Cəbhədən xəbərsiz jurnalistlər – Günay Arda yazır

  01 Mart 2017    Oxunub: 20402

Media hər şeydə günahkardır. Bütün pisliklərin səbəbkarı jurnalistlərdir. Cinayətlər ona görə var ki, artıq baş vermiş cinayəti media işıqlandırıb. Narkomaniya ona görə var ki, jurnalistlər narkomanların sayından yazır. Bu siyahını uzatmaq olar. Jurnalistlər qınaq obyektidir, təhqir hədəfidir.

Mağazada satıcıdan qalığını tələb etməyə hünəri çatmayan adamlar hər fürsətdə jurnalistləri rahatlıqla təhqir edə bilir. Bunu hətta uzun illər əvvəl mediaya gəlmiş, lakin gəlməkdən başqa bir iş görməmiş adamlar da edir. Onlar mütəmadi olaraq müasir medianın səviyyəsizliyindən şikayətlənirlər: “Yaxşı təbliğ etmirsiniz, yaxşı çəkə bilmirsiniz, yaza bilmirsiniz”. Bilmirik, bilmirik. İllərlə qəzetdə, televiziyada işləmisiniz. Hansı məktəbi qoymusunuz ki, davam edə bilmirik? Hansı yazıları yazmısınız ki, indi biz baxıb öyrənək? Yoxdur.

Belə adamları kimsə inandırıb ki, köhnəlik həm də keyfiyyət göstəricisidir. Əgər onlar uzun illər əvvəl televiziyaya, mediaya gəliblərsə, bir baş üstündürlər. Sırf yaşlarının çoxluğuna görə onlara minnətdar olmalıyıq. Biz yalnız bu qisim insanların valideynlərinə minnətdar ola bilərik. O səbəbdən ki, bu qədər yekəxana, dəxlisiz insanları bizimlə yaşıd doğmayıblar.

Hazırda saytlar, elektron media televiziyanı çoxdan geridə qoyub. Saysız-hesabsız diletantlar, “obıvatel”lər olsa da elektron medianın inkişafını, sürətini danmaq olmaz. Oxucu narazıdır. Azərbaycan mediası onun istədiyi sürətdə xəbər əldə edə bilmir. Niyə? Çünki media bacarıqsızdır. Biz işləyə bilmirik. Xəbər almaq qabiliyyətimiz yoxdur.

Qısa xatırlatma etmək istəyirəm. Nardaran hadisələri zamanı Bakıda yarıfövqəladə vəziyyət yarandı. Nardaranla bağlı hər saniyə, hər xəbər vətəndaşlara vacib idi. Xəbər, informasiya gecikdimi? Yox. Nardaranda baş verənləri media vaxtında oxuculara çatdırdı. Jurnalistlər istədikləri vaxt Daxili İşlər Nazirliyinin, keçmiş MTN, hazırkı DTX-nın mətbuat xidmətinə zəng edib informasiya ala bildi. Müasir jurnalistika ümumiyyətlə polislə işləməyi çoxdan öyrənib. Xırda xuliqanlıqdan tutmuş, ən qəddar cinayətlərə qədər asanlıqla informasiya əldə edə bilirik. Yerli məhkəmələr, Ali Məhkəmə jurnalistlərin üzünə açıqdır. İstədiyimiz arxiv və sənədlərlə müraciət əsasında tanış ola bilirik. Müasir media üçün ən qaynar nöqtələr də əlçatandır. Juranilstlər cəbhə bölgəsinə çəkilişə gedir. Qorxmadan, çəkinmədən çəkiliş aparır. Yerli camaatla ünsiyyətə girir. Azərbaycan jurnalistləri Maydandan, Gəzidən, Mosuldan çəkiliş edib informasiya verir. Demək ki, o qədər də səriştəsiz, bacarıqsız deyil.

Amma bircə məsələdə oxucu haqlıdır ki, o da tam bizdən asılı məsələ deyil. Biz ölən əsgərlərimizin siyahısını, adını düşmən mətbuatından oxuyuruq. Bu məsələdə də vaxtında xəbər yaya bilərik, amma Müdafiə Nazirliyini gözləyirik. Niyə? Cəbhədə döyüş gedir. Dezinformasiya yayılır. Dezinformasiya üçün ən münbit şərait rəsmi qurumların susduğu vaxtdır. Azərbaycanın düşmənləri bu situasiyadan faydalanır. Məlumatsızlıq döyüşlərin getdiyi vaxtda bizə yalnız zərər verir.

Biz hərbiçi deyilik. Hərb qaydalarını bilmirik. Hərbi sistemin ali vəzifəsi sərhədləri qorumaqdırsa, jurnalistin məqsədi vaxtında doğru və operativ məlumatlandırmaqdır. Qarabağ, sərhədlər, ordu hamı üçün müqəddəsdir. Biz, təkcə jurnalist deyilik. Həm də azərbaycanlıyıq, həm də vətəndaşıq. Bizim də ürəyimiz cəbhədə döyünür. Biz də şəhid olan, yaralanan hər əsgər üçün göz yaşı tökürük. Bizim də ciyərlərimiz yanır. Odur ki, cəbhədən gələn hər xəbər hava kimi, su kimi vacibdir. O xəbər bir evə göz yaşı, kədər, gətirirsə, digər evə övladının sağ olduğunun müjdəsini verir.

Refleks hərəkətə keçəndə vicdan bütün imkanlarını itirə bilir. Xəbər vermək refleksdir. Reflekslə vicdanı yanaşı aparmaq üçüb münbit şərait olmalıdır.

25 ildir ki, torpaq həsrəti ilə yanırıq. 25 ildir ki, qələbə xəbəri gözləyirik. Biz geri qayıdan hər qarış torpağın sevincini yaşamaq istəyirik. Oxucu bu xəbəri yerli mediadan almaq istəyir. Bizim həm vətəndaş, həm də media mənsubu kimi informasiya almaq haqqımız var. Biz hərbi sirr yox, müntəzəm məlumat istəyirik. Səriştəsizliyimiz kimi dəyərləndirilən məlumatsızlıq bizim günahımız deyil.

P.S: Sovet istehsalı olan “Müharibəsiz 20 gün” filminə baxın. Tarix bizə də belə bir film çəkmək şansı nəsib etsin.

Teqlər: #Media   #Cəbhə   #Jurnalistika   #Ordu