, iki daşın arasında xoşbəxt olmağı da bacarıram”.

Eyni problemləri görünür, Mövlud da yaşayırdı. Amma bu qədər problemlərin qabağında o, Kəramət kimi xoşbəxt olmağı bacarmadı. Yeri gəlmişkən, deyəsən, Kəramət onun ən yaxın dostu olub. Çünki, bu yaxınlarda Böyükçölün belə bir qeydini oxuyub çox təəssüflənmişdim. Azərbaycanın gənc qələm adamları niyə həyatsevər yox, araqsevərdilər deyə. Niyə gecələri evlərində yox, küçələrdə keçirilər deyə.

Kəramət yazmışdı: “Bir dəfə dostum Mövludla düz səhərə qədər içdik. Araq, üstündən pivə, sonra yenə araq, yenə pivə, siqaret... O qədər içdik ki, axırda kafe sahibi dilə gəldi. Çıxıb Sahil metrosunun yanı ilə üz qoyduq Tarqovıya tərəf. Orada bir binada təmir gedirdi, işçilər çıxıb getmişdi, binanın da qabağında sarı rəngdə bir sement arabası. Mühafizəçi elə bil qış yuxusuna getmişdi. Arabanı mühafizəçinin gözündən oğurladıq, sürüb xeyli irəli getdik. Gecə saat üç olardı, bəlkə dördə işləmiş. Mövlud mindi arabaya, mən də sürdüm düz Kukla Teatrının yanına kimi. Sonra mən oturdum arabaya, Mövlud sürdü. Yolun qırağı ilə yavaş-yavaş getdik İçərişəhər metrosunun qabağına. O gecəni bütün şəhəri gəzdik həmin arabayla, bir-iki yerdə saxlayıb pivə də içdik. Pivədən sonra oturub arabamıza, yavaş-yavaş başladıq türkün məsəli, biri-birimizi sürməyə. Hərlənib yenidən arabanı götürdüyümüz yerə gəlib çıxdıq. Gördük mühafizəçi şirin-şirin yatır. Dinməzcə arabanı yerinə qoyub, marketdən adama bir-iki pivə alıb getdik üzü bulvara. Dənizin qırağında daşın üstündə oturub ayaqlarımızı da salladıq aşağı. Uzun-uzun söhbət elədik, keçmiş sevgilərimizi, xüsusən bizi atan qızların kimlərə ərə getdiyini xatırladıq. Mövludu qəfil ağlamaq tutdu, boynumu qucaqlayıb hönkürdü. Onu tək qoymamaq üçün mən də ağladım. Səhərə yaxın idi. Hava azca işıqlaşmışdı. Hərəmiz bir taksiyə minib, sağollaşıb ayrıldıq. Evə çatan kimi yıxıldım çarpayıma, çarpayım tabuta oxşayırdı. Birdən telefonuma Mövluddan mesaj gəldi: “Məni o araba ağlatdı”.

Bəlkə də uşaqlıqda mindiyi araba, bəlkə də gəncliyinin araba, maşın arzusu ağlatmışdı onu, bəlkə də sadəcə, araq.Amma hər nə isə, kökü problemlərdən qaynaqlanır. O problemlərdən və o qədər problemlərdən ki, içməsən öhdəsindən gələ bilməzsən. Yəqin ki, Mövlud özünü 17-ci mərtəbədən atanda da içkili olub. Yoxsa, ayıq başla bu onu etməzdi. Başa düşərdi ki, özünü öldürmək qəhrəmanlıq deyil. Özünü öldürənlər yaddaşlarda qəhrəman kimi qalmırlar. Yazıçı olan bir adam gərək bunu düşünəydi. Yox, əgər istənilən halda məqsədi özünü öldürmək idisə, gedib cəbhədə beş–on erməni öldürər, özü də qəhrəmanlıqla ölərdi. Mübariz İbrahimov, Çingiz Qurbanov kimi. Bu, həm yaxşı bir nümunə olar, həm də Mövludu hər kəsin gözündə ucaldardı.. Mİllətinin də, oğlu Ucalın da. Heyf səndən, Mövlud. Özünü atdığın o yüksəklik sənin hədəfin, ucalmaq istədiyin yer olmalıydı. Çox heyf.

Teqlər: #İntihar